четверг, 30 сентября 2010 г.

Bakı Fond Birjasının 10 yaşı tamam oldu





Samir Şərifov: "Fondun yaranması Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına müsbət təsir edib"
Dünən paytaxtda Bakı Fond Birjasının 10 illik yubileyi ilə əlaqədar "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirin təşkil edilməsində əsas məqsəd yerli bazar üçün yeni hesab edilən və dünyada geniş tətbiq olunan kollektiv investisiya mexanizmlərinə dair ətraflı məlumatlar verməklə kapital bazarının populyarlaşdırılması və kollektiv investisiya alətlərinin bazarda tətbiqi üçün əlverişli zəminin formalaşdırılmasından ibarət idi. Konfransda dünyanın bir sıra ölkəsindən 20-dək beynəlxalq qurumun, birjaların, investisiya şirkətləri və bazar tənzimləyicilərinin nümayəndələri iştirak etdilər.
Konfransda hökumətin iqtisadi blokunu təmsil edən qurumlar, ölkədə akkreditə olunmuş diplomatik korpus, beynəlxalq maliyyə təşkilatları, yerli biznes qurumları, bank, sığorta, lizinq və qeyri-bank kredit təşkilatları, eləcə də bazarın peşəkar iştirakçılarının nümayəndələri iştirak edirdilər.
  Tədbirdə maliyyə naziri Samir Şərifov Bakı Fond Birjasının yaranma zərurəti barədə danışdı: "10 il əvvəl ölkəmizdə birjanın yaranmasına, bu qurumun fəaliyyətinə tələbat böyük idi. Qurum bu illər ərzində bir çox uğura imza atıb. Fondun yaranması Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına müsbət təsir edib". Ölkənin iqtisadi inkişafına da toxunan maliyyə naziri bildirdi ki, son illər dünyada qlobal maliyyə böhranından dolayı iqtisadi sahənin geriləməsinə rəğmən Azərbaycanın rəhbərliyi böhranın ölkəmizdən yan keçməsinə çalışdı. Azərbaycan prezidentinin tapşırığı və xüsusi nəzarəti ilə ölkənin maliyyə bazarında görülən tənzimləmə tədbiri müsbət təsirini göstərib və qlobal maliyyə böhranı Azərbaycana az təsir edib. S.Şərifov həmçinin əlavə etdi ki, qlobal böhran nəticəsində bir çox ölkədə maliyyə böhranı yaranıb, 2009-cu ildə həmin ölkələrdə iqtisadi inkişaf zəifləyib: "Böhran bir çox ölkənin iqtisadi inkişafına ciddi zərbə vurdu ki, nəticədə həmin ölkələr bir neçə il iqtisadi artımı tənzimləyə bilməyəcək. Amma Azərbaycanda böhrana qarşı keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə iqtisadiyyatında heç bir zəifləmə olmadı. Əksinə, iqtisadi yüksəliş, maliyyə gəlirlərində artım hiss edildi. Hətta 2009-cu ildə də Azərbaycan iqtisadiyyatında artım oldu ki, bu da ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin nəticəsidir. 2009-cu illə müqayisədə Azərbaycan iqtisadiyyatında xeyli irəliləyiş olub. 2010-cu ilin 8 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul 3,8 faiz artıb. 8 ay ərzində ölkənin qeyri-neft sektorunda artım neft sektorundakı artıma nisbətən yüksək olub ki, bu da Azərbaycanın neftdən asılılığını azaldır. Son illər ölkənin dinamik inkişafında biznes investisiyalarının artırılmasında bank sektorunun da böyük rolu var. Dünyadakı qlobal maliyyə böhranı ölkənin bank sektoruna da təsirsiz ötüşməyib. Lakin görülən tədbirlər nəticəsində bank sektoruna mənfi təsir aradan qaldırılıb. Artıq Azərbaycan bankları maliyyələrini normallaşdırıb və fəaliyyətlərini əvvəlki qaydada davam etdirir". Konfransda iştirak edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov tədbir iştirakçılarını salamlayaraq BFB-ni yubiley münasibətilə təbrik etdilər və qiymətli kağızlar bazarının inkişafının mövcud vəziyyəti, eləcə də iqtisadiyyatın gələcək inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti, onun maliyyə bazarlarının inkişafında roluna dair fikirlərini iştirakçıların diqqətinə çatdırdılar.
   Sonra BFB-nin Müşahidə Şurasının sədri Cahangir Hacıyev, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və İstanbul Fond Birjasının sədri Hüseyn Erkan mövzuya dair fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Xarici fond birjalarının nümayəndələri, kollektiv investisiyalar üzrə beynəlxalq ekspertlər və nüfuzlu xarici investisiya şirkətlərinin təmsilçiləri öz ölkələrinin müvafiq sahədəki təcrübələrini auditoriya ilə paylaşdılar. Daha sonra QKDK-nın və BFB-nin əməkdaşları tərəfindən Azərbaycanda kollektiv investisiya mexanizmlərinin perspektivləri və fond bazarının arxitekturası barədə çıxışlar dinlənildi. Tədbirin sonunda BFB-nin sədri Xəyal Abdinov kollektiv investisiya mexanizmlərinin yerli bazarda tətbiqinin zəruriliyini və bazarın buna hazır olduğunu qeyd edərək bazarın peşəkar iştirakçılarının, eləcə də bütün maraqlı tərəflərin bu sahənin tətbiqinə öz töhfələrini verəcəyinə inamını ifadə etdi.

www.hafta-ichi.com
Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий