четверг, 7 октября 2010 г.

"Azdrama"nın direktoru: "Teatrın həm yaradıcı, həm də texniki heyəti buraxılacaq"


Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun müsahibəsi
 
2009-2019-cu il üçün Azərbaycan teatr sistemində aparılan islahatlar təkcə teatr binaların təmiri, texniki təchizatın təminatı ilə məhdudlaşmır. Teatr sahəsindəki islahatların aparılması ilə bağlı məlum sənəddə Azərbaycan teatrının 21-ci əsrdə inkişaf istiqamətləri, prespektivləri, həm də yaradıcılıq nöqteyi-nəzərindən islahatı maddə-maddə nəzərdə tutulub…
Ötən aydan etibarən teatrlarımızda növbəti yaradıcılıq mövsümünə başlanıldı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında isə yeni yaradıcılıq mövsümü noyabr ayından start götürəcək. Teatr binasının təmiri artıq başa çatmaq üzrədir və təmir-bərpa, eləcə də inşa işləri, texniki təchizat bütövlükdə Avropa standartlarına tam cavab verir. Yəni, teatr binasında dəyərli, bədii-estetik, baxımlı tamaşaların hazırlanması üçün heç bir texniki çatışmazlıq qalmayıb. Bəs yaradıcılıq sahəsi? Uzun illərdir hər uğursuz tamaşa, uğursuz ifanın əsas səbəbi olaraq texniki imkanların çox aşağı səviyyədə olması ilə əlaqələndirilirdi. Bəs bu problem aradan qaldırıldıqdan sonra hansı bəraətlər olacaq görəsən? Teatrda çalışan yaradıcı heyət, yeni, müasir  maraqlı düşüncəyə söykənən tamaşalar təqdim edə biləcəkmi? Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu və digər suallarımıza Milli.Az portalına müsahibəsində cavab verdi.
- Texniki problemlər demək olar ki, öz həllini tapıb. Teatrda  işləcəyək istər texniki, istərsə də yaradıcı insanların peşəkarlıq səviyyəsinə gəlincə, təəssüf ki, burda ciddi problemlərimiz var. Tamaşanın hazırlığına bilavasitə məsul olan texniki heyətin – mühəndislər arasında yeni texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin sayı azdır. Bu baxımdan yeni kadr hazırlığı, onların peşə yönümündə təkmilləşdirilməsinə ciddi ehtiyac var. Ona görə də, Mədəniyət və Turizm Nazirliyi tərəfindən teatrımızın texniki heyətində çalışanların bir qrupunun təcrübə məqsədilə xarici ölkələrə göndərilməsi nəzərdə tutulur. Digər tərəfdən, teatr deyəndə biz, daha çox səhnədə görünənləri nəzərdə tuturuq. Səhnədə görünənləri bizə təqdim edən əsasən aktyor heyətidir. Akademik Milli Dram Teatrının aktyor heyətinin son on illik fəaliyyətini, oynanılmış tamaşaları sərf-nəzər etsək, aktyorların sənət məharətinə, yaradıcılıq səviyyəsinə, tamaşaların bədii-estetik tutumluğuna yönəlmiş giley-güzarın, qınaqların, narazı salan məqamların qat-qat çox olduğunu görərik. Bu ciddi iradlar əlbəttə ki, müəyyən mənada obyektivdir. Həm mütəxəssislər, həm də teatral tamaşaçılar tərəfindən uzun illərdir ki, bilavasitə teatr sənətimizlə bağlı fikirlər yürüdülür, müxtəlif mətbu orqanlarında məqalələr dərc olunur, hətta bəzi hallarda həyəcan təbili belə çalınırdı. İndi nə etmək olar? Bütün dünya teatrlarında, istər Avropanın, istər də MDB-nin aparıcı teatrlarında olduğu kimi Azərbaycan teatrlarında da nəsil dəyişir, yaşlı nəsil gənc nəsillə əvəzlənir. Ancaq bu, təbii dalğavarilik prinsipi Azərbaycan teatrında pozulub. Bir dəstə yaşlı nəsil ya dünyasını dəyişib, ya da müxtəlif səbəblər - səhhətindən,  yaradıcılıq potensialının tükənməsindən dolayı teatrdan uzaqlaşıb. Və bəlli olub ki, yaşlı nəsli əvəz etməyə, onların yerini tutmağa gənc nəsl hələ hazır deyil. Digər tərəfdən aktyorların müəyyən hissəsi, idmançıların təbirincə desək, formalarını itiriblər. Yeni yaradıcılıq formasına nail olmaq üçünsə xeyli vaxt lazımdır.
Bundan başqa, yaradıcılıq baxımından tamamilə dözülməz olan xeyli sayda kompromislərə, güzəştlərə yol verilib. Yəni, yaradıcılıq tələbkarlığı azalıb. Teatrda akademik teatr səviyyəsi aşağı salınıb. Repertuar seçimi müəyyən mənada hər hansı bir səviyyə, hər hansı bir meyara uyğunlaşdırılmayıb, burda da bir pərakəndəlik, uğursuzluq özünü göstərməkdədir. Bu da nəticə etibarilə aktyor və rejissor sənətini cırlaşmağa gətirib çıxarır. Mövcud hal əlbəttə ki, uzun müddət bu şəkildə qala bilməzdi. Bu baxımdan islahatlar artıq ictimai bir ehtiyac kimi yetişmişdi. Dövlətin də bu məsələyə münasibəti birmənalı oldu. 2009-2019-cu il dövlət proqramının həyatı keçirilməsi artıq zamanın tələbidir.

- Akademik Milli Dram Teatrının açılış mövsümü noyabrda başlasa da, yaradıcılıq prosesi yanvara qədər davam edəcək. Yəni, yanvar ayında direktor istisna olmaqla teatrın bütün yaradıcı və texniki heyətinin işinə xitam veriləcək. Yeni kadrın, truppanın formalaşması ancaq müsabiqə yolu ilə olacaq.  Mümkünsə bu barədə ətraflı məlumat verin.
- Bəli, cari ilin sonunda – yanvar ayında teatrın həm yaradıcı, həm də texniki heyəti buraxılacaq. Təbii ki, kompensasiya olaraq yanvar və fevral aylarının əmək haqları da ödəniləcək. Yeni heyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində keçirilən müsabiqə yolu ilə yığılacaq. Bu müsadiqədə təkcə Akademik Milli Dram Teatrının deyil, eləcə də respublikamızın bütün teatrlarında çalışan aktyorlar və texniki işçilər iştirak edə bilərlər.

- Komissiya heyətinin üzvləri bəllidirmi?
- Həllik yalnız onu deyə bilərəm ki, komissiyanın tərkibində mən – Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və Mədəniyyət və Turizm Nazirilyinin müavini Ədalət Vəliyev olacaq. Komissiyanın digər üzvləri və ümumilikdə müsabəqənin şərtləri barədə təbii ki, mətbuatda ayrıca elan olunacaq.

- Seçim prosesi necə keçiriləcək? Müsahibə yolu ilə, yoxsa şəxsin kartotekasına, təcrübəsinə baxıb komissiya üzvlərilə birgə qərar verəcəksiniz?
- Televiziya kanallarında olduğu kimi nə ictimaiyyətin müzakirəsinə veriləcək, nə də sms-lə müəyyən olunacaq. Hər bir aktyorun yaradıcılıq bioqrafiyası, repertuarda tutduğu yer, nəzərdə tutulmuş çıxış normaları, oynadığı rolların ictimai şüurda yeri, qazandığı uğurlar… Texniki heyətin də həmçinin peşəkarlıq səviyyəsi, peşə hazırlığı, təcrübəsi, səriştəsi, gördükləri işlər nəzərə alınacaq. Mən hələ ki, konkret bir şey deyə bilmirəm. Çünki, hələ komissiya üzvlərilə yığışıb bunu müzakirə etməmişik. Hər şeydən öncə komissiya yığılmalı, prinsiplər müəyyənləşdirilməlidir. Bu istiqamətdə hələ ki, hazırlıq işləri gedir. Sərəncam var və bu artıq yerinə yetirilməlidir.

- Sizcə, teatrda pozulmuş harmoniyanın bərpası mümkün olacaqmı?
 - Hər halda biz buna çalışacağıq.

- Yeni formalaşmış kadrlar müqavilə sistemi üzrə işləyəcəklər, yoxsa...?
- Truppaya qəbul olunan aktyorlar, hətta texniki heyətlə 1 teatr mövsümünə müqavilə nəzərdə tutulub. Rejissorlar da həmçinin, həm yerli, həm də kənardan dəvət olunmuş  rejissorlarla 1 tamaşanın hazırlığı üçün müqavilə bağlanacaq. Uğurlu olduğu təqdirdə ikinci tamaşa üçün də əməkdaşlıq olacaq. Ümumilikdə, bir teatr mösümündə 4-5 tamaşa hazırlanır və əgər aktyor özünü həmin tamaşada göstərə, öz bədii yaradıcılıq potensialını büruzə verə bilərsə, ikinci il mövsüm üçün də müqavilə bağlanacaq. Əks təqdirdə, əməkdaşlıq bitmiş olacaq.

- Müsabiqə zamanı fəxri adlar rol oynayacaqmı?
- Qətiyyən. Fəxri adlar, həmin şəxsin müəyyən illər boyu göstərdiyi xidmətlərinə, yaradıcılıq uğurlarına görə verilir. Məsələn, hesab edin ki, bir idmançı dünya və ya olimpiya çempionu olub. Bu, onun həyatının sonu deyil ki. O, yenə də yarışa çıxmalı, yenə də öz  gücünü, çempionluğunu, birinciliyini təsdiq eləməlidir. Fəxri adları da bu şəkildə qəbul eləmək lazımdır.
 
- Bəs şəxsi münasibətlər, tanışlıq kimi amillərin müsabiqədə yol verilməyəcəyinə kim zəmanət verə bilər?
- Əvvəla komissiya üzvləri arasında teatrdan təkcə mən olacağam. Şəxsən siz, məni universitetdə təhsil aldığınız  illərdən tanıdığınızdan belə şeylərə yol verməyəcəyimi də bilirsiniz. Digər tərəfdən bütün bunlar Azərbaycan teatrının rifahı naminə edilir. Dövlət bizə yüksək səviyyədə təchiz olunmuş  teatr binası verir. Qalır bu teatrda işləyəcək insanların, peşəkarların sırasını möhkəmlətmək. Belə halların olub-olmaması zəmanətinə gəlincə, belə bir deyim var: «Kələklə gələn küləklə gedər». Kimsə saxta yolla gəlsə belə, onun 1 illik ömrü var. Bir illik müqavilə  gələcəyə, prespektivə heç bir qarant deyil. Teatr açıq meydandır, yaradıcılıqdır. Aktyor səhnəyə çıxmalıdır, oynamalıdır. Bu isə səhnə arxasında qalacaq bir şey deyil. Əgər biz güclü bir aktyor ansamblı formalaşdıra biləcəyiksə, onun içindəki xaric səs, qeyri-istedad sahibi mütləq özünü büruzə verəcək. Beləsinin də dövrü çox uzun çəkmir. 

- Teatrda əmək haqqların 800-1200 AZN arası olması haqda deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
- Bu hələ ki, arzudur, hansı ki, real olmasına çalışırıq. Akademik Dram Teatrında işləyən aktyor yüksək dərəcəli maaşla təmin olunmalıdır ki,  yalnız səhnə yaradıcılığı ilə məşğul olsun. Heç olmasa, ən azından yaxın 2-3 ildə özünü tamamilə teatra bağlasın. Və bunu normal qəbul eləmək lazımdır. Hər kəsə bəllidir ki, aktyor teatrdan aldığı maaşla dolana bilmədiyi üçün məcburdur ki, digər fəaliyyət sahələrinə – dublyaja, telekanallara, radiolara, kinostudiyaya, ən pis halda tamadalığa üz tutur. O, öz sənətini başqa yerlərdə önə gətirir ki, yaşayışı, güzəranı, sosial vəziyyəti yaxşılaşsın, məvacibi qənaətbəxş olsun. Və aktyor bunu nəyin hesabına edir? Teatrdakı yaradıcılığının hesabına. Yəni, teatrdakı fəaliyyətindən kəsir. Aktyorların bir qismi isə pedaqoji fəaliyyətilə məşğuldur. Bu da müəyyən vaxt, enerji aparır. Ancaq bu enerji, vaxt daha çox teatr işinə verilsə, məşğuliyyətlərinin faydalı iş əmsalı artar və təbii olaraq yaradıcılıq prosesinə yeni, faydalı impulslar verər.

- Teatrda baş rejissorun olmayacağı haqda fikirləriniz hələ də öz qüvvəsindədir?
- Baş rejissor təkcə vəzifə deyil, həm də liderlikdir. Dünyanın istənilən teatrında bu belədir. Teatrın yaradıcı xəttini, onun inkişaf strategiyasını müəyyən eləyən bir liderə hər zaman ehtiyac olur. Baş rejissor bütövlükdə teatrın bir neçə illik, hətta deyərdim ki, 10 illik inkişafını öncədən planlaşdırır. Truppanı da, repertuarı da konkret yaradıcı məqsədlə formalaşdırır. Bədii-estetik məqsədlər, konsepsiya müəyyən olunur. Yəni, ən xırda detal belə bir-birinə uyğun formalaşdırılır. Bütün düşüncəsi, bacarığı, ruhu, vücudu ilə bu yükü çiynində daşımağa hazır görkəmli yaradıcı bir sima, lider yetişərsə, baş rejissorun olmasının heç bir zərəri yoxdur, əksinə faydası var. Təəssüf ki, bu gün Azərbaycan teatrının başlıca problemlərindən biri də belə lider rejissorların olmamasıdır.  Ancaq bu, yox mənasına da gəlməməlidir. Əlbəttə ki, Azərabycan teatrında Azərpaşa Nemətov, Vaqif İbrahimoğlu, Bəxtiyar Xanızadə kimi istedadlı rejissorlar var. Bu insanlar Azərabycan Teatrını böyük qururla xarici ölkələrdə təmsil eləmək iqtidarındadırlar. Məncə rejissorlar arasında hər hansı bir bölgü, ölçü qoymaq etik baxımdan da düzgün deyil. Çünki, uzun illər uğurla tamaşalar qoymuş, teatrda böyük xidmətləri olmuş rejissorlar var. İndi ola bilər ki, həmin rejissorlar keçmiş uğurlarını təkrarlaya bilmirlər. Bu o demək deyil ki, biz onları götürüb kənara qoymalıyıq. Lakin bu günün, XXI əsrin reallığı, dünya teatr prosesinin tələbləri, meyarları artıq başqadır. Çox istedadı, bacarıqlı, həm intellektual, həm də estetik baxımdan savadlı, Allah vergisi olan bir rejissor hələ lider demək deyil. Liderlik xüsusi bir keyfiyyətdir. Baş rejissorluq həm də «idarə edən» deməkdir. O, truppanı idarə etməklə bahəm, onun məqsədlərini, potensialını da yönəltməyi bacarmalıdır. Burda bir nüfuz məsələsi də var ki, truppa onu yüzdə 95 faiz qəbul eləyir, ona inanır, arxasınca gedir. Görün Azərbaycan teatrında, Akademik Milli Dram Teatrında nə qədər böyük rejissorlar olub. Ancaq üç böyük şəxsiyyətin Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofik Kazımovun adları daha çox çəkilir. Gənc Tamaşaçılar teatrı Zəfər Nemətovun, Musiqili Komediya Teatrı Şəmsi Bədəlbəyli adı ilə tarixə keçdi. Bu baxımdan liderlik, istedaddan, peşəkar rejissuradan başqa əlavə bir xüsusiyyətdir.
Digər tərəfdən, Akademik Milli Dram Teatrında baş rejissorun olmaması əslində yeni bir şey deyil. Vaxtilə Azərbaycanın bəzi teatrlarında baş rejissor olmayıb. Sözlərim elə anlaşılmasın ki, guya baş rejissor vəzifəsinin ümumiyyətlə, ləğv olunmasını istəyirik. Xeyr. Ancaq indi başlıca vəzifəmiz Akademik Milli Dram Teatrını yenidən dirçəltmək, truppanı formalaşdırmaq, mütəxəssislərin təkmilləşməsinə şərait yaratmaq, repertuarı siyasətini qurmaqdır. Önəmli olan Akademik Mili Dram Teatrının simasının, onun fəlsəfəsinin, poetikasının yeni tərzdə təzahür etdirilməsidir. Bunun üçün həm yaradıcı, həm də texniki potensialımız var. Sadəcə olaraq bu potensiallardan yaxşı, faydalı və ali məqsədlər üçün istifadəni bacarmalıyıq. Məqsəd, Azərabycanda, Akademik Milli Dram Teatrında bir neçə unudulmuş yenini bərpa etməkdir. Bu, Ədil İsgəndərovun əmək və yaradıcılıq intizamı, Mehdi Məmmədovun müdrik, pedaqoji recissurası və Tofiq Kazımovun yeni üslublar, yeni axtarışlar, modern dünya teatr fəaliyyətini yaratmaqdır. Bunların sintezinə nail olsaq, yaradıcı heyəti bu məqsədlərə səfərbər edə bilsək, düşünürəm artıq 2012-ci ildə MBD-nini ən yaxşı teatrları sırasına çıxa biləcəyik.   
Sevda Babayeva
http://milli.az

Комментариев нет:

Отправить комментарий