среда, 22 июня 2011 г.

Düşüncəsinin və hərəkətlərinin fərqində olmayan Aleksey Venediktovun "sağlam" şüuru şübhə doğurur

Bir vaxtlar ölkəmizə gələn, Azərbaycanın uğurlu siyasəti, dinamik iqtisadi inkişafı, gözəlliyi, insanların qonaqpərvərliyinə, bir sözlə, Azərbaycanda hər bir sahə ilə bağlı bəh-bəhlə deyilən tərif ənənəsi təəccüblü deyil. Təəccüblü deyil ki, Azərbaycanın sərhədlərini aşan kimi nədənsə «yaddaş itkisi» yaşamağa başlayır. Gözünü yumub, ağzını açanda həm düşüncəsinə, həm də ağlına istər-istəməz şübhələr yaranmağa başlayır. Söhbət ötən ilin qışında «Humanitar əməkdaşlıq üzrə I Rusiya-Azərbaycan» forumunda Bakının qonağı olan «Exo Moskvı» radiostansiyasının baş redaktoru Aleksey Venediktovdan gedir. Hansı ki, hər dəfə bir atmacası ilə özünü gündəmdə tutmağı bacarır.
Onun sonucu «məharəti» Azərbaycan jurnalistlərini ünvanın dediyi təhqiredici ifadə oldu. Yenə də bir dəfə gözünü yumub, ağzını açması ilə bir neçə aylıq gündəmdə qalmasını, bu xəbərdən ruhlanan Ermənistan mətbuatının da bir neçə aylıq mövzu qidasını təmin etdi. Nə qədər gülməli olsa da, bənzər taktika adətən artıq konkret subyektin tükənmə ərəfəsində olur. Görünür, eyni halın əlamətləri Venediktovda müşahidə olunur.
«Exo Moskvı» radiostansiyasının baş redaktorunun birinci müavini Sergey Buntmanın Dağlıq Qarabağa etdiyi səfərilə bağlı «Tipik hadisə» televerilişində Venediktova ünvanladığı suala aparıcının cavabı elə öz səviyyəsinə uyğun tərzdə olub və Azərbaycan jurnalistlərini «sandıq tulası» adlandırıb. Sonra əlavə edib ki, «bizə Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Azərbaycanın Rusiyadakı səfirliyi yox, məhz jurnalist həmkarlarımız hücumlar edir». Bu azmış kimi, «peşəkar» jurnalist «lazım gələrsə, yenidən Dağlıq Qarabağa gedəcəyik və bunun üçün heç kəsin fikrini soruşmayacağıq»-deyib. Özünü hər addımbaşı professional jurnalist adlandıran, peşəkar jurnalistika meyarlarından yeri gəldi-gəlmədi pafoslu çıxışlar edən Venediktovun bu kəlmələri yetərli idi ki, onun «peşəkarlıq» səviyyəsini müəyyənləşdirmək mümkün olsun. Bir sözlə, o, öz dili ilə özünə lazımi qiyməti verib.
Bu «peşəkar»ın özünütəsdiqi təkcə bununla məhdudlaşmır. Belə ki, Azərbaycan Xarici İşlər Nazirilyinin dəfələrlə «Exo Moskvı» rəhbərliyinə bildirdiyi sərt mövqe, hətta «anlamazlara» ölkəmizin Rusiyadakı səfirliyinə müraciət edərək Azərbaycan ərazisinə ediləcək səfərlərin rəsmi icazə şərtləri ilə tanış olmalarına dair məsləhətlərini duymazlığa, görməzliyə vuran bu «jurnalist» izahında məsələyə adıçəkilən qurumdan heç bir münasibət bildirilmədiyini deyir. Növbəti mərhələdə «Exo Moskvı» radiostansiyasının baş redaktorunun birinci müavini Sergey Buntmanın Azərbaycan dövləti tərəfindən persona-non qrata elan olunmasından sonra Aleksey Venediktov oxuduğu «hava»nın ladlarını dəyişəcək. O, Azərbaycan prezienti İlham Əliyevdən qərarın xitamını xahiş etməyi düşünduyunu açıqlayıb.
Bir sözlə, nə düşüncəsinin, nə dediklərinin, nə də hərəkətlərinin fərqində olmadığını təzadlı çıxışları ilə dəfələrlə isbatlayan Aleksey Benediktovun "sağlam" şüuruna ancaq şübhə yaranır. Əks halda ona ünvanlanmış iradları, tənqidləri «müstəqil jurnalist», «azad ifadə azadlığı» analyışları ilə əsaslandıran ahıl yaşlı Venediktov, görünür, 20 ildən çox jurnalist fəaliyyəti ərzində «müstəqil jurnalist», «azad ifadə azadlığı» anlayışlarının mahiyyətini hələ də öyrənə bilməyib. Müstəqil media haqda nə qədər bilirsə, vətəndaş və dövlət hüquqları haqda da bir o qədər bilir. Jurnalist etikasından isə heç danışmağa dəyməz, görünən dağa bələdçi lazım olmadığı kimi.
Hadisələrin məcrası göstərir ki, «bu xəmir hələ çox su aparacaq». Ancaq istənilən halda deyilən hər bir təhqiredici kəlməyə cavab verilməlidir. Həm də qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunma məsələsi gündəmə gəlməlidir. Bunun üçün Azərbaycan jurnalistlərinin yetərli qədər əsası var. Bəlkə bu yolla Venediktov və onun kimiləri dilinə sahib çıxmağı öyrənə. Hərçənd «qırxında öyrənən gorunda çalar» deyiblər, amma yenə də Allahdan ümid kəsilməz.
SEVDA BABAYEVA

Комментариев нет:

Отправить комментарий