среда, 7 сентября 2011 г.

Fransız aktrisa Bakını necə təəccübləndirdi? – FOTOLAR


Fransanın məşhur teatr sənətçisi Veronik Daniel bu günlərdə Bakıda ustad dərsləri keçib. Ustad sənətçini daha yaxından tanımaq üçün öncə onun yaradıcı yoluna nəzər salaq.

***

Veronik Daniel yazıçı və aktrisadır. Fransız ata və italyan ananın övladı olan Veronikin «Teatr» adlı məhəbbəti hələ uşaqlıqdan yaranıb. Hər halda özü belə deyir. 16 yaşından “Louison”-da “Zorən xəstə” tamaşasında oynayır.  Artıq o zamandan etibarən bəlli idi ki, bu səhnə yolu onunkudur. Veronik Daniel deyir ki, yeganə həvəs və ehtirası teatr idi.
Bütün teatr formaları ilə maraqlanır, kafe-teatr, mədəniyyət ev, teatr studiyaları, bulvar teatrı, evdə teatr, bir sözlə teatr sənətinin bütün növlərində klassik və müasir əsərlərdə oynamağa başlayır. Paralel olaraq bir neçə musiqili komediyada çıxış edir. 1976-cı ildə Veronik «Teatr Tropic» üçün tamaşalar interpretasiya edir və otuzdan çox ölkədə nümayiş etdirir. Lakin analıq qayğları onu teatr səfərlərindən müvəqqəti olaraq ayırır və beş il müddətində o, özünü televiziyaya həsr edir. Bu müddət ərzində Veronik Daniel ««Petit Theatre du Boulvard» teatrı üçün 400-dən çoz sketç yazıb, interpretasiyalar edir. “France2″ kanalında gənclər üçün yayımlanan verilişlərə qatılmaqla birbaşa efiri canlandırır. “France3″ kanalında isə uyğunlaşdırılmış telefilm və romanlada oynayır.  

Fransa mədəniyyəti üçün çalışmaqla bahəm Veronik Daniel filmlərdə də çəkilir. İncəsənətin demək olar ki, bütün sahələrində özünü sınayan bu xanım, zamanla öz truppasını yaradır və 1999-cu ildən etibarən o, müəllifi olduğu teatr tamaşaları ilə xarici ölkələrə səfərlərini «bərpa» edir, öz əsərlərini dünyanın 30-dan çox ölkəsində göstərir. Bundan başqa, hər il keçirilən Avinyon teatr festivalında iştirak edir.
Təcrübəsini başqalarına çatdırmaq həvəsi, pedaqoji fəailyyəti, həmişə onun artistik fəaliyyətilə – tamaşalar, mühazirələr, səhnədə şifahi nitq stajları, xarici ölkələrdə teatr kadrları hazırlığı və s. bərabər davam etdirib. 1994-cü ildə teatr məktəbi təşkil edib. Bir sözlə, teatr təlimləri aktrisanın yaradıcılığının bir parçası olur. Dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq teatr sənəti üzrə təlimlər keçir. Bir çox ölkədə master-klasslar keçib, öz dərslərində İngiltərə, Amerika, Fransa və digər qərb teatr təcrübəsindən yararlanır.
Veronik Danielin növbəti ustad dərsi bu günlərdə Bakıda, Yuğ teatrında oldu.

***
Nə doğma dilimizdə danışan aktyorlar fransalı qonağı, nə Veronik Daniel bizi anlayırdı. Tərcüməçi xidmətindən isə sadəcə prosesi başa salmaq üçün istifadə edirdi. Əsas ünsiyyət «dili» səslər, jestlər, hərəkətlər idi. Xüsusilə də teatr nəzəriyyəsinə aid, tərcüməçinin belə aciz qaldığı əksər məqamlarda sənət adamlarının «eyni dildə» danışdığını görmək mümkün idi. Yüksək emosiyalar və jestlərdən ibarət səhnə dilini hər iki tərəf asanlıqla anlayır. Bütün bu yaradıcı ünsiyyətdə əsas məqsəd, fikri cəmləşdirmək bacağırını inkişaf, emosiyaları idarə etmək, təxəyyülün inkişafına nail olmaq, qarşıdakı insanı daha yaxşı duymaq və ifaçılıq mədəniyyətini zənginləşdirməkdi.
Təlimlərdə əsas vurğu artikulyasiya məşğələlərinə, bədənin orqanik olaraq səslə həmahəng, harmoniyasının təşkilinə edilmişdi. Yəni, aktyorun bədənini, səsini tanıması, bu səsi idarə etməyi bacarması gərəkdir. Uğurun başlanğıcı budur.
Lakin bir qədər təəccüb, bir qədər də gülüş doğuran məqam – bütün bunlar Azərbaycan aktyor sənəti üçün yenilik deyil. Özəlliklə də mərhum rejissor Vaqif İbrahimoğlunun ən son teatr yeniliklərindən xəbərdar yetirmələri üçün. Bu baxımdan xanım Danielin bütün səylərinə rəğmən demək gərək ki, Azərbaycan aktyorları sonuncu növ sənətçilər deyil ki, primitiv üsullarla onları təəccübləndirəsən. Nə qədər acı olsa da, ustad dərsi keçmək adı ilə Bakıya təşrif buyuran əksər mütəxəssislər «Amerikanın artıq var olduğundan bixəbər halda Amerika kəşf etmək» iddiası ilə gəlirlər …

***
Aktrisanın Bakı səfərinin ikinci günü «Marqörit Dürasın könül musiqisi» adlı monotamaşanın nümayişindən ibarət oldu. Marqörit Düras, fransız yazıçısı, ssenaristi, rejissoru, aktrisasıdır. O, qeyri-adi ömür yolu keçib, mürəkkəb, eyni zamanda dolğun şəxsiyyətli, sevməyi bacaran,  fədakar, mübariz, dövrü ilə barışmayan insan olub. Onun müasiri Veronik Daniel də müəllifi və ifaçısı olduğu bu monotamaşada yazıçının həyatı və əsərləri arasındakı köpüləri mahnılarla dolu mətnlər vasitəsilə üzə çıxarmağa çalışır. «Mənim bütün kitablarımda, bütün pyeslərimdə söhbət yalnız məhəbbətdən – anaya məhəbbətdən, qadağan olunmuş, təsviri belə qeyri-mümkün olan, ölən və doğulan, öldürən məhəbbətdən, cəfadan gedir”. Həmişə könül musiqisinə həssas olan Marqörit Düras, əsərlərinə öz həyatını – gördüklərini, eşitdiklərini, arzuladıqlarını, ümidlərini, hətta yaddaşına etibar etmədiyi xatirələrini «köçürüb». Bütün bunların canlı əksi isə Veronik Danielin ifası, nəqlində özünü tapıb.

****
Aktrisa, bir saatdan bir qədər artıq müddətdə Marqaröt Dürasın könül musiqisini tamaşaçıya çatdırmağa çalışır, əlbəttə ki, fransız dilində. Bunu da ancaq fransız dilini bilənlər anlayır. Bilməyənlər üçünsə tapmaca dolu dəqiqələr başlayır. Tamaşanın mahiyyətini, məzmununu aktrisanın emosiyalarından, hərəkətlərindən, intonasiyasından və bir də bəzi fransız və rus sözləri arasındakı bənzərlikdən müəyyən mənada anlamaq olar. Məhz bunlardan yola çıxaraq şüurunda öz qənaətinə varırsan, teatr dililə desək, seyrçi kimi öz traktovkanı, öz yozumunu verirsən. Auditoriyanın yarıdan çoxunun anlamadığı bir dildə tamaşa göstərmək cəsarət tələb edir. Çünki bir sənətçi kimi tanınmadığın bir ölkədə olmaq, yad dildə tamaşa göstərib, üstəlik bir saatdan çox zaman ərzində diqqəti özünə kökləmək sözün həqiqi mənasında cəsarət və böyük bacarıq tələb edir. Veronik Daniel bunu bacardı. Xüsusilə diqqəti çəkən məqam orta yaş kateqoriyasına belə mənsub olmayan bu yaşlı fransız aktrisasının mükəmməl fiziki hazırlığı, plastikası, səsi, mimikaları… idi. Nə hissiyyatsızlığı, nə də ifrat hissiyatı gözə girirdi.  Artıq kiloları üzündən oynamaq bir yana qalsın, səhnədə normal gəzməyi belə yadırğayanlar bir çox yerli aktrisalarımızdan fərqli olaraq, Veronik Daniel çevikliyi, incəliyi, quş kimi yüngüllüyü ilə təəccübləndirirdi. 
Mahnılarının canlı ifası isə ayrıca təqdim tələb edir. Özəlliklə də səsində dünya şöhrətli fransız müğənnisi Edit Piafın səs çalarları duyulunca heyrətlənməyə bilmirsən. Zövq də ki, öz yerində. Çünki belə zövqə, zənnimizcə, hər bir seyrçinin ehtiyacı var.

SEVDA BABAYEVA


















Комментариев нет:

Отправить комментарий