четверг, 30 сентября 2010 г.

Azərbaycan əleyhinə çəkilən çoxseriyalı Rusiya filmi ifşa olundu! - ARAŞDIRMA


Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən və azərbaycanlıları “qaniçən” kimi təqdim edən ssenari nələrdən xəbər verir?
Azərbaycan aktyorları Rusiya filmində çəkilməkdən niyə imtina etdilər?

1990-cı il. Azərbaycan, Bakı. Ölkədəki siyasi–ictimai proseslərin ən qızğın dövrü... Bakının mərkəzi küçələrində mitinqlər... Respublikaya və respublikadan qeyri millətlərdən olan vətəndaşların köç prosesi, erməni-azərbaycanlı qarşıdurması... Və bu kimi həmin dövrü əks etdirən digər xronikal görüntülər… 
Yaxın keçmişi əks elətdirən bu mənzərə yeni çəkiləcək ekran əsərində görüntülənəcəkdi. Dəqiq desək, 8 seriyalı «Sonuncu romalılar» filmində. Rusiyanın tanınmış rejissoru Yuri Morozun növbəti filmi olacaqdı. Ancaq…

Sevgi üçbucağı, ya erməni-rus-azərbaycanlı trilleri? 

Ssenariyə görə, filmin süjet xəttində qeyri millətdən olan – azərbaycanlı Səfərov, rus Qoryaçev və erməni Ovanesov ailəsinin dostluq münasibətləri dayanır. Çoxmillətli və dostluq şəhəri sayılan Bakıda bu üç millətin nümayəndələri uzun illər mehriban, can deyib can eşidərək yaşayırlar. Bu ailələrin artıq böyümüş övladları Ramiz, Andrey və Armeni də bir-birlərinə dostluq və məhəbbət telləri bağlayır. Hətta azərbaycanlı Ramiz, Armenin bacısı Lauranı sevir. Onunla evlilik planları qurur. Ancaq müəyyən zamana, yəni, 1990-cı ilin məlum hadisələrinə qədər. Oğru dünyasının cayılları qeyri-millətdən olan insanların gününü qara etməklə məşğuldurlar...  Dedektiv, kriminal, macəra janrının qarışığından ibarət olan filmi reallaşdırmaq üçün rejissor Morozun ilk işi Andery adlı nümayəndəsi – kastinq üzrə rejissorunu Bakıya göndərmək olur. Azərbaycanlıların həm baş rollarda, həm də kütləvi səhnələrdə çoxluq təşkil etdiyi bu filmdə ona çoxlu sayda azərbaycanlı aktyorlar lazım idi. Bu niyyətlə Andrey S.Vurğun adın Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrının, və digər kino aktyorları arasında kastinq keçirir. Əsas tələb isə aktyorun rus dilində mükəmməl danışa bilməsidir. 

Filmə Azərbaycan dövləti xeyir-dua verib?

Azərbaycan kinematoqrafiyasında 35 ildən artıqdır aktyor, rejissor və kastinq üzrə mütəxəssis işləyən Əliqulu Səmədovun sözlərinə görə, kastinqdə Azərbaycanın say-seçmə aktyorları iştirak etmişdi. Yeri gəlmişkən, Andreyin Bakıya gəlişi Nataşa Korolyova adlı xanımın vasitəsilə gerçəkləşib. Hazırda ORT kanalında çalışan bu xanım bir vaxlar Rus Dram Teatrında aktrisa olaraq çalışdığından aktyorlarımızın potensial imkanlarına da yaxşı bələddir. Qısası Andreyin təlimatlandırılmasında onun müstəsna rolu var… 
Ssenaridən hələ ki, bixəbər olan Əliqulu Səmədovun sözlərinə görə, rusiyalı nümayəndə ilə ilk söhbətdən artıq xoşagəlməz məqamların olduğunu hiss edib: «Aeroportdan şəhərə gələndə mən taksidə Andreydən ssenarini istədim. Ancaq o, özündə çap versiyası olmadığını, diskdə gətiridyini dedi. Sona əlavə etdi ki, narahatlığa heç bir səbəb yoxdur, çünki ssenaridən, filmin çəkilişləri barədə Azərbaycan dövlətinin xəbəri var». Sonra əlavə etdi ki, guya rejissor Yuri Moroz, hətta ORT kanalının baş direktoru Konstantin Ernst belə Bakıda olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirilyinin nümayəndələrilə görüşüb. Bir sözlə, çəkiləcək filmin dövlət səviyyəsində xeyir-duası verilib…

Aktyorlarımız təxribatçı filmə qarşı birləşdilər

«Sonuncu romalılar» filminin diski Əluqulu Səmədova iki-üc gün sonra verilib. Ona qədər isə artıq lazımi kastinqlər də keçirilib, rol üzrə aktyorlar da təxmini müəyyənləşib. Ancaq diskin hələ də ona verilməməsindən doğan şübhələr içində, ssenaridən məlumatsız halda kastinqlərin keçirilməsindən narahat olan Ə.Səmədov öz növbəsində rusiyalı qonağa belə bir xəbərdarlıq edib: «Dedim ki, Andrey, bax, əgər bu filmdə Azərbaycanın mənafeyinə, millətinə, dövlətinə xələl gətirəcək bir saniyəlik belə kadr olsa, məndən inciməyin. Nə mən, nə də aktorylarımız heç biri bu filmdə çəkilməyəcək. Mənim fikrimə aktyorlar da dəstək oldular, hər biri yekdil halda konfliktə səbəb olacaq filmdə çəkilməyəcəklərini bildirdilər. O isə həm məni, həm də aktyorları əmin etməyə çalışırdı ki, narahat olmayın, bu məsələ artıq çoxdan dövlət səviyyəsində öz həllini tapıb, hətta bəzi obyektlərin çəkilişi artıq baş tutub». 

Niyə Qara Dəniz sahilləri?

Ssenarini vermək istəməməsi ilə bahəm, çəkiliş üçün seçilmiş məkanlar arasında Qara dəniz sahillərinin də olması Ə.Səmədovun şübhələrini daha da artırmış oldu: «Andrey çəkilişlərin bir qisminin Qara dəniz sahillərində, daha dəqiq desəm, Soçidə, Adlerdə, Qaqrada gerçəkləşəcəyini deməklə şübhələrimi daha da artırdı. Çünki, Xəzər dənizi, Bakı və Qaradəniz sahilləri, ordakı bağ evləri arasında çox bənzərlik var. Hətta əlavə etdi ki, Əli, əsas çətinilyimiz ilk seriyadır. Yəni, birinci seriyada üç ailənin bir yerdə göstərmək çox vacibdir. Ondanı sonrakı kadrları ayrı-ayrılıqda da çəkmək olar». 
Sual yarana bilər ki, bir halda ki, Azərbaycan tərəfilə razılıq əldə olunubsa, bənzər məkan seçiminə nə lüzum var? Burda yalnız bir ehtimal düşünülə bilər. Filmdə erməni aktyorlarının da iştirakını nəzərə alsaq, onların Bakıya gəlişi məsələsində yarana biləcək problemlərdən uzaq olmaq lazım idi. Bu baxımdan Azərbaycanla bağlı əksər kadrların çəkilişi üçün məhz Qara dəniz sahilləri seçilmişdi. Yeri gəlmişkən, ssenariyə görə, rusların uzun illərdir konflikt münasibətlərində olan çeçen obrazları da gürcü aktyorlarına həvalə edilmişdi…  

...Və ssenari gün işığına çıxdı…

Əliqulu Səmədov ssenarilə bir neçə gün sonra tanış oldu. Daha dəqiq desək, Andery ssenarinin diskini Bakıdan gedən ərəfədə təqdim etdi. Beləcə Ə.Səmədovun şübhələri öz təsdiqiq tapmışdı… 

Qeyd edək ki, 8 seriya boyunca demək olar ki, bütün dialoqlarda Azərbaycanla bağlı eninə-boyuna qıcıqlandırıcı, neqativ, qərəzli fikirlər yer alıb. Ssenarini oxuyub bitirdikdən sonra sonda bir nəticəyə varırsan: sən demə, yer üzündə ən şərəfsiz, namussuz, ləyaqətsiz, qatil, oğru, kriminal dünyada at oynadan, vəhşi, residivist, qəddar, qaniçən və bu kimi anlayışa daxil olan bütün sözlər məhz azərbaycanlıya aiddir! Film müəlliflərinin düşüncəsinə görə, məhz miliyyətcə azərbaycanlı olan kəs podvallarda uşaqları, qadınları, qocaları, uşaqları ac-susuz, əzab içində əsir saxlaya bilər, məhz azərbaycanlı mal-mülk, öz mənafeyi naminə məmnuniyyətlə qan tökməyə, satqınlığa gedər! Yalnız azərbaycanlı dünyadakı xəbis xüsusiyyətlərin daşıyıcısı ola bilər. Və burda tək milliyyət yox, din faktoru da önəmli rol oynayır. Çünki, ssenaridəki bənzər xüsusiyyətlərin çox cüzi hissəsi çeçenlərə də şamil edilib. 
Ssenariyə görə, rus, erməni  milliyyətindən olanlar isə insanpərvər, sülsevər, «zalım azərbaycanlılardan» hər cür pislik görən əzabkeş, yazıq millətdir. Savadlılıq, intellektuallıq, mükəmməllik də, olsa-olsa, ancaq bu millətdə olar… 

Cəmi iki epizod…. Vəssalam!

Filmin müəllifləri Azərbaycanla bağlı «tolerant» münasibət göstərərək böyük zəhmət çəkib 8 hissəli filmin cəmi iki yerində epizodik müsbət fikir səsləndirir: Azərbaycanı tərk edəcəyinə heyfsilənən bir yəhudinin dilindən “Bakıda həmişə yaxşı yaşamışıq” deyilməsi və əsas qəhrəmanlardan olan, milliyyətə yox, insanlığa önəm verən Ramizin Rudolf adlı qəhrəmanla olan dialoqunda bir məqam. Zirzəmiyə salınmış girovları xilas etmək məqsədilə həyatını təhlükəyə atan Ramizə Rudolf «Özününkülərə qarşı getmək səni narahat etmir?» sualına Ramiz, «Bilirsiniz sizin probleminiz nədir? Siz dünyanı ermənilərə və digərlərinə bölürsünüz. Mənsə yalnız insanlara və əclaflara» deyə cavab verir. 
Vəssalam!  

Təxribatçı kimdir? 

Ssenarinin kim tərəfindən yazılması naməlumdur. Nə ssenaridə, nə də Andrey tərəfindən bu suala cavab verilmir.  Məlum olan ancaq ssenaristin təkcə Bakının yox, Azərbaycanın hər qarışına yaxından bələd olmasıdır. Binalardakı blok qapılarının ştrixləri, pəncərədəki şüşə saxlayan mıxlar, küçələrdəki dolanbac yollardan tutmuş, Ağa Nemətulla küsəçindən Dəvəçi (indiki Şabran), Qubanın Qəçrəşindəki meşəlik yollara qədər... 
Naxçıvanın Danaqırt kəndindən belə söz açan ssenaristin bu dəqiqliyi yazarın keçmiş Bakı ermənisi olması ehtimalını yaradır. Lakin kiçik bir yanlışlıq - dialoqlarda ermənilərə məxsus «ara» müraciətinin məhz azərbaycanlılar arasında deyilişi bu ehtimalı şübhə altına alır. Çünki, Bakı ermənisi belə adi detalı bilməyəcək qədər saf ola bilməzdi. Digər tərəfdən, Yuri Morozun ermənipərəst olması heç kimə sirr deyil. Onun çalışdığı prodakşnda sıravi işçidən tutmuş baş prodüsserə qədər çoxlu sayda ermənilərin olması da şübhələri artırır. 

Rus rejissoru nə maraq güdür?

Ancaq yenə də maraqlıdır ki, əslində dövlətin xəbəri olmadan,  yalan-dolanla, min-bir fırıldaqlarla Ermənistan-Azərbaycan münaqişəsi haqda film çəkmək Morozun nəyinə gərəkdir?! Niyə Rusiya-Gürcüstan yox, məhz Azərbaycan və Ermənistan?! Bu proyektdə Yuri Morozun Azərbaycana və azərbaycanlılara qarşı aşkar sezilən «sevgi və rəğbəti» faktorunun rol oynamasına, “iki millət arasında dostluq və mehribanlıq carçısı” istəyinə inanmaq avamlıq  sadəlövlükdən başqa bir şey olmazdı. Həqiqətən belə olsaydı, niyə bu filmi rəsmi qurumlarla danışıq əsasında yox, məhz xəlvəti çəkmək istəsin?! Niyə bu filmə çəkilməkdən qəti surətdə imtina etmiş aktyorları şəxsi telefonlarına dəfələrlə zəng etməklə və ya müxtlif kino və prodüsser agentlikləri vasitəsilə yüksək qonorar vədilə razı salmağa çalışsın?! 

Azərbaycanı Fəxrəddin Manafovun əli ilə “vurmağa” çalışıblar?

Yeri gəlmişkən, razı salmağa çalışdıqları bu aktyorlar arasında Rusiyada cox populyar olan xalq artistimiz Fəxrəddin Manafov və Rusiya kinematoqrafiyasında yeni-yeni tanınmağa başlayan Rasim Cəfərov da var. 
Fəxrəddin Manafov məsələ ilə bağlı portalımıza açıqlamasında bildirdi ki, həmin ssenari ilk dəfə ona göndərilib və elə ilk oxunuşda da aktyorumuzun kəskin etirazına səbəb olub: "Mən onların asistentinə bildirdim ki, bəs niyə ssenaridə Azərbaycanın başına gətirilən faciələri, Ermənistanda yaşayan 420 min azərbaycanlının doğma torpaqlarından qovulması, Xocalı soyqımı haqqında da danışılmır? Onlara bildirdim ki, heç bir azərbaycanlı belə bir filmə çəkilməz. Əgər başqa yerlərdən azərbaycanlılara oxşar aktyorlar tapıb çəksəniz, hansısa kənar yerlərdə Azərbaycanın küçələrinə oxşar küçələrdə çəkilişlər aparsanız, bunu, artıq sizin öz vicdanınıza buraxırıq. Asistentə dedim, rejissor Moroza çatdırsın ki, o, belə bir qərəzli ssenarini çəksə bütün hörmətini itirəcək" - deyə F.Manafov bildirdi. Xalq artisti deyir ki, Y.Moroz bundan əvvəl də ermənipərəst bir film çəkib. 
F.Manafov da o fikirdədir ki, sözügedən filmin çəkilməsi Azərbaycan əleyhinə olan bir sifarişdir və çox güman ki, burada birbaşa ermənilərin əli var. 

Bəs Rusiyalı rejissorun ermənilərin xeyrinə olan, Azərbaycana qarşı yönəlmiş qərəzli sifarişi həyata keçirməkdə nə məqsəd güdür? Bütün bu suallara cavab tapmaq üçün rejissorun şəxsən özü ilə əlaqə yaratmağa çalışsaq da nafilə. Nə qədər qəribə görünsə də, həm rejissorun özü, həm də qızı Darya Moroz gözlənilmədən həm ev, həm də mobil telefonlarını dəyişiblər. Və bundan nə Rusiya Kinematoqrafçılar İttifaqı Konfederasiyası, nə də Rusiya Kinematoqrafçılar Gildiyası xəbərdardır. Nə qədər təəccüblü olsa da, əlaqə saxladığımız bu qurumlardan hətta bu cavabı aldıq: «Biz özümüz də neçə vaxtdır Yuri Morozu axtarırıq, amma heç cür əlaqə saxlaya bilmirik. O, bütün nömrələrini dəyişib…» (!)   

Mədəniyyət Nazirliyimiz nə tədbir görür?

Əliqulu Səmədovun məlum məsələ ilə bağlı növbəti addımı ssenarinin diskini və çap nüsxəsini Azərbaycan Mədəniyyət və Turizm Nazirilyinin Kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcova təqdim etməklə olub. «Cəmil Fərəcov mənə dedi ki, Andrey zəng eləsə, mənim nömrəmi ver, özüm danışacağam. Mən də dediyi kimi elədim. Sonrasından xəbərim yoxdur. Öz növbəmdə kastinqdə iştirak edən bütün aktyorlara bir-bir zəng edim məsələdən hali etdim». 

Cəmil Fərəcov isə Rusiya tərəfindən artıq heç bir telefon zənginin gəlmədiyini bildirdi: “Mən bütün teatrlara, özəllliklə də Rus Dram Teatrının rəhbərlyinə zəng edib bildirdim ki, aktyorlar bu filmə çəkilməsinlər. Ssenarilə bağlı da fikrimizi bildirmişik. Bu filmdə Azərbaycanı aqressiv, mənfi tərəf kimi göstərmək təxribatdan başqa bir şey deyil. Ssenrarinin kim tərəfindən yazılması bizə də məlum deyil. Ancaq ssenaristin Azərbaycanı, Bakı mühitini çox yaxşı tanıdığı hiss olunur. Bakıya, buranın atmosferinə çox yaxşı bələddir. Biz belə biabırçı filmin çəkilməsinə heç cür razı ola bilməzdik. Öz növbəmizdə əlimizdən gələni etdik ki, bu film Azərbaycanda reallaşmasın. Ancaq bizim səlahiyyətimiz bura qədərdir. Bu filmin başqa ölkədə, başqa aktyorların iştirakı ilə çəkilməsinə qarışa bilmərik. Buna hüququmuz çatmır».  

P.S: Əldə edə bildiyimiz son məlumata görə, Yuri Moroz «Sonuncu romalılar» adlı «şah əsəri»ni reallaşdıra bilməyib. Filmə ayrılmış büdcəni isə o, hazırda Maltada dedektiv janrında olan filmin çəkilişlərinə sərf etməklə məşğuldur.  
Sevda Babayeva
         
Yuri Moroz qızı Darya ilə 

  
                   Əliqulu Səmədov

                   Cəmil Fərəcov

 Fəxrəddin Manafov

Комментариев нет:

Отправить комментарий