четверг, 30 сентября 2010 г.

Daşların dilini bilən azərbaycanlı... - FOTOSESSİYA

Fazil Nəcəfov: «Daş, qadın qəlbinə bənzəyir. Onun ürəyini ələ ala bildinsə, deməli söhbətiniz alınacaq» 

Daşın ömrü insan ömründən çox-çox uzundur. Həm uzunömürlü, həm əbədi. Daşın yaşı insanın yaşından çoxdur. Bəşəriyyət yaranışının tarixilə eynidir demək olar ki. Əsrlər boyu olmuş və olacaqlara Allahdan sonra şahidlik missiyası məhz daşlara məxsusdur. Hər şeyə şahid olan daşlar. Olub-bitənlərin ağırlığını özündə daşıyan daşlar əslində danışan canlılardır. Diqqətlə baxdığımızda daşlara yonulmuş hər simada, hər fikirdə bir məna, bir sual dolu nəzərlər, nələrisə anlatmaq, nələrdənsə xəbərdar etmək cəhdi oxunur. «Daşlara yazılmış tarix» deyimi əbəs yerə tez-tez deyilmir axı. 
Milli.Az bu dəfə heykəltaraş-rəssam Fazil Nəcəfovun sehr, mistika dolu emalatxanasında  «Daş» adlı qədim vasitənin bütün çalarları ilə qarşılaşdı. Daşdan yonulmuş «sakinlər»ə açıq hava altında həyətdə xüsusi böyük bir məkan ayrılmışdı. Hər «sakin»in öz yeri, öz küncü vardı. «Sən bizi anlaya, duya, oxuya bilməzsən!» kimi üzərimə yönəlmiş yad nəzərləri ilk andan hiss etməmək qeyri-mümkündür. Keçirdiyim ilk mistik ruh halı elə burdan başlandı. Bu hisslərimə Fazil Nəcəfov, «Daşda elə böyük bir qüvvə var ki, o hər kəsi özünə yaxın buraxmaz. Daş, qadın qəlbinə bənzəyir. Onun ürəyini ələ ala bildinsə, deməli «söhbətiniz» alınacaq. Əks halda, aranızda böyük uçurum olacaq…» deyə aydınlıq gətirdi.

Çox qəribə atmosferi vardı məkanın. Daşların magik aurası sıxırdı sanki insanı. Yadlıq duyğusu yaman pis şeydir. Acizləşirsən, hürkürsən, qaçmaq istəyirsən. Susqun, eyni zamanda danışan daşlardakı məna, şikayət dolu yükü daşıya bilməmək qorxusundan oranı həməncə tərk etmək istəyirsən. 

Amma bir qədər inadkarlıq göstərməyin yetər ki, sənin səmimiyyətini cansız daşlar belə his etsin. Sən və Onlar arasında doğmalıq duyğusu özünü çox gözlətmir. Yavaş-yavaş «ünsiyyət» yaranır aranızda. Hər bir «sakin» öz tarixçəsini, gördüklərini, bildiklərini «danışır». Bir sözlə, əbədilik axarına daxil olursan. 

Daşlar müəyyən bir energetika daşıyıcısıdır. Sənətkar bu energetikaya öz hisslərini, arzularını, düşüncələrini və əllərinin istiliyini qatır. Bir seyrçi kimi bunu duymaq, hiss etmək üçünsə sənətkarlıq istedadına malik və yaxud da seçilmişlərdən olmağın gərəkməz. Hər şey niyyətə bağlı…

Fazil Nəcəfov bu gün demiək olar ki, yeganə heykəltaraşdır ki, daşlara həyat verir. «Daşlarla işləmək çox məşəqqətlidir, həm də uzun zaman tələb edir. Ona görə, hər sənətkar bura qol qoymur. Gələn də qısa zaman sonra uzaqlaşır. Heç kimi qınamaq olmur. Zaman başqadır və o, öz qanunlarının diktə edir».

Fazil Nəcəfovun sənət əsərləri arasında həm həcmi, həm də qeyri-adi görüntüsü ilə daha çox diqqəti çəkən «Zamanın oyunları»dır. İki böyük çarxlar - zamanın fırlanan dəyirmanı, gözü andıran iki böyük deşik – kainatda bütün bəd əməllərin kor gözlərlə törədilməsi… Və bu monumental sənət əsəri üzərində bütün zamanlara ünvanlanmış çox dəyərli kəlmələr: «İki şeyi unutma: Allahı və ölümü. İki şeyi unut: elədiyin yaxşılığı və sənə edilən pisliyi». 

Seyrçidə maraqla bahəm kiçik bir xof təəssüratı da yaradan bu əsəri yenə də digər daş heykəllər kimi bu günkü tariximizin təzahürü kimi də qəbul oluna bilər. 

Hər şey ötəridir bu həyatda. Böyük imperatorlardan tutmuş kiçik sıravi vətəndaşalara qədər hər kəs qonaqdır. Bir gün gələnin gedəcək bir günü də olacaq. Zaman-məkan çərçivəsi tanımayan Daş isə… Daşın daha uzunömürlü olmasını təkrar xatırlatmağa lüzum varmı? 

Fazil Nəcəfovun ağır məna yükü daşıyan sənət əsərləri təkcə bununla kifayətlənmir. «Qara ay», «Korlar», «Mələk, «Həyatın mərtəbələri», «Zamanın sədası», «Söhbət», «İstirahət edən qoca», «Minillik insan», «Həvarilər», «İbadət», «Əkizlər», «Fontan» kimi arxaik monumental yaradıcılıq nümunələri çox bilgilərdən xəbər vermək iqtidarındadır. Təbii ki, dinləyən və anlayan kəslərə.
http://milli.az                                                                                                                       Sevda Babayeva

              
    
  
      
  
  
  

Комментариев нет:

Отправить комментарий