четверг, 30 сентября 2010 г.

Ekstrasens Qalina Bağırova: "Qarabağ münaqişəsinin həlli üzərində hələ işlər aparılacaq və ..."

Rusiyanın tanınmış ekstrasensi, Azərbaycan əsilli öncəgörücü Qalina Bağırovanın Milli.Az xəbər portalına müsahibəsi 

Tanınmış ekstrasens Qalina Bağırova, tamaşaçılara Rusiyanın TNT telekanalında yayımlanan «Bitva ekstrasensov» («Ekstrasenslərin döyüşü») verilişindən tanışdır.
Bakı səfəri əsnasında Qalina Bağırova Milli.Az portalına müsahibə verdi.
- Qalina xanım, «Ekstrasenslərin döyüşü» verişinə sizi nə gətirdi? Özünü reklama ehtiyac, yoxsa, özünüzə və digərlərinə ekstrasensor qabiliyyətinizi isbatlamaq zərurəti?

- Yox, hər şey düşündüyünüz kimi deyil. Nə Rusiyada, nə də Azərbaycanda mənə reklam gərək deyil. Ekstrasensorika mənim vəzifəmdir, 25 ildir ki, bu işlə professional səivyyədə məşğul oluram. Sadəcə olaraq, daxili səsim, intuitsiyam mənə, o verilişdə iştirakımın uğurlu olacağını dedi. Əslində həmin verilişə zəng edəndə kastinq artıq bitmişdi. Demək olar ki, mənim ora qəbulum təsadüf nəticəsində oldu.

- Hansı təsadüf sizə kömək oldu?

- Şüurumun dərinliklərində bu müsabiqədə gücümü sınamağa hazır idim. «Ekstrasenslərin döyüşü» verilişi haqqında rəfiqəmlə söhbətimiz əsnasında orda iştirak istəyimi dəstəklədi. Daha sonra dostuma zəng edib məsləhətləşdim, o da mənə «xeyir-dua» verdi. Ancaq yenə də uzun müddət tərəddüd etdim, çünki, sağlamlığımı düşünməli idim. Bənzər mübarizələrdə çox enerji, güc gedir, hətta bərpası çox çətin olan energetik zərbə belə almaq mümkündür. Lakin hər şeyə rəğmən iştirak etməyi qərara aldım. Verilişə zəng elədim, amma cavab ürəkaçan olmadı: «Kastinq artıq bitib». Necə deyərlər, «Sabah gəlin». Ancaq növbəti gün sanki möcüzə baş verdi: təşkilatçılar qərara aldılar ki, istisna hal olaraq mənə şans versinlər. Kastinqi keçdikdən sonra növbəti sınaq üçün teatra düşdüm. Seçilmiş görücülər arasında çox güclüləri də vardı. Onlar mənim qabiliyyətimi yoxlayıb, onluğa, hətta üçlüyə belə düşəcəyimi dedilər.

- Müsabiqədə irəliləmək üçün  fövqəltəbii güclərinizdən istfadə edirdinizmi?

- Xeyr. Mənim müsabiqədə iştirakım ilahi tərəfindən müəyyən olunmuşdu. Bu, qismət, tale məsələsidir. Ancaq nəticənin müsbət olacağını öncədən görmüşdüm. Bütün sınaqları uğurla keçdim. Sonra mənə əminlik gəldi. Mübarizə başlanmışdı, artıq yarıyolda dayana bilməzdim, yalnız irəli getmək lazım idi. Düzü, dəfələrlə istəmişəm ki, verilişi tərk edim. Çünki, rəqiblərim cadu, qara maqiya və digər süni yollarla mənə maneələr yaradırdılar. Səhhətimi pis hiss etdiyim vaxtlar çox olurdu. Hətta pnevmaniya (sətəlcəm) da tutmuşdum. Mənə həkim çağırmağa məcbur olmuşdular.

- Səhhətinizdə naxoşluq yarananda həkimə müraciət edirsiniz, yoxsa ekstrasensor gücünüzə güvənirsiniz?

- Daha çox öz gücümə güvənirəm, müqəddəslərə dua edirəm. Çalışıram ki, həkimlərə müraciət etməyim. Yaxşı həkimlər çox azdır. Xüsusilə də energetikanı hiss edə bilən, öz müdaxiləsilə əksinə səbəb olmayan həkim tapmaq olduqca çətin işdir.

- Rəqibləriniz sizə cadu edirdilərsə, deməli, verilişdə sağlam mübarizə getmirdi?

- Bu, təbii haldır. Mənim rəqiblərim də maqdırlar, hər kəsin məqsədi yekun qalibiyyətə nail olmaqdır. Ona görə də güzəştsiz mübarizə gedirdi. Mübarizədən qorxmuram, əksinə, daha da ruhlanıram. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən müsbət energetikanın daşıyıcısıyam.

- Həmin verilişin öncəki buraxılışında Zirəddin Rzayev adlı həmyerlimiz də iştirak etmişdi. Onun  bacarığını necə dəyərləndirirsiniz?

- Təəssüf ki, Zirəddinlə şəxsən tanış deyiləm. Ancaq onun müsabiqədə göstərdiyi nəticələrə əsasən deyə bilərəm ki, çox ağıllı, bacarıqlı insandır. Afərin ona. Ümumiyyətlə, yaşından asılı olmayaraq peşəkarcasına yüksələn insanların adına çox sevinirəm. Xüsusən də əgər o insan həmyerlimizdirsə. Həmyerlilər bir-birilərini hər zaman dəstəkləməlidirlər.

- Qalina xanım, dövlət sirrinin açılması məqsədilə Sizə müraciətlər olubmu? 

- Mən siyasətə qarışmıram. Ümümiyyətlə, çox nadir hallarda siyasət barədə proqnozlar verirəm. Bu, mənim istiqamətim deyil. Mən daha çox məişət məsələlərində, şəxsi həyatla bağlı - münasibətlərin düzəlməsi, itmiş insanın tapılması, xəstənin müalicəsində kömək edirəm. Hər şeyi açıqlamaq etik qaydalara da ziddir. Bəzən susmaq daha məsləhətlidir.

- Ancaq yenə də siyasətlə bağlı bir sual vermək istəyirəm. Qarabağ münaqişəsinin yekun həllini necə proqnozlaşdırardınız? 

- Mən bu sualı illər öncə - 1996-cı ildə televiziya xəbərlərinin birində cavablandırmışdım. Qarabağ məsələsi həll olunacaq, ancaq tezliklə yox. Mən vaxt müəyyənləşdirmirəm. Sadəcə deyə bilərəm ki, bu haqda danışmaq hələ tezdir. Problemin «ölü nöqtədən» tərpənməsi danışıqlara bağlıdır. Barışığa aparan birgə güclər sərf ediləcək. Sülhməramlıların da rolunu görürəm. İnanıram ki, hər şey yoluna düşəcək və mili məsələ artıq belə kəskin vəziyyətdə dayanmayacaq.

- Bu dedikləriniz yaxın, yoxsa uzaq gələcəkdə gerçəkləşəcək?

- Bir qədər gec. Hələ vaxta var. Bu məsələ üzərində hələ işlər aparılacaq. Azərbaycan və Ermənistan «partlayışların», yəni bu kimi münaqişələrin baş verdiyi son ölkə olmayacaq. Belə ki, dünyanın hər yerində gərgin vəziyyətlər, milli-etnik zəmində toqquşmalar yaranacaq. Rusiya, sülhün yaranmasında müsbət rol oynayacaq.

- Sualıma konkret cavab almaq istərdim: işğal olunmuş torpaqlarımız qaytarılacaqmı? 

- Mən hələ ki, sülhməramlıları görürəm. Qaytarlısa belə, yalnız bir hissəsi... Tam qaytarılmanı, məsələnin yekun həllini hələ ki, görmürəm. Torpaqların hətta müəyyən bir «qarşılığın» müqabilində qaytarlıması ehtimalı da var.

- Qalina xanım, Azərbaycanın ictimai həyatında baş verənlərdən xəbərdarsınızmı?  

- Xeyr, çox şeylərdən xəbərdar deyiləm. Son il yarımı mən, Azərbaycandan çox, Rusiyada oluram. Hər şey haqda məlumatlanmaq üçün zaman baxımından imkanım olmayıb.

- Hazırda ictimaiyyəti maraqlandıran məsələlərdən biri də həbsdə olan jurnalist Eynulla Fətullayevin və bloqqerlər - Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılıb-buraxılmaması mövzusudur. Onların gələcəyilə bağlı deyəcəkləriniz düşünürəm oxucular üçün də maraqlı olacaq. 

- (fotoya baxaraq) Güman edirəm ki, bu məsələ siyasi rəng alıb. Mən ümumiyyətlə, qalmaqalların, tətillərin əleyhinəyəm. Onlar öz güclərini hesablamadan mübarizəyə girişiblər. Bu, çox təhlükəlidir. Eynulla Fətullayev barədə onu deyə bilərəm ki, gücündən artıq ağırlığı öz üzərinə götürməməli idi.
Onun öz təsəvvüründə canlandırdığı dünya - mücərrəd, hava qəsrindən başqa bir şey deyil. Daha real yanaşmaq lazımdır hər şeyə. Onun  gələcəkdə də böyük problemləri ola bilər.
(Bloqqerlər haqqında) Mən onların davranışlarını təqdir eləmirəm. Çünki müəyyən mövzulara toxunlamqla, biz, istər-istəməz  siyasətə daxil oluruq. Bu, uşaq oyunu deyil. Bunlar sanki, vulkana çevrilmək istəyən qığılcımı xatırladırlar. Ancaq hər kəs bunu eləmək gücündə deyil, o cümlədən də bu gənclər. Onlar həyatda heç bir şeyi dəyişə bilməyəcəklər. Nəyi dəyişmək istəyirlər axı? Görün şəhərimiz necə də gözəlləşib. Buna böyük güc və çox böyük pullar sərf edilib. Zərər verməkdənsə, kömək eləmək yaxşı olmazdım?! Onlar haqqında danışmaq mənə xoş deyil, çünki onlar haqq yolunda deyillər. Onların talelərini də yaxşı görmürəm. Yalnız bir şey onları xilas edə bilər: yollarını ayırıb ölkədən getməlidirlər. Uşaqlar bu vəziyyətə istəməyərəkdən düşüblər, dərk etmədən hərəkət ediblər. Əvvəlcə ölçüb-biçib, sonra hərəkət etmək lazım idi. Onların planları elə  əvvəldən uğursuzluğa düçar idi.
Elə indi də problemləri var. Onlar sevdikləri işlə məşğul ola bilməyəcəklər. Sonra, yalnız Azərbaycandan getsələr, sakit yaşayıb işləyə biləcəklər. Lakin istənilən halda, yəni, vətəndə qalsalar da, getsələr də, illər sonra onlar öz hərəkətlərindən peşmanlıq hissi keçirəcəklər.

- Siz öz gücsüzlüyünüzü duyaraq kiməsə köməkdən imtina etmisiniz? 

- Mən Tanrı deyiləm. Onkoloji xəstəliklər olan insanlara kömək edə bilmirəm. Həmçinin, biznesdə Allah kiməsə inkişaf verməyibsə, mən heç bir şey edə bilmərəm. Düzdür, bir çox hallarda biznes işlərində vaxtilə kömək etmişəm, ancaq artıq Allahın iradəsinə zidd getmirəm. Yalnız o insanlara kömək etmək olar ki, «yuxarıdan» sənə məlumat gəlir. Mən bəzən düzgün eləməmişəm -  bu informasiyaya zidd hərəkət etmişəm.

- Qalina xanım, insanların həm müsbət, həm də mənfi energetikasını çox həssasılqa hiss edirsiniz. Neqativ energetikalı hər hansı bir insan Sizə  müraciət etdiyində, kömək edirsiniz, yoxsa onu elə qapının kandarından geri qaytarırsınız?

- Bu, çox nadir hallarda olur. Əsasən, hamını qəbul edirəm.

- Hansı halları nadir adlandırmaq olar? 

- Mənim üçün ən önəmlisi - xeyirxahlıq, insanlıq, dünyanın harmoniyasının pozmamaqdır. Əgər insan doğru düşüncədə deyilsə, əgər onun qəlbində tamahdan, hər nə bahasına olursa-olsun varlanmaqdan başqa bir şey yoxdursa, mən belə insanlarla ünsiyyət qurmuram. Xəsis, xırdaçıl insanlar öz ətrafında mənfi enerji yığır. Hansı yüksək vəzifə tutmaları, hansı zirvələrə qalxmasından asılı olmayaraq belələrindən uzaq olmağa çalışıram, kömək etmirəm.

- Məsləhətlərinizlə olsa belə kömək etmirsiniz? 

- Əlbəttə, haqq yoluna çağırıram. Əgər məni dinləmirsə, çox heyf. Çünki, dini mənsubiyyətindən asılı olmayaraq, istər müsəlman, xristian, istərsə də yəhudi olsun, Allaha inam insanı şər əməllərdən uzaq edir. İnam insanlara xeyir gətirir, sabahkı gün, əməllərinin əvəzi barədə düşünür, başqasının acısını paylaşır.  Bu, Allahın hökmüdür, hansı ki, mütləq riayət olunmalıdır.

- Xidmətlərinizin məbləği nə qədərdir?

- Düzünü deyim, seanslarım çox bahadır. Ancaq heç vaxt fırıldaqla məşğul olmuram. İnsanlara dəfələrlə pulsuz məsləhətlər verdiyim olub. Mən it ilində doğulmuşam, həmişə köməyə yetişirəm. Bir sözlə, ehtiyacı olanlara köməyimi əsirgəmirəm. Əks halda yaşaya bilmərəm.

- Deməli, əksər ekstrasenslər kimi xdmətlərinizin, məsləhətlərinizin qiyməti göstərilən prays-listiniz yoxdur…

- Təbii ki, yoxdur. Yaqqım olmayanı götürsəm, gözümə yuxu getməz. Bu mənim qaydalarıma ziddir. Birini bəla gözləyəcəyini bildiyim halda necə kömək etməyim?! Nəinki məsləhətlərimlə, hətta maddi yardım etidyim insanlar da az olmayıb. Yadımdadır, bir qadın öz qızı ilə gəlmişdi. Qızın koordinasiyası pozulduğundan pis gəzirdi. Elə insanlardan pul götürə bilməzdim. Əksinə, mənə verəcəkləri pulu qaytarıb müalicəyə getmələri üçün bir o qədər də əlavə etdim. Düzdür, qəbul eləmirdilər, ancaq mən başqa cür edə bilməzdim. Belə halda hansı puldan söhbət gedə bilər?!

- Bəs məşhur insanlardan sizə kimlər müraciət edib?     

- Belə informasiyanı mən həmişə məxfi saxlamağa çalışıram. Sadəcə deyə bilərəm ki, bir çox yaradıcı insanlar, siyasətçilər müraciət ediblər. Əsasən ailə, şəxsi həyat barədə məlumat verirəm. Siyasət barədə ancaq pozitiv informasiyalar aldığım zaman deyirəm. Bir zamanlar mənim siyasi proqnozlarım yerli mətbuat səhifələrində yazılırdı. Həmçinin, 1996-cı ildə Bakıda yeni tikililərin, çox sayda bəyaz göydələnlərin ucaldılacağını demişdim. Görün neçə il keçib o vaxtdan. Bundan başqa Rusiya və Azərbaycan arasında münasibətlərin yaxşılaşacağını, dostluq əlaqələrinin yaranacağını proqnozlaşdırmışdım. Proqnozlarımın doğru çıxdığına çox şadam.

- Həqiqi ekstrasensi saxtakarlardan, yalançılardan necə ayırmaq olar? Məsələn, mənim kimi diletant, hansı paramertrlərinə görə həqiqi ekstrasensi müəyyənləşdirə bilər? 

- Həqiqi ekstrasens sizin keçmişiniz, ailənizin həyatındakı vacib məqamlardan, hansısa epizodlardan deyə bilər. Şəkil varsa, həmin şəxsin səhhəti haqda da məlumat verə bilər. Bu artıq danışıq zamanı aydın olur. İncildə, 10-dan 16-cı fəsilə qədər Apostol Pavelin korinflərə müraciəti var:«Mən Allaham, insanları öz surətim və oxşarımdan yaratdım. Birinə əl çəkmə ilə şəfa vergisi verdim, ikincisinə dilləri öyrənmə qabiliyyəti verdim, digərlərini isə görücülüklə, peyğəmbərliklə vergiləndirdim - insanları öyrətmələri, yəni, doğru yola istiqamətləndirmələri üçün». Bu həm İncildə var, həm də Qurani-Kərimdə. Bu normadır. Biz hamımız Allahın bəndələriyik. Allah Sözünü dərk etməli, nə qədər ömür yaşayırıqsa, dünyaya xeyir, yaxşılıq daşımalıyıq. Bu, bizim təyinatımızdır.

- Quran kitabını oxumusunuz?

- Tam oxumamışam. Mən Proxorovanın tərcüməsində olan Quranı çox sevirəm. Və oxuduqlarımdan özümə müəyyən nəticələr çıxarmışam.

- Rəqibləriniz Sizi nə vaxtsa cadugərlikdə ittiham ediblər? 

- Heç vaxt. Hamı bilir ki, mən cadugərlkilə məşğul olmuram. Mənim müsbət energetikaya malik olmağım, ancaq ağ magiya ilə məşğuliyyətim əvvəldən hər kəsə məlum idi.

- «Ekstrasenslərin döyüşü» verilişdən də görünürdü ki, informasiyaya sizə qoxu vasitəsilə gəlir.

- İnformativ qoxu deyilən bir anlayış var: insanın fotosunu və ya hər hansı bir əşyasını əllərinə və ya barmaqlarının arasına alıb qoxulamaqla müəyyən məlumatı almaq olur. Məlumatı eşitmək də olar, «daxili ekrana» gətirib görmək də.  Müxtəlif üsullar var.

- Siz keçmişdə aktrisa kimi fəaliyyət göstərmisiniz. O illər üçün darıxdığınız anlar olubmu? 

- Bəlkə də. Mən bilirəm ki, filmlərə çəkildiyi zaman gələcək. Ancaq əsas vəzifəm Allaha xidmət, insanları öyrətmək, istiqamətləndirmək olacaq. Təbii ki, kinoda çəkilmək planlarım da var.

- Nə vaxt, harada və hansı janrda film olacaq? 

- Həm sənədli, həm də çoxseriyalı filmə dəvət görürəm. Rusiyada çəkiləcəyimi düşünürəm. Ancaq bu bir qədər gec olacaq. Bunun üçün hələ bir neçə il də Rusiyada yaşamalıyam. Rusiya ilə 10 ilə yaxın kontaktım var, tez-tez gedib-gəlirəm. Ancaq daimi yaşayaş olaraq 2 ildir ki, ordayam.

- Bir az da şəxsi həyatınız barədə söhbət edək. Həyat yoldaşınız dünyasını dəyişdikdən sonra niyə ikinci dəfə ailə həyatı qurmadınız?

- Buna lüzum görmədim. Çoxları ərə getməyi xəyal edirlər. Mənimsə arzum, xəyalım Allaha yaxın olmaqdır.

- Ailə məgər Allaha yaxınlığa mane olur? 

- Mənə mane olur. Allahdan gələn vergimi itirmək istəmirəm. Hər bir insana doğuluşdan müəyyən bir energetika verilir. Bu energini nəyə sərf edəcəyin, hansı istiqaməti seçəcəyin isə sən asılıdır. Əgər ailə həyatı sənə daha yaxındırsa, onda  sehrlə, magiya təcrübəsilə məşğul olmağa dəyməz. İnsanlara xidmət etmək, öz ruhunun bir müəyyən hissəsini onlara vermək, ruhsal inkişaf qayğalıra ilə ailə həyatını eyni zamanda sürdürmək çox çətindir. Enerji isə əbədi deyil, tez-gec bitib-tükənir. Ona görə energetik ehtiyatları qorumaq lazımdır.

- Ailə qurmaq təklifləri Rusiyadan gəlir, yoxsa Azərbaycandan?

- Evlilik təklifləri hər iki ölkədən - həm  Rusiyadan, həm də Azərbaycandan gəlir. Ancaq kişilərə qarşı ümumiyyətlə, heç bir məhəbətim yoxdur. Həyatda qadınlara ən çox problem yaradan, kədər verən kişilərdir. Qadınlara bəla gətirən daha çox kişilərdir. Demək olar ki, hər gün mənim yanıma nə gözüyaşlı qadınlar gəlir. Kişilərin səbəb olduğu çox sayda bəlaların, haqsızlıqların şahidi olmuşam. Ailəsini tərk edən kişilərin sayı getdikcə artır. Bunları gördükcə, məndə kişilərə qarşı neqativ hisslər, hörmətsizlik yaranır. Çox təəəsüf ki, həqiqi kişilərə çox nadir hallarda rast gəlinir. Mən Makarenko deyiləm ki, nəsə öyrədim. Ancaq kişiləri öyrətmək lazımdır. Mənimsə bununla məşğul olmağa nə həvəsim, nə də vaxtım var. Ümumiyyətlə, kişilər Allah qanununa əməldə yox, dildə riayət edirlər.  Allahdan qorxan kəs əxlaqı unutmaz.

- İkinci dəfə ailə qurmağınıza bəlkə tərk edilmək qorxusu mane olur? 

- Xeyr, qorxu deyil,  mən sadəcə olaraq kişiləri anlamıram. Görünür, fərqli dillərdə danışırıq. Sevən insan, özəlliklə də əgər o ailə sahibidirsə, Allahı və öz ailəsini heç vaxt tərk etməyəcək. 

- Qarşınıza ideal kişi çıxsa necə?

- Mən romantik və xəyalpərəst deyiləm. Buna ehtiyacım da yoxdur. İnanın ki, sizinlə məhəbbət mövzusunda söhbətimiz əsnasında mənim bir hüceyrəm belə titrəmədi. Ümdə vəzifəmi Allaha həsr etməkdə, insanlara köməkdə görürəm.

- Evlilik barədə sualı təsadüfi vermədim. Sizin iki övladınız - oğlunuz və qızınız var…

- Bəli, hər ikisinə də irsən görücülük vergisi keçib. Mən onlarla «öz dilimdə» danışmağa öyrəşmişəm, sizin düşünlüyünüz, gördüyünüz kimi deyil. Biz sülaləcə bu verginin daşıyıcısıyıq. Mənim qardaqım da, nənəm də, bacım da. Məsələn, nənəm hamımızdan daha güclü vergili idi. Mən belə onun qədər güclü deyiləm.

- Vaxt gələcək, uşaqlarınız öz ailələrini qurub, sizin hiamyənizdən uzaqlaşacaqlar, müstəqil olacaqlar. Bax, o zamanlarda tək qalmaqdan qorxaraq ikinci dəfə ailə qurmadığınıza görə peşmanlıq hiss keçirməyəcəksiniz ki?

- Yox, heç vaxt. Mən, Allahımı itirəcəyim təqdirdə özümü tənha hiss edərəm. Qoy Allahım, Tanrı məhəbəti, onun enerjisi mənimlə olsun. Başqa heç nə lazım deyil. Allah sevgisi daxilən, vəziyyətlərlə hiss olunur. Bu qədər sevgini, məhəbbəti kişi verə bilməz. Onlar poliqamikdlirlər.

- Xoşbəxtsiniz?

- Bəli, mən çox xoşbəxt insanam. Mən məhəbəbbƏti yaşamışam, mənim çox gözəl ərim olub. Çox xeyirxah, yaxşı insan idi. Mən ondan o qədər nəvaziş, məhəbbət, qayğı görmüşəm ki, çətin ki, dünyada onun kimi ikinci insan tapılsın. Onun mənə vermiş olduğu məhəbbət və nəvaziş ömrümün sonuna qədər bəsdir.

- Onun ruhu ilə təmasa girirsiniz?

- Hə, əlbəttə.

- Söhbətiniz nə haqda olur? 

- Çox şeydən danışırıq. Ancaq bir kəlməsini çox aydın eşitdim: «Afərin Qalya, bilməzdim sən belə ağıllısan». Bundan başqa gələcəklə bağlı bəzi proqnozlar vermişdi. Məsələn, oğlumuzun ali məktəbə qəbul olunacağını, mənim Rusiyada yaşayacağımı. Mərhum yoldaşımın ruhunu aydın şəkildə, geyimdə görmüşəm. Gördüklərimin də hallüsinasiya, qarabasma olmadığını dərk edirdim. Bəzən də yanında iki qadın olur. Yoldaşım bu qadınları Lyola ana və Vera ana deyə çağırardı. Vera onu uşaqlıqdan tərbiyə etmişdi. Digərini isə şəkildən tanıdım - Veranın bacısı idi. Yoldaşım müsəlman idi, təbii ki, onlar doğma nənələri deyildi. Doğma anasını isə yoldaşım adı ilə - Xurşud deyə çağırardı, nadir hallarda ana deyərdi. Ancaq həmişə elə qəbul edirdi ki, onun üç anası var - Xurşud, Vera və Lyola (gülür) 

- Qalina xanım, bir çox ekstrasenslər öz gələcəklərini görə bilmirlər. Bəs siz necə, öz gələcəyinizi görə bilirsiniz?

- Əlbəttə. Mənim gələcəyim Rusiya ilə bağlı olacaq. Hərdən-bir Bakıya gələcəyəm. Burda evim də var. Evimi satmaq istəmirəm. Burda həm yaşayıb, həm də istirahət edəcəyəm. Ancaq yenə də Allahın cızdığı yol bəlli olmaz.

http://milli.az
Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий