четверг, 30 сентября 2010 г.

Rüstəm İbrahimbəyov: "Fuad Poladova qarşı kobudluğa yol verdiyimi etiraf edirəm"

Kinodramaturq, "Oskar" mükafatı laureatı Rüstəm İbrahimbəyovun Milli.Az xəbər portalına müsahibəsi.

"Nə qədər ki, mesenatlıq ənənəsi olmayacaq..."

- Keçən il Azərabycanda elitar cəmiyyətin yoxluğu ilə bağlı dediyiniz fikirlər birmənalı qarşılanmadı. Aradan bu qədər zaman keçməsinə baxmayaraq, söz söhbətlər hələ də davam etməkdədir. Məsələn,  bu çıxışınızla layihələriniz üçün dövlətdən maliyyə dəstəyi və xarici investorları cəlb eləmək məqsədi güddüyünüzü, nəticə etibarilə buna da nail olmağınız kimi…

- Azərbaycan  cəmiyyətində elitanın zəif olması fikri yeni deyildi. Bunu 1996-cı ildə çıxan kitabımda da, 70-80-ci illərdə mətbuata müsahibələrimdə də demişəm. Hətta Ayaz Mütəllibov və rəhmətlik Əbülfəz Elçibəyin hakimiyyəti dövründə də Azərbaycan kinosunun problemlərinin həll olunmaması ilə bağlı dəfələrlə müraciətlərim olub. Bu dəfə belə bir aktiv reaksiya vermələri mənə qəribə gəlir. Görünür zəif bəndə tuş gəliblər. Çox təəssüf ki, bir çox məmurlar «elita» sözünün mahiyyətini belə bilmədikləri halda özlərini cəmiyyətin elit nümayəndəsi sayırlar. Elita - sənətində, peşəsində ən yüksək səviyyə deməkdir. Peşəkar elita anlayışı var. Elitar həkim, elitar futbolçu, elitar jurnalist... Bunların arasında ictimai maraqları öz maraqlarından vacib sayanları milli elita adlandırmaq olar. Öz şəxsi maraqlarını  hər  şeydən yüksəkdə tutanlar isə milli elita sayıla bilməz. Nə qədər ki, mesenatlıq ənənəsi olmayacaq, Azərbaycan mədəniyyətindəki problemlərin həlli də psevdoelit nümayəndələrin ümidinə qalacaq. Mənim özümə gəlincə, heç bir çıxışımı şəxsi maraqlarımın təminatı üçün etməmişəm. Dövlət tərəfindən heç vaxt heç bir işimə rədd cavabı almamışam. Açığını deyim, mənim dövlətdən heç bir umacağım da yoxdur. Əksinə, mən, istər yaradıcığımdakı yeni layihələrə, istərsə də İttifaqın fəaliyyətinə hər ay böyük məbləğdə şəxsi vəsaitimi xərcləyirəm. Bu baxımdan mənim bu dövlətdən heç bir gözləntim yoxdur. 

"İlham Əliyevə alternativ görmürəm, varsa, heç olmasa, bir nəfərin adını çəksinlər"

- Bir qalmaqalın havası soyumadan ikinci çıxışınız başınıza bəla oldu...

- Bu yaxınlarda mən, prezident kimi İlham Əliyevə alternaltiv görmədiyimi açıqladım. O dəqiqə bəziləri başladı ittiham eləməyə ki, «bu da satıldı». Belələri anlamır  ki, seçilmiş insan qrupu var. Ağıllı, istedadlı, işgüzar olmaq hələ prezidentliyə mütləq namizədlik demək deyil. Bəlkə haradasa prezident ola biləcək dahi azərbaycanlı yaşayır, mən hələ ki, tanımıram. Ölkəyə rəhbərlik etmək üçün sosial baza, tərəfdarların, geniş imkanların olmalıdır. Və bunlara malik olan seçilmişlər arasından ələnib ən güclüsü prezidentliyə ucalır. Bütün bunları nəzərə alaraq, məsuliyyət hissilə təkrar edirəm ki, İlham Əliyevə alternativ rəqib görmürəm. Varsa belə, qoy heç olmasa, bir nəfərin adını çəksinlər, istər hakimiyyət dairələrindən, istərsə də müxalifət düşərgəsindən. Düzdür, ictimai və mədəni problemləri həll etmək üçün  prezidentdən dəstək görmüşəm. Ancaq buna rəğmən mən nə keçmişdə Heydər Əliyevdən, nə də indi İlham Əliyevdən asılı olmamışam. Heç vaxt nə ev, nə bağ, nə maşın, nə təqaüd üçün prezidentə müraciət etməmişəm. Mən kifayət qədər təminatlı insanam. 24 ildir ki, bir qəpik pul almadan Kinematoqrafçılar İttifaqına sədrlik edirəm. Pulumu da heç vaxt Azərbaycanda qazanmamışam. Və bir çoxlarından fərqli olaraq, Azərbaycanı sevdiyim üçün, könüllü olaraq yaşayıram. Burda özümü çox xoşbəxt hiss edirəm. Mənim dövlətə bütün müraciətlərim Azərbaycan mədəniyyətinin rifahı naminə olub. 

- Bəs mədəniyyətin rifahı naminə etdiyiniz müraciətlər öz həllini tapıbmı? 

- Çox təəssüf ki, Azərbaycanda Prezidentin sərəncamları icra olunmur. Üç il əvvəl, yəni, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı çıxdı. Azərbaycanfilm kinostudiyasının texniki təchizatı, rekonstruksiyası, o cümlədən «Nizami» kinoteatrının əsaslı təmiri, beynəlxalq kino məktəbinin açılışı, gənc kadrların respublika daxili və xaricində hazırlığı, bir sıra beynəlxalq kino şirkətlərilə geniş miqyaslı layihələrin icrası ilə  bağlı Nazirlər Kabinetinə göstəriş verildi. Lakin aradan 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Nazirlər Kabinetinin məlum qərarla bağlı qətnaməsi çıxmayıb. Bu müddət ərzində «Azərbaycanfilm» kinostudiyasının ancaq damı təmir olunub ki, yağış yağanda su  sızmasın, «Nizami» kinoteatrının  təmiri sona çatmayıb. Həmin sərəncama əsasən Beynəlxalq Kino Məktəbinə bir qəpik də maliyyə vəsaiti ayrılmayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı hər şeyi öz gücünə, qüvvəsinə eləyib. Həm yerli, həm də əcnəbi pedaqoqlar təmənnasız dəsr deyiblər. Bütün bunlara rəğmən üç il ərzində kifayət qədər gənc kadr yetişdirə bilmişik, hansı ki, aralarında öz ekran işlərilə beynəlxalq festivallarda müəyyən uğurlar qazana biliblər. 

- Amma gənclər də tez-tez sizin və nəsildaşlarınızın ünvanına tənqidlər səsləndirir.

- Gənc yazarlarımızın son dövrlər Anara və bir çox qələm sahiblərinə yönəlmiş ittihamlarını, «bu konformistdir», «köhnə 60-cılardandır» tipli söz hücumlarını anlaya bilmirəm. Bir qisim gənclərimizin istedadına şübhə etmirəm. Ancaq bu o demək deyil ki, səndən təcrübə və yaşca böyük insanları mütləq təhqir etməlisən. Hər kəsin yaradıcılığının dəyərini zaman özü verəcək. 

Son üç il ərzində müxalifət qəzetlərinin bir nömrəsi belə yoxdur ki, orda Anara zərbələr olmasın. Bu zərbələr nə yazıçıya, nə də Azərbaycan Yazıçılar İttifaqının rəhbərinə yox, sırf onun şəxsiyyətinə yönəlib. Mən şəxsən bununla razı ola bilmərəm. Mənə belə gəlir ki, Anar həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda istər Qarabağ münaqişəsi olsun, istərsə də başqa məsələlərdə Azərbaycanın maraqlarını qoruyan ən aktiv ziyalılarımızdandır. Anar, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ramiz Məlikaslanov, Fərhad Xəlilov, Çıngız Hüseynov, Maqsud İbrahimbəyov, Əkrəm Əylisli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Elçin, Rasim Ocaqov. Bu siyahını artırmaq da olar.  Azərbaycan mədəniyyətini dünyada tanıdan, mədəniyyətimizin inkişafına ömürlərini həsr edən bu şəxslərdən bəzilərini təhqir və ittiham etmək ən böyük ədalətsizsikdir. 

"Necə ki, idmanda komandanın yaxşı oynaması üçün xaricdən məşqçi gətirilir, eynilə televiziyada da bunu tətbiq eləmək lazımdır" 

- Yerli teleməkanımızdakı aşağı əyarlı verilişlərin Azərbaycan mədəniyətinə təsirini necə dəyərləndirirsiniz?

- Bu tək Azərabycanda deyil, bizə yaxın ölkələr arasında, Rusiyada da var.

- Ancaq  Rusiyada çoxsaylı, xüsusilə də ayrıca  mədəniyyət kanalı olduğundan tamaşaçının seçimi üçün imkanlar var.

- Razıyam, orada seçim böyükdür. Ancaq bizdə hər şey  göz qabağındadır. Dövlətin televiziyaların işinə müdaxiləsi onların çəmiyyətə deyil, dövlətə xidmət etməsinə səbəb olur. Bu da peşəkar, istedadlı kadrların kənarda qalmasına gətirib cıxarır.  Bundan çıxış yolu çox sadədir. Necə ki, idmanda komandanın yaxşı oynaması üçün xaricdən məşqçi gətirilir, eynilə televiziyada da bunu tətbiq eləmək lazımdır. İstənilən kanala xarici ölkədən peşəkar televiziya xadimini dəvət etmək kifayətdir ki, yarım il ərzində gözəl səviyyədə kanal ərsəyə gətirsin. Rusiyanı bəyənmirsinizsə, olsun Fransa, Almaniya, Amerika. Bu da bir peşədir, bir istedaddır. Bu sahənin də öz xiridarları var. 

- Deməli, öz mədəniyyətimizin inkişafı ancaq gəlmələrin ümidinə qalıb?  

- Bu heç yerdə ayıb sayılmır. Lümyer qardaşları kinematoqrafiyanı yaratmasaydılar, Azərabycanda kino olmazdı.  Bütün ölkələrdə çox gülcü birgə istehsal prosesi gedir. Vaxtilə mədəniyyət kanalını yaratmaq üçün müraciət etmişdik. Ancaq imkan verilmədi. İndi bu söhbətlər yenidən başlanıb. Bu kanal yaradılsa belə, yenə ora öz adamlarını təyin edəcəklər, nəticədə yerli telekanalların hazırki səviyyəsindən uzağa getməyəcək. Hər şey ümumi mədəni səviyyə ilə müəyyən olunur. Bir vaxtlar Üzeyir Hacıbəyov kimi bir dahi Azərbaycan bəstəkarlıq məktəbini yaratdı. Başqa ölkələrdən tanınmış professorları dəvət edərək onların köməyilə Azərbaycan musiqi məktəbini inkişaf elətdirdi. Ayıb heç nə yoxdur burda. Eynilə biz də istəyirik ki, keyfiyyətli televiziya kanallarımız olsun. Ancaq hazırki durumda Azərbaycanda bu keyfiyyətə nail olacaq heç bir mütəxəssis görmürəm. 

"Mixalkov şovinist baxışlarını hamıya sırımaqdan belə, çəkinmir"

- Müsahibələrinizin birində Nikita Mixalkov haqda demişdiniz ki, «Mən ona kino xadimi kimi hörmət, ictimai xadim kimi isə nifrət edirəm». Bəs, Mixalkovun sizin haqda düşüncələrini bilirsinizmi?

- Mixalkov bir gün mənə dedi ki, «Rüstəm, sən mənim haqda tənqidi çıxışlar edirsən, ancaq mən sənin barəndə heç vaxt bir kəlmə də pis danışmamışam». Cavab verdim ki, «deməmisən, çünki haqqımda pis deməyə sözün olmayıb». Əvvəllər biz dost idik, ancaq indi sadəcə, bir-birinə normal münasibət bəsləyən iki həmkar. Bu insan ictimai xadim olmaq üçün doğulmayıb. Mixalkov o qədər eqosentrik və ideoloji əqidəsində aqressivdir ki, özünün şovinist baxışlarını hamıya sırımaqdan belə çəkinmir. Elə buna görə də mən və çox sayda kino xadimi Rusiya Kinematoqrafçılar İttifaqının üzvlüyündən istefa verdik.     

- Nə vaxtsa  yenidən dostlaşsanız, təkrar birgə işləmək istərdinizmi? Bir zamanlar «Günəşdən usanmışlar» filmində olduğu kimi.

- Münasibətlərimiz inanmıram ki, bundan sonra dostluq səviyyəsində düzəlsin. Düzü onunla işləməyə mənim heç bir arzum da yoxdur artıq. 

"Fuad Poladovla münasibətlərimizin düzəlməsi üçün əlimdən gələni edirəm"

- Bir müddət öncə xalq artisti Fuad Poladovla aranızda  münaqişə yaranmışdı. Sizin ona qastrol səfəri zamanı etdiyniz kobudluq, onun teatrdan xəbərsiz xaric olunması…

- Mən onu teatrdan xaric eləməmişəm. Əksinə, teatrdan getməməsi üçün təkid eləmişəm. Sadəcə olaraq aramızda kiçik konflikt yarandı. Ona qarşı kobudluğa yol verdiyimi etiraf edirəm. Ancaq mən tamamilə haqlı idim. 

- Bəs niyə məlum  insident həm sizin, həm də akytor tərəfindən təkzib edildi, hətta kifayət qədər rəvan, dost münasibətlərinizin olduğu deyildi?

- Mən indi də təkrar edirəm ki, mənim Fuad Poladova hörmətim böyukdür, alicənab insandır. Biz heç vaxt dost olmamışıq, amma həmkar kimi xoş münasibətimiz indi də davam edir. Hər bir kollektivdə, hər bir ailədə söz-söhbətlər ola bilər. Ancaq nə olursa olsun, bu inciklik uzun sürməməlidir. Düşünürəm zamanla münasibətlərimiz düzələcək. Belə bir aktyoru itirməyimə çox təəsüflənirəm və münasibətlərin düzəlməsi üçün öz növbəmdə əlimdən gələni edirəm. 

- «İbrus» Teatrının nizamnaməsinə əsasən  tamaşalar iki dildə - azərbaycan və rus dillərində oynanılmalıdır. Lakin 10 ilə yaxın fəaliyyəti ərzində teatrda azərbaycan dilində cəmi iki- «Şirəbənzər» və «Arabir görüşmək üçün kişi axtarıram» tamaşa hazırlanıb…

- Mən məmnuniyyətlə, tamaşaları Azərbaycan dilində də hazırlayardım, ancaq məsələ burasındadır ki, rus dilində gedən tamaşalara 80 nəfər gəldiyi halda, Azərbaycan dilində oynanılan tamaşalara 15 nəfər gəlir. Fuad Poladovun teatrdan gedişilə sadaladığınız bu tamaşalar da artıq repertuardan götürülüb. Yaxın gələcəkdə oynanılmış tamaşalardan «Tartüf Ağayeviç»i Azərbaycan dilində mütləq hazırlayacağıq. Yaxın gələcəkdə Cəlil Məmmədquluzadənin əsərləri əsasında mənim yazdığım «Cəlilsayağı» pyesinin məşqləri başlanacaq. Azərbaycan Milli Akademik Teatrının  tanınmış aktyoru Rafael Dadaşov da yeni hazırlanacaq tamaşada iştirak edəcək.
Hazırda bizim teatrda  həm azərbaycan, həm də rus dilində oynayan kifayət qədər görkəmli aktyorlar var. Şukufə Yusupova, Mehriban Zəki, Rafiq Əliyev, Mələk Abaszadə, Mabud Məhərrəmov, Sadıx Əhmədov…

- Mətbuatda belə bir xəbər yayılmışdı ki, guya Hollivudda «Əli və Nino» romanı əsasında film çəkilir və siz də bu filmin yaradıcı heyətində təmsil olunursunuz…

- «Əli və Nino» əsəri Avropada çox populyardır, çox sevilir. Bu əsəri ekranlaşdırmaq ideyasına bir neçə ölkədən təşəbbüs göstərilir. Təxminən 10 il öncə Hollandiyadan olan görkəmli rejissor və prodüser bununla əlaqədar mənə müraciət etmişdi. Artıq filmin ssenarisi hazırdır. Biz tərəfdən isə «Azərbaycan kinoteatrında şərik qismində olan Humani qardaşları cəlb olunmuşdu. Təəssüf ki, təşkilat və maliyyə problemləri səbəbindən filmin istehsalı dayandırıldı.
Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий