четверг, 30 сентября 2010 г.

Rəqibi sarsıtmağın ən yaxşı yolu nədir? - FOTO

Bakı səhnəsində gürcülərin coşğun temperamenti, yüksək artistizmi, mükəmməl plastikası… 

«Rəqibi sarsıtmağın ən yaxşı yolu məzhəkədir». Bu deyimdən çıxış edərək dünya şöhrətli gürcü rejissoru Robert Sturua növbəti tamaşasının hədəfini məhz rəqiblərinə tuşladı. Bunun üçün isveçrəli dramaturq Maks Frişin «Biderman və təhrikçilər» əsərinini üzərində var-gəl eləməyə, əsas özəyində isə özünün ictimai-siyasi görüşlərini həkk etdirməyi lazım bildi. Daha aydın desək, eyni adlı əsərə ikinci müəllifliyi etdi. Əbəs yerə deyilmir ki, dramaturq bir şeyi yazır, rejissor başqa şey qoyur, tamaşaçı üçüncü fikri anlayır, tənqid isə bir başqa nəticəyə varır. Sözügedən tamaşada dramaturq və rejissorun pyesdəki eyni kəlmələrə, eyni qəhrəmanlara bir-birindən kəskin şəkildə fərqlənən münasibətləri göründü. Və etiraf etmək gərək ki, rejissorun hadisələrə baxışı müəllifdən daha aktual, daha maraqlı idi. Zamanın tonallığını zərgər dəqiqliyilə duyan, fərqli düşüncə tərzini çatdıra bilən cəsarətli rejissorlardandır Sturua. Bu, onun mətbuata verdiyi müsahibələrilə bahəm tamaşalarında da qabarıq şəkildə ifadə olunur.

Dövrün nəbzini tutan aktual, fərqli cəsarət nümunəsi!

Xatırladaq ki, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının Bakıya daha öncəki səfəri 2008-ci ilə təsadüf edir. Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində göstərilən üç tamaşa - «Hamlet», «Darispanın iztirabları», «İnsandırmı o?» və iki il sonra bir neçə gün öncə Gənc Tamaşaçılar Teatırnın səhnəsində nümayiş olunmuş «Biderman və təhrikçilər» tamaşası ilə. Bütün tamaşaların quruluş müəllifi uğurlu tamaşaları ilə dünya mədəniyyətində adını brendə çevirmiş Robert Sturuadır. Və növbəti səhnə əsərində də dövrün nəbzinin tələb etdiyi aktual, fərqli və ən əsası isə cəsarət nümunəsi. «Rəqibi sarsıtmağın ən yaxşı yolu məzhəkədir» sitatı səslənməsinə baxmayaraq, «Biderman və təhrikçilər» tamaşası sözün həqiqi mənasında məhz bu meyarlara cavab verirdi. 

İşveçrəli romançı və dramaturq Maks Frişin bu pyesini Robert Sturua demək olar ki, «pozub» yenidən «yazsa» da, əsas personajları saxlamaq şərtilə onların da əsərdəki «fəaliyyətlərini» öz bildiyi, dövr etibarilə aktual və daha maraqlı ola biləcək tərəfə yönəldib - Gürcüstan Respublikasının bu günkü ictimai-siyasi mənzərəsini və bu mənzərədə bilavasitə «əməyi» olan qəhrəmanları göstərməklə…

Bu gürcülər nə demək istəyir?

Tamaşanın əsas qəhrəmanları Qotlib Biderman (Zaza Papuaşvili), Babetta Biderman (Nino Kasradze), Xidmətçi Anna (İya Suxitaşvili), Yozef (Beso Zanquri), Mario Ayzenrinq (David Darçia), Polis (İrakli Maçaraşvili), dul qadın Klekxşnikl (Dadercan Xarşiladze), Təhrikçilər-yanğınsöndürənlərdən (Ş.Rustaveli teatrının aktrisaları) ibarətdir. Nə personajların, nə də onları canlandıran aktyorların adları, nə də səhnənin ümumi ab-havası oxucuya ilk andan heç nə demir. Qəhrəmanların hansı məzhəbə qulluq etməsi yalnız tamaşa prosesində açılır. Fars elementli klounada janrında hazırlanmış bu tamaşanın ilk dəqiqələrindən bir şey anlamırsan. Nə baş verir? Kim nə deyir? Hansı sözün altında nə məna yatır? Tamaşanın gürcü dilində sinxron tərcümə edilməsi hadisələri duymağa daha da mane olur... Ancaq bu qeyri-müəyyənlik uzun çəkmir. Ən geci 15 dəqiqədən sonra artıq anlayısan ki, yüngül cizgilərin altında hansı dərin qatlar yatır, aktyorların rəngarəng qrimli, parikli, kloun libasında səhnədəki hoqqabazlıqları əslində hansı fikrin çatdırılmasına xidmət edir? Son bir neçə ildə Gürcüstanda baş verən hadisələrin uzaqdan müşahidəçisi olmaq kifayətdir ki, səhnədən ötürülən mesajların həqiqi ünvanını müəyyənləşdirəsən. Və o andan ağlına gələn ilk fikir: Ancaq Robert Sturua buna cəsarət edə bilərdi. Və ardınca təəssüf hissi: Niyə bizim milli teatrda belə cəsarət sahibləri qıtdır?! Niyə Azərbaycan teatrı real mənzərəni olduğu kimi yox, ancaq mədhiyyələr kontekstindən görükdürür?! 

Belə yerdə qonaq teatra qibtə eləməkdən başqa çarə qalmır. Çünki, bənzər motivli tamaşalar nəinki başqa ölkəyə çıxarılmazdı, elə «prosmotr» deyilən ictimai baxışdaca «fatehə»si verilərdi… 

«Biderman və təhrikçilər» tamaşası hadisələr Qotlib Bidermanın ətrafında cərəyan edir. Gürcüstan hakimiyyətinin hakim rəhbərliyinin timsalında səhnədəki qəhrəman - Qotlib Bidermandır. Rəngli bayram qiyafəli, gülərüzlə gəlmiş əcnəbi qiyafəli çağırılmamış qonaqlarla aparılan «diplomatik-romantik danışıqlar» isə şər, bəlanı simvolizə edən əcnəbi qüvvələrə işarədir. Tamaşa boyu Bidermanda müşayət olunan metamarfoz dəyişikliklər də mövcud hakimiyyətin külək əsən tərəfə meylli olmasına, kütləni ifadə edən yanğınsöndürənlər - antik xoru xatırladan təhrikçilərin «Biz Bidermana inanırıq, o, şərlə mübarizə aparır» və s. bu kimi reçitativ ifaları əslində kütləyə parodiya, ironiya, sarkazmdan başqa bir şey deyildi… 

Gürcüstan hakimiyyətinə həyatda və səhnədə etiraz 

Özəlliklə Biderman rolunun ifaçısı Zaza Papuaşvili üçün bu mövzu xüsusi həssaslıq kəsb edir. Çünki, Gürcüstandakı mövcüd rejimə etiraz əlamətini Zaza Papuaşvili ötən il digər bir neçə həmkarı ilə birlikdə Rustaveli Teatrının qarşısında qoyulmuş həbsxana kamerasını xatırladan dəmir barmaqlıqların içində oturmaqla, «çürümə təhlükəsi yaşayan Gürcüstan həbsxanaya bənzəyir» sözlərilə ifadə etmişdi. Bu baxımdan Biderman obrazını həmin etirazın davamı da hesab etmək olar. 

İstər səhnə tərtibatı (səhnəqrafiya Qoqi Aleksi-Mesxişviliyə aiddir - S.B.), istər quruluş etibarilə kifayət qədər səliqə ilə hazırlanmış tamaşada peşəkar aktyor ifalarını qeyd etməmək ədalətsizlik olardı. 

Təcrübəlisindən tutmuş gəncinə qədər, birinci, ikinci dərəcəli və ya epizodikliyindən asılı olmayaraq hər bir akytor obrazın ifadə edən xarakterik cizgiləri çatdırmaq üçün bütün ağırlığı monoloqlara yükləmir, səsinin gur yerinə güvənmirdi. Hər xırda ştrix belə incəliklə ölçülüb-biçilmişdi. Sadə mimika, plasktika, hətta sıradan səhnə yerişində belə obrazın xarakteri, bədilik həməncə «oxunurdu». Özəlliklə Zaza Papuaşvilinin coşğun temperamenti, Nino Kasradzenin yüksək artistizm tələb edən maneraları, İya Suxataşvilinin mükəmməl plastikası… 

İtə ataram, yada satmaram!

Heç nə əbədi deyil bu dünyada. Hər kəs öz əkdiyini bir gün biçmək zorundadır. Haqq-hesab anı yetişəndə də sonun necə olacağına heç kim zəmanət verə bilməz. Ancaq əsər müəllifindən fərqli olaraq Robert Sturua bu tamaşasında Bidermanın sonuna özü qərar verib… Kimliyindən, niyyətindən, əməlindən asılı olmayaraq yenə də «özününküdür», gürcüdür, onlardan biridir. Necə deyərlər, «ətini yesə də, sümüyünü çölə atmır». Elə bu kiyayətdir ki, qəhrəmanının məğlubiyyətini belə namərd əlindən olmasına rejissor yol vermir. Biderman öz hökmünü öz əlilə yerinə yetirməlidir - kibrit çöpünü yandırıb öz evini özü ilə birgə atəşə verir… Bu yerdə istər-istəməz «Yeddi oğul istərəm”  filminin final səhnəsi göz önündə canlanır. Sovet hakimiyyətinin qurulması ərəfəsində hər şeyi – malını, mülkünü, övladını itirən Gəray bəyin (Həsənağa Turabov) düşmənləri - sovet qurucularının yox, məhz öz əlilə öz beyninə gülləni çaxması. Yəni, özünə ağa, bəy, kişi deyən kimsənin, ən azından kişi kimi ölməyə cəsarəti çatmalıdır. Kişi kimi yaşamağı bacarmasa belə. 
http://www.milli.az                                                                                                              Sevda Babayeva

    

  


                                                 

Комментариев нет:

Отправить комментарий