AZƏRBAYCANDA DİN
Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Məzhəblərə gəldikdə isə azərbaycanlıların çoxu (təqribən 65 faizi) şiələrdir, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlı prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.
İslam
7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində yayıldı. Azərbaycanın islamlaşması da erkən islam fütuhatı ilə hicrətin 18-ci ilindən (639-cu il) başlanır. Ərəblərə məğlub olan Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad həmin il sülh müqaviləsini bağladı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Ərəbləri şəhərin istehkamları heyran edir və onlar Dərbəndi "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə [656-
661] Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. İslam fütuhatı çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər. Döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali isə bir qədər kənara - "rabat" adlanan yerlərə köçürülürdü. Bu dövrdə ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.
Azərbaycanda islamlaşmanın birinci mərhələsi 7-ci əsrin ortalarından 8-ci əsrin əvvəllərinə qədər davam edən islam fütuhatı dövrünü əhatə edir. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və alban kilsəsinin öz müstəqilliyini (avto-kefallığını) itirməsi ilə bitir. Akademik Ziya Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeyd-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında da yayılır, çünki ərəblər tərəfindən onlara güzəştlər olunurdu. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, tayfa şüurunun üstünlüyü qorunub saxlanılırdı.
İkinci mərhələ 8-ci əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövləti yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, iudaizm mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, lakin nüfuz dairəsi zəiflədiyindən ardıcılları erməniləşir, ayinlər erməni dilində aparılırdı. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlılıq da qalır. Abbasilər hakimiyyətinin ilk dövründən başlanan şüubilik hərəkatı, Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır.
QMİ beynəlxalq islam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaradır. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti ruhani kadrların yetişdirilməsi sahəsində xeyli iş görür. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və islamşünas mütəxəssislər hazırlanır. Ölkədə 1300 məscid, 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda həmçinin 11 molokan icması da fəaliyyət göstərir.
İudaizm
Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazi) və gürcü yəhudiləri icmaları mövcuddur.
Dağ yəhudiləri hazırda ölkədəki yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin danışıqlarında çoxlu türk, fars və rus sözləri vardır. Musa Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlməsini e.ə. 1-ci əsrə aid edir. Başqa məlumatlara görə, onlar Şərqi Qafqaza Sasani hökmdarı I Xosrov Nuşirəvan [531-579] tərəfindən köçürülmüşlər. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Talmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri hesab edirlər.
Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt halda məskunlaşdıqları ən iri yaşayış məntəqəsidir. Ayin orucu günü dünyanın hər yerindən dağ yəhudiləri yaxınlarının qəbirlərini ziyarət etmək üçün buraya gəlirlər. Qəsəbədə üç sinaqoq və mikva vardır.
Azərbaycanda 19-cu əsrdən məskunlaşmağa başlamış Avropa yəhudilərinin əksəriyyəti Bakıda və Sumqayıtda yaşayırlar.
Gürcü yəhudilərinin icması sayca kiçikdir. 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur.
Xristianlıq
Azərbaycan ərazisində Xristianlıq yeni eranın ilk əsrlərində yayılmışdır. Burada ilk xristian icmalarının yaranması da bu dövrə təsadüf edir. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (suriyapərəst) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Aqvan diyarının Kiş adlı yerində Qafqazda ilk xristian kilsəsini inşa etmişdir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan etdi. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının yunanpərəst dövrü başlanır. 4-5-ci əsrlərdə bölgədə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır, kilsələr tikilir, dini kitablar Suriya və yunan dillərindən tərcümə edilirdi. Sinayda aşkar edilmiş alban yazısı və alban dilində olan leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.
451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. 5-6-cı əsrlərdə ölkə ərazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. 6-cı əsrin sonu – 7-ci əsrin əvvəllərində alban kilsəsi diofizitliyi qəbul edir.
Alban katolikosunun iqamətgahı Çoqa şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatından, xüsusilə alban dövlətinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, alban kilsəsi isə erməni kilsəsinə tabe edilmişdir. 9-10-cu əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. Bu durum 19-cu əsrə kimi davam etmiş, 1836-cı ildə isə çar hökuməti Sinodun təqdimatı ilə alban kilsəsini ləğv etmiş, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilmişdir. 20-ci əsrin 80-90-cı illərində alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra, alban-udi xristian icması dövlət qeydiyyatından keçmişdir.
Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda 19 əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildən fəaliyyət göstərir. Rus pravoslav kilsəsində baş vermiş parçalanmadan sonra sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altıağac kəndini, 1838 ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Rus Borisi, 1844 ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində artıq 13 min sektantın yaşadığı 21 kənd var idi.
Katolisizm Bakıda ilk Roma-katolik prixodu 19 əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi adlı kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-12 illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan Müqəddəs Məryəmin Bakirə Hamiləliyi yeni kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır.
Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ 19-cu əsrin 2-ci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də 19-cu əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar olmuşdur. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda incilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Göygöl şəhəri) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994 ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.
Alban-udi kilsəsi. Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.
Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, "xristian kilsələrinin anası" hesab olunur.
Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə" çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı qismən də olsa bərpa edilmişdir.
Комментариев нет:
Отправить комментарий