PAYTAXT
Bakı şəhəri Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Abşeron yarımadasında, Xəzərin qərb sahilində yerləşir.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.
Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəgədi, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir.
Bakının ən qədim tarixi abidələrindən biri dünyada qayaüstü təsvirləri ilə tanınmış Qobustandır. Burada Mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidəsinə rast gəlmək olar.
Bakını V-VI əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus məxəzlərində (XV əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.
Bakı hələ orta Şərqin iri şəhərlərindən idi. İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib.
Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu - XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində Monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar.
XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı.
Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri - Buxara karvansarası(XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.
Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir.
1501 ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən Nadir şahın hakimiyyəti altına keçdi.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı.
1796-cı ilin yazında rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. II Yekaterinanın ölümündən sonra çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi.
1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində gen. P.Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.Sisianov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 3000 nəfər əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
10 aprel 1840-cı ildə təşkil edilmiş Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılmışdır. Çar I Nikolayın 1846 il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilmişdir. Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüş və adi dəyişdirilərək Bakı quberniyası adlandırılmışdı. Həmin fərmanla Bakı şəhəri quberniya mərkəzi statusu almışdır.
1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən qurumun adı belə olmuşdur:
Bakı Şəhər Duması-1870-ci ildə təsis edilmişdir.
Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977
Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1991
Bakı Şəhər İcra Hakimiyyəti - 1991-ci ildən indiyədək
Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Dumasının) binası İstiqlaliyyət küçəsinin mərkəzində yerləşir. Onun inşası 1900 ildə başlanıb, 1904 ildə başa çatmışdır. Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilmişdir. Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir. Bu günədək qorunub saxlanılan gerbin ortasında mavi dalğaların üstündə ulu babalarımızın sitayiş etdiyi və Azərbaycanı odlar diyarı kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub.
Bakının ilk gerbi 1840-cı ildə təsdiq olunmuşdur. 1883-cü, 1967-ci illərdə gerbdə müəyyən dəyişikliklər edilmiş və 2001-ci ildə sonuncu variantı qəbul edilmişdir.
Bakı özündə 11 inzibati rayonu və 61 qəsəbəni birləşdirir. Əhalisinin sayı təqribən 2 milyon nəfərdir.
Şəhərin ilk gerbi 21 may 1843-cü ildə təsdiq edilmişdir. 1883-cü il martın 16-da ikinci gerb, 14 aprel 1967-ci ildə üçüncü, və nəhayət, bugünkü gerb 2001-ci ildə təsdiq edilmişdir.
Bakı şəhərinin müasir gerbi
Bakı şəhərinin gerbi aşağı tərəfi iti bucaq şəklində olan düzbucaqlı formada qalxanvari lövhədən ibarətdir. Lövhə hər tərəfdən eni 6 mm olan qızılı zolaqla əhatə olunaraq haşiyələnmişdir.
Gerbin əsas ölçüləri: eni - 100 mm, hündürlüyü 140 mm-dir.
Gerbin fonu açıq göy (sülh və açıq səma rəmzi) rəngdədir və lövhənin fonunda qızılı rəngli, eyni ölçülü üç alov dili (odlar yurdu rəmzi) təsvir edilmişdir. Alov dilinin hər birinin hündürlüyü 37 mm, eni 26 mm-dir.
Gerbin aşağı hissəsində şaquli xətt üzrə lövhənin ondabir hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan hissənin isə dörddəbirini tutan firuzəyi rəngdə dəniz dalğaları təsvir edilmişdir.
Üfuqi xətt üzrə firuzəyi rəng fonunda üç cərgə qızılı rəngli beş dalğa keçir. Üfüqü xətt boyunca hər dalğanın ölçüsü 17,6 mm-dir.
Gerb medallarda və fəxri fərmanlarda təsvir edilərkən, o, aşağıdan başlayaraq sağdan və soldan zeytun (şöhrət rəmzi) budaqları ilə haşiyələnir. Budaqlar aşağı hissədə çarpazlanır.
Medallarda və fəxri fərmanlarda, habelə gerb təsvir olunan digər sənəd və əşyalarda bütün nisbətlər saxlanılır, təsvirin miqyası isə tələbatdan asılı olaraq müəyyən edilir.
Комментариев нет:
Отправить комментарий