пятница, 28 октября 2011 г.

İstanbulda “tutuklanma” keyfi...

[Image]
  İstanbul Atatürk Hava Limanı. Diş və İç Hatlara keçid bölümlərində passport kontrolu üçün dünyanın hər bir yanından sıraya düşülmüş insan sayı. İstanbuldan İzmirə uçacaq təyyarəyə keçmədən öncə İç Hatlara yaxınlaşıb sənədimi təqdim edirəm. Görəvli məmur sənədimi xüsusi elektronik cihaza tıklayıb kompüterdə görünən məlumatlara diqqət edir. Və dərhal telefona sarılaraq xəttin o biri başında passport bilgilər haqda həmkarına çox sakit səslə məlumat verir. Məxfi danışığından yalnız bu cümlələri eşidə bilirəm:“...Hakkında arama kaydı çıkdı... Sınırı geçmesine izin var mı?...”. Nə baş verdiyini anlamaq üçün “Bir problemmi var məmur bəy?”, deyə sualıma “Bir dakika hanımefendi, araştırıyoruz” cavabını alıram.
Aradan təxminən 20-25 dəqiqə keçir. Polislərin gediş-gəlişləri bir-birini əvəzləyir, hər biri passport bilgilərimə baxıb kabindəki məmura yardım məqsədli tövsiyyələr verib gedir. Mənsə hələ də baş sındırıram ki, “görəsən, İstanbul polisini ayağa qaldıracaq nə etdim?”. 
  Bu zaman ərzində İç və Dış Hatlarda passport kontrolu üçün sıraya düzülmüş izdiham bitir, hətta məndən sonrakı sıralarda dayananlar belə, rəsmi işləmlərin tez bitməsi üçün digər kabinlərə yönləndirilir, mənim şəxsiyyətim haqqında araşdırmalarsa, bitmək bilmir ki, bilmir. Nəhayət, bir başqa polis məmuru yaxınlaşıb “Sevda hanım, lütfen benimle gelin” deyir. Səbirsizlənib “Məmur bəy, istəmədən bir yanlışlığamı yol verdim?” deyə soruşuram, yenə eyni cavab, “Araştırıyoruz, az sonra size bilgi vereceyiz”. Polisin müşayətilə xüsusi sorğu otağına “dəvət olunuram” – “Lütfen burda bekleyin”.
Gözləməkdən başqa çarəm qalmır. İçimdə anlaşılmayan qəribə bri sakitlik, rahatlıq olsa da, arabir cinlərim məni oynadır:

Cinlərin səsi: Türkiyəyə ilk dəfədir gəlirəm, bəlkə doğrudan da bilmədən hər hansı bir qanun pozuntusuna yol vermişəm? Yoxsa kimsə hiss etdirmədən çantama bir şeylər atıb? (dərhal çantamın içini eşələyirəm)
Pozitiv səs: Boş ver Sevda, təlaşa düşməyinə səbəb yoxdur. Adi yoxlamadır, bir azdan hər şey həll olunacaq. Bircə tez qurtarsın bu sorğu-sual, İzmir təyyarəsini qaçırmayım.


  Boş, səssiz zamanımı doldurmaq üçün otağın interyerini müşahidə edirəm. Çox da geniş olmayan otaq, bir masa, qarşı-qarşıya qoyulmuş iki stul, divarın sağ və sol tərəfində bir-birinə bitişik dəmir skamyalar. Diqqətimi sag tərəfdəki skamyanın son oturacağına baglanmış əl qandalı çəkir. İçimdəki cinlərdən birinin sayəsində gözümün qabağına əli qandallı halım gəlir və dərhal da özümdən bu fikri uzaqlaşdırmağa çalışıram:“Allah uzaq eləsin, bir qandalım çatmırdı!”.
  Otağa girişin sol tərəfində tualetə bənzəyən yer. Ora da gözucu nəzər yetirib görürəm ki, nə qapısı var, nə bacası, “təmiz”liyilə göz oxşayan su kranına isə söz ola bilməz.
  Otaqdakı tavanın sağ küncündə izləmə kamerası quraşdırılıb. Çox rahat və əminliyimi məmurlara göstərmək, bəlkə bir az da özümü  inandırmaq üçün yan otaqdan məni izləyən polirlərə kamera vasitəsilə acığa bir gülücük və salamlama da göndərirəm. Gözləyirəm ki, bu dəqiqə bir polis içəri girib “neden bizimle alay ediyorsunuz hanımefendi?” deyə soruşaçaq. Və elə bu məqamda həqiqətən içəri boylu-buxunlu, yaraşıqlı bir polis məmuru, əlində passportum və A4 formatlı kağıza etdiyi qeydlərilə daxil olub başlayır sorğu-suala:

Polis: İsminiz və soyisminiz Sevda Babayeva mı?
Mən: Bəli, yəni, evet.
Polis: Azerbaycanda mı yaşıyorsunuz?
Mən: Bəli.
Polis: Türkce çok iyi konuşuyorsunuz ama.
Mən: Hər halda yaxşı danışacagam, nəticədə öz ana dilimdir.
Polis: Sık sık mı Türkiyeye geliyorsunuz?
Mən: Xeyr, ilk gəlişimdir.
Polis: Yalnız mı geldiniz, yoksa eşinizle?
Mən: Yalnız gəldim, evli deyiləm.
Polis: (nəzərini barmağımdakı gümüş üzüklərə işarə edərək) Ama parmağınızda yüzükler var?
Mən: Evliliyin nişanəsi gümüş deyil, qızıl, yəni altın üzüklərdir. Üstəlik, böyük ehtimalla siz də bilirsiniz ki, evlilik üzüyü baş, işarət və orta barmaqlara taxılmaz.
Polis: Hmmm. Türkiyeye gelişinizin amacı ne?
Mən: Qonaq, yəni misafir olaraq dəvətliyəm.
Polis: Ne iş yapıyorsunuz?
Mən: Qazetəciyəm.
Polis: Öylemiiiiiiiii?
Mən: Öyle.
Polis: Babanızın ismini pasaportda gösterebilirmisiniz?
Mən: (Sənədimdə atamın adı yazıldığı yeri göstərib) Atamın adını bir az əvvəl digər məmura da söylədim. Bu qədər zamanı baba adı aramaqla məşguldunuz?!
Polis: Kusura bakmayın Sevda hanım. Sizi bir başkasıyla karıştırmışız. Çok özür dileriz.
Mən: Bir açıqlama gözləyirəm. 45 dəqiqədən çoxdur ki, saxlamısınız məni. Ən azından səbəbini bilməyə haqqım var!
Polis: Azerbaycandan Sevda Babayeva deye birisi ulusal aramadadır. Siz olduğunuzu zann etdik, amma baba isminiz farklıymış. Təkrar özür dileriz...

[Image]
 Zamanım olsaydı, polislə çıxardım çənə-boğaza. Divara dirəmək bahasına olsa belə sorğu-sual edərdim ki, az qala yüz polis gözü pasportuma baxdı, niyə ata adının fərqli olduğuna mənim göstərməyimdən sonra inandı?! İnterpolun axtardığı eyni ad və soyadımı daşıyan azərbaycanlı xanım hansı cinayəti törədib? Niyə ev və iş açarları odlu silahmış kimi müsadirə olunur?! Niyə adı İlham, soyadı Əliyev olan Azərbaycan vətəndaşları xüsusilə ciddi sorğulara cəlb olunur?! Məgər görünüşdən baxınca, fərqli insanlar oldugunu anlamaq bu qədərmi müşküldür?!... Gülüş və əsəbi bir arada yaradan bu və digər sualların cavabı çox maraqlı olardı. Ancaq sayılı qalan son dəqiqələrim yalnız qaçmağa - ərazi böyüklüyünə görə dünyada ilk üçlüyə girən, üstəlik tanımadığım İstanbul hava limanının İç Hatlar terminalına gedən yolu tapmaq, özümü İzmirə uçacaq təyyarəyə çatdırmağa yetərliydi...

SEVDA BABAYEVA 

P.S: Bir ay sonra. Yenidən Istanbul hava limanında, amma bu dəfə dönüş üçün Dış Hatlar kontrolundayam. Və yenə də dəqiqələr sürən yoxlamalar, sakit, məxfi telefon danışıqları... Artıq heç bir izahat gözləmədən gəlişdə qarşılaşdığım hadisəni xatırlayaraq “ata adı fərqlidir, aradığınız insan mən deyiləm” cümləsini deməyim qarşılığında “Sevda hanım, bu defa baba ismi de tutuyor” cavabı alıram. Çaşqın vəziyyətdə yerimdə donub qalıram. İki-üç dəfə soruşduğu “Annenizin ismi ne?” sualına elə bir o qədər sayda da aldığı cavabdan sonra heç bir sənəd, isbat tələb etmədən “Tamam, geçe bilirsiniz” deyir. 

Mən: Türkiyəyə hər səfərimdə belə yanlışlıqlara məruz qalacağam?!
Polis: Malesef evet.
Mən: Onda gözümüz aydın!

1 комментарий: