Teatrı çox sevirəm, onu məbəd saymasam da. Teatr cazibəsinin əsiri olmağı da xoşlayıram. Mənə görə teatr, bütün sənətlərin ən cazibəlisi, ən maraqlısı, ən sirlisi və... ən kirlisidir. Bütün gözəlliyiyinə, sehrinə, cazibəsinə rəğmən çirkabları ilə bahəm, həm də yalançılarla dolu bir bir sənətdir. Bu sənəti intriqalarla, pərdəarxası didişmələrlə çirkablaşdıran da elə sənətin “yalançıları” – aktyorları, rejissorları, rəhbərləridir. Çünki, bütün səhnə həyatı boyu, gündə bir neçə dəfə katarsis yaşasalar da, arınmanın heç həndəvərində belə olmayan sənətçilər az deyil. Hətta deyərdim ki, səhnədəki yaradıcı “yalan”ın həyatdakı yalanın kölgəsində qalacağı qədər. Üzdə dünyanın mələyi olub, haqqında bir tənqidi fikir səsləndirəni və ya yazanı öz gözündə xalq düşməninə çevirəcək qədər mənfəətcil “əhalisi” olan bir sənətdir...
Bu kimi acılı-şirinli yalanlara şahidlik etmək üçün teatrın qapısına qədər getmək də şərt deyil. Televiziyalarda, yazılı mətbuatda sənətçilərin müsahibələrini, açıqlamalarını izləmək kifayətdir ki, konkret subyekt haqqında müəyyən təsəvvür yaransın.... Qısası bütün bu nyüanslar teatrdan nifrət etməyim üçün yetərli səbəbdir. Amma hər şeyə rəğmən sevməyə də bilmirəm. Bəlkə də elə bu səbəbdən dolayı teatra həsr olunan verilişləri qaçırmamağa çalışıram. Harda ki, quruluşçu rejissor – aparıcı, baş rolların ifaçısı sənət xadimləri, ikinci dərəcəli və epizodik rolların ifaçıları – zalda oturan mətbuat nümayəndələri və seyrçilərdir. Bu ekspromt “teletamaşa”nın “janr”ını da verilişin gedişatı müəyyənləşdirir. Mövzu təxmini bəlldir: teatrın mövcud problemləri və həlli yolları. Qızğın müzakirələr başlanır. Bir-birinin sözünü kəsərək səmimi, qeyri-səmimi, boğazdan yuxarı çıxışlara, şikayətlərə, məsləhətlərə start verilir. Arada bir, sanki kimin səsi daha yüksəkdən çıxacaq düşüncəsiylə “boğazvurma yarışı” da keçirilir. Məhz bu tipli müzakirələrdə kimin “kim” olduğu da üzə çıxır. Aktyor, rejissor, qısası sənət xadimi olmaları ilə yanaşı, həm də bir şəxsiyyət kimi kimliyin reklam, tanıtım prosesi gedir. Və nə yazıq ki, bu reklam, sənətçilərin xeyrindən çox, ziyanına işləyir...Teatrla bağlı müzakirələr, söhbətlər necə olursa, hərlənib-fırlanıb adətən gənclərə dirənir. Məlum olur ki, bu gün korifey sayılan və sayılmayan yaşlı nəsl sənətçilərin ən ağrılı və dəbdə olan mövzusu gənclərdir. Daha doğrusu onlardan narazılıqları. Şikayətlərin məğzində müasir yaradıcı gənclər arasında həqiqi istedad sahiblərinin azlığı, səhnədə novatorluq adı ilə əllaməlik, hoqqabazlıq etmələri, efirlərdə bəsit gülüşlə meydan sulamaları, böyük sözü dinləməmələri, məsləhətə qulaq asmamaları və s. və i.a. qabardılır. Hər dövrdə, hər zəmanədə olduğu kimi bu gün də nəsillərarası mübarizə gedir. Amma məsləhətin, böyük sözü dinləməyin konkret nədən ibarət olduğunu, bu anlamın özündə nələri ifadə etdiyini bir kimsə demir. "Sözümün mustafası"na gəlirəm. Bir neçə gün öncə teatr mövzusuna həsr olunmuş televiziya verilişlərinin birində xalq artisti Ramiz Əzizbəyli, “gənclərə şərait yaradılır, amma onlar bizim təcrübəmizdən, məsləhətimizdən istifadə etmirlər...” kimi növbəti iradını səsləndirdi. Növbəti sözünü əbəs yerə demədim. Belə ki, aktyor, bu iradını təkcə efirdən yox, canlı ünsiyyətimiz zamanı də dəfələrlə dilə gətirib. Öz prizmasından haqsız da sayılmazdı, əgər sözü ilə sonrakı əməli ziddiyyət təşkil etməsəydi və nəticədə bir aktyor, rejissor və müəllim kimi öz səmimiyyətini şübhə altına salmasaydı. Bir az da dəqiqliyə varsaq, ötən həftələrin birində yerli radioların birində “Biz nəyə gülürük?” mövzusu müzakirə olunurdu. Anonslardan da məlum olduğu kimi, qonaq qismində xalq artistimiz Ramiz Əzizbəyli, yumorist Elməddin Cəfərov, “Bu şəhərdə” layihəsinin prodüseri Müşfiq Abbasov və teatrşünas qismində bəndəniz dəvət olunmuşduq. Bü gün biz nələrə, kimlərə güldüyümüzü müzakirə edəcəkdik. Etdik də. Mövzu ətrafında hər kəs öz fikrini, mülahizəsini, düşüncəsini paylaşdı. Amma komediya ustası sayılan Ramiz Əzizbəylinin komediya janrı, ümumilikdə teatr haqda deməyə sözü olmadı. Nə də digər qonaqlar, radio dinləyiciləri aktyorun fikrindən, məsləhətindən, eləcə də özünün nəyə, kimə və niyə güldüyündən xəbərdar ola bilmədi. Çünki, Mədəniyyət və İncəsənət Universitetində yüzlərlə tələbə yetişdirdiyini, gülüşün səviyyə meyarını gözəl bildiyini, qısası bu sənətin ASı olduğunu hər çıxışında dilə gətirən Ramiz Əzizbəyli, mövzunu, qonaqların kimliyini öncədən bilib də qəbul etdiyi, hətta studiyaya gəldiyi halda, verilişin yayımına 15 dəqiqə qalmış efirə çıxmaqdan imtina etdi. “Elməddin də, Müşfiq də yaxşı uşaqlardır, birlikdə oturub çay içə bilərəm, amma onlarla NƏYİSƏ müzakirə etmək mənə yaraşmaz axı. Bir fikirləşin kimi kimlə çağırırsınız da...” deyən R.Əzizbəyli mövzu ətrafında ancaq tək müsahibə vermək istəyini bildirdi. Bu təklifə qarşı tərəfdən səs çıxmayınca da üzünü çevirib getdi. Canınız sağ olsun Ramiz bəy! Necə deyərlər, gedəni saxlamazlar. Aydındır ki, o anda aktyoru, nə verilişin konsepsiyası, nə mövzunun gündəmə gətirilməsində məqsəd, nə də gənclərlə ünsiyyətə, dialoqa, diskussiyaya girmək maraqlandırırdı. Tək istəyi, tək eşidəcəyi daxili ambisiyaları, eqosu, önyarğısı, mənəm-mənəmliyinin deyəcəkləri idi. Halbuki, bu hadisədən bir neçə gün əvvəl televiziya verilişlərinin birində “gənclərə şərait yaradılır, amma onlar bizim təcrübəmizdən, məsləhətimizdən istifadə etmirlər” deyə şikayətlənən Ramiz Əzizbəyli, gənclərlə təcrübəsini bölüşmək, məsləhət vermək, yol göstərmək fürsətindən əcaba nədən boyun qaçırdı?! Bəlkə onun bir tutarlı kəlməsi ilə bu gün yanaşı durmağa utandığı, özünə sığışdırmadığı “təhsilsiz aktyor” Elməddin Cəfərov, özü demiş sənətdən uzaqlaşacaqdı?!...
Və hələ onu da bilmək olmaz ki, sovetin dönəmində senzura olmasaydı, sizin nəsl sənətçilər səhnə və efirlərdə nələri göstərəcəkdiniz. Bu gün diplomu, hətta arxasında valideynin məhşur adı olan aktyorlarımız, xalq artistlərimiz var ki, illər öncə olduğu kimi bu gün də səhnədə komediya adı ilə təlxəklik eləməklə məşguldurlar. Bunlar sizə heç nə demirmi Ramiz müəllim?! Əgər həqiqətən də indiki gənclər arasında istedadlar azdırsa, komediya adı ilə hoqqabazlıq edirlərsə, bəs onda “universitetdə hər il yüzlərlə tələbə yetişdirirəm” dediyiniz istedadlar hardadır?! Sizə görə, sənətkarlıq, pedaqoqluq təkcə efirlərdə sənət haqqında gəlişi gözəl sözlər demək, tələbə auditoriyası qarşısında bir az Azərbaycan teatr tarixindən, bir az Stanislavski, Meyerhold nəzəriyyəsindən, bir az da özünüzün yaradıcılıq yolunuzdan danışmaqdan ibarətdir?! Yoxsa, “vətənimi, xalqımı, millətimi və bütün problemləri ilə birlikdə dövlətimi sevirəm” demək, ya da “teatr festivalının münsif heyətində oturub istedad seçməyi” arzulamaq korifeylik, böyüklük sayılır?! Sualıma cavab almağı çox istərdim. Təbii ki, cavablandırmağa vaxtınız, həvəsiniz və ən əsası sözünüz olsa.
SEVDA BABAYEVA
Комментариев нет:
Отправить комментарий