Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlunun Azərbaycan teatrı ilə əməkdaşlığı, səhnəyə qoyulduğu əsərləri, eləcə də müəllif hüquqlarının qorunmaması haqda iradlarına cavab verildi.
Xatırladaq ki, Tuncer Cücenoğlu, ANN.az saytına eksklüziv müsahibəsində Azərbaycanda müəllif hüquqlarının qorunmaması, tərcümə edilmiş səhnə əsərlərinin qarşılığında indiyədək qonorar ödənilmədiyini, həmçinin Azərbaycan teatrı ilə əməkdaşlığa dair hər hansı bir müqavilə imzalanmadığını demişdi.
Tuncer Cücenoğlunun ANN.Az saytına verdiyi son məlumata görə, müsahibə yayımlandıqdan bir neçə saat sonra Azərbaycan Müəllif Hüquqları Agentliyindən sektor müdiri Afər Seyidalıyev ona elektron məktub ünvanlayıb. Məktubda deyilir ki, Tuncer Cücenoğlunun, Akademik Milli Dram Teatrı, Sumqayıt Musiqili Dram Teatrı və Gəncə Dövlət Dram Teatrında quruluş verilmiş «Ziyarət», «Uçqun» və «Gözəlçələr» adlı əsərlərinə görə 2007-2011-ci illər üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində bu günə kimi 526.68 AZN qonorar yığılıb. Göstərilən qonorarın ödənilməsi üçün müəllifdən, bank hesabının agentliyin www.copag.gov.az ünvanına göndərilməsi xahiş olunur.
Müsahibəyə dövlət qurumu tərəfindən operativ reaksiya verilməsi nə qədər təqdirəlayiq olsa da, qarışıq məqamlar az deyildi. Məsələn, 5 illik əməkdaşlıq müddətində qonorarın hansı səbəbdən azlıq təşkil etməsi, maliyyənin köçürülməsinin neçə ildir ki gecikdirilməsi, türkiyəli yazarla indiyədək hər hansı bir müqavilənin imzalanmaması məqamları sualllar doğururdu. Məsələni araşdırmaq üçün müvafiq qurumlara müraciət etdik.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin sözlərinə görə, Tuncer Cücenoğlunun Azərbaycan teatrları ilə əməkdaşlığından əldə olunan gəlir ümumilikdə 526.68 AZN (vergi çıxıldıqdan sonra 462,88 AZN) təşkil edir. Bu məbləğin ayrı-ayrılıqda hesabı isə Akademik Milli Dram Teatrından 462.88 AZN, Gəncə Dövlət Dram Teatrından 42.80 AZN, Sumqayıt Musiqili Dram Teatrından isə 21 AZN-dir.
Xudayat Həsənli |
Məlumat üçün deyək ki, yazıçı Tuncer Cücenoğlu ilə Azərbaycan teatrları arasında əməkdaşlıq 2007-ci ilə dayanır. Lakin aradan 5-ilə yaxın vaxt keçməsinə baxmayaraq indiyədək müəllifə qonorar ödənilməyib. Xudayat Həsənli bu gecikmənin səbəbini müəllifin kimliyi, koordinatları barədə agentliyə məlumat daxil olmaması ilə əlaqələndirdi: «Qaydaya görə, əməkdaşlıq haqda agentliyə ya istifadəçi təşkilatlar, bu halda teatrlar və ya Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sektoru, ya da müəllifin şəxsən özü bilgi verməlidir. Ancaq müəllifin koordinatları, yaşayış ünvanı və bank rekvizitləri haqda agentliyə heç bir halda məlumat verilmədiyi üçün qonorarın keçirilməsi prosesi ləngiyib. Yalnız müsahibə çıxdıqdan sonra Müəllif Hüquqları Agentliyi bu məsələylə maraqlanıb, araşdırıb. Müəllifə çatacaq məbləğ hazırda bir dövlət orqanı olaraq agentliyin hesabında saxlanılır və müəllif bank hesabını bildirdikdən sonra qonorar dərhal hesaba köçürüləcək. Agentlik dövlət qurumu olduğu üçün köçürmə üçün heç bir əlavə xidmət haqqı çıxılmayacaq».
Məbləğin azlığına gəlincə, X.Həsənli bildirdi ki, məlum məbləğ, hökümətin müvafiq sərəncamına əsasən minimum tariflərlə müəyyən olunub: «Sərəncama görə, əməkdaşlığa dair müqavilə imzalanmadığı təqdirdə həmin tarifdən az olmamaq şərtilə qonorar ödənilməlidir. İstənilən yüksək məbləğ istifadəçi təşkilatlar – Mədəniyyət və Turizm Nazirilyi, eləcə də sözügedən teatrlar arasındakı razılaşmaya əsasən ödənilə bilər. Tüncer Cücenoğluna ayrılan qonorar da məhz bu tarifə müvafiq olaraq hesablanıb».
Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov isə bildirildi ki, 2007-ci ilin dekabrından teatrın daxili imkanları hesabına hazırlanmış «Uçqun» tamaşasına ayrılmış qonorarın azlığı biletlərin satışı ilə əlaqəlidir: «Bu tamaşa 2008-ci ildə iki dəfə, 2009-cu ildə iki dəfə, 2010-cu ildə üç dəfə, 2011-ci ildə isə üç dəfə nümayiş olunub. Yəni, sözügedən tamaşaya bilet satılmadığına görə teatrımızla əməkdaşlığa görə ayrılan məbləğ də azdır. Müəlliflə müqavilənin bağlanması isə Mədəniyyət və Turizm Nazirliyinin səhaliyyətlərinə daxildir».
Qeyd edək ki, yazıçı Tuncer Cücenoğlunun üç əsərinin də tamaşaya qoyulması dövlət sifarişi əsasında gerçəkləşsə də, müəlliflə əməkdaşlığa dair hər hansı bir müqavilə imzalanmayıb. Məhz bu səbəbdən dolayı müəllifə ayrılmış qonorarın məbləği minimum tariflərlə müəyyən olunub. Qeyri-rəsmi əməkdaşlıq isə müəllifin daha böyük məbləğdə qonorar tələb etmək haqqından məhrum edir. Yazıçı ilə müqavilə bağlanmaması səbəbini araşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin həm mətbuat xidməti, həm də teatr sektoru ilə əlaqə saxladıq. Lakin sözügedən dövlət qurumu sualları cavablandırmaqdan imtina etdi.
Sevda Babayeva
Комментариев нет:
Отправить комментарий