суббота, 7 июля 2012 г.

Türkiyədə aktyorun maaşı hər il artır, Azərbaycanda isə… – FOTO-VİDEO


Məlahət Abbasova ilə müsahibə üçün İstanbul Böyük Şəhər Teatrlarının Üsküdar Müsahibzadə Cəlal səhnəsində, «Dünyanın ortasında bir yer» tamaşasının məşqindən sonra görüşdük. Əvvəlcə deyim ki, aktrisa, bu tamaşada ırqat qadınlarının lideri Ahtin obrazını canlandırır. İki saatdan artıq sürən məşqdən sonra seyrçi zalına düşən aktrisa ilk olaraq «Məşqimizdən zövq ala bildinizmi? Əminəm ki, tamaşaya tam baxsanız, daha da  bəyənəcəksiniz…» suallarını verdi.

- Məşq etdiyniz tamaşa ümumilikdə nə haqdadır Məlahət xanım?

- «Dünyanın ortasında bir yer» yeni tamaşa deyil. İlk premyerası 2010-cu ildə olub. Amma hər mövsümdə maraqla baxılan, sevilən bir tamaşadır. Özən Yula tərəfindən yazılmış antik bir əsərdir. Kişilərin yaşam şərtlərini təyin etdiyi bir dünyada sıxışdırılılmış kölə qadınların həyatı haqdadır. Bir fermada kölə qadınlara qarşı edilən haqsızlıq, onların üsyanı, azadlıqları… barədədir. Tamaşa əsasən, əzilmiş qadınların iç səsini, o dövrə münasibətini və qadınların ədalətsizliyə qarşı baş qaldırışını əks etdirir. Mənim oynadığım Ahtin obrazı da həmin qadınların, mübarizənin lideridir. Bir qədər feminist bir oyun olsa da, çox sevilir.
Rejissor Nurullah Tuncer tamaşada çox gözəl bir fikri reallaşdırdı. Fermadakı kölə qadınlarını müxtəlif millətlərdən etdi. Bu üzdən hər qadın öz monoloqunu iki dildə söyləyir. Mənin payıma da Azərbaycan və rus dilləri düşdü. Bundan başqa tamaşada ərəb, ivrit, alban, həmçinin balkan ölkələrinin dillərində də monoloqlar var. Rejissorumuz bu addımı ilə bütün dünyanın diqqətini qadın probleminə yönəltmək istədi. Daha bir səbəb İstanbulun 2010-cu ildə mədəniyyət paytaxtı seçilməsi idi. Bu tamaşa ilə paytaxt günlərinə, Makedoniyaya, Serbiyaya, Suriyaya və digər ölkələrdə festivallara qatıldıq. Xarici ölkələrdən İstanbula gələn turist tamaşaçılarımız oldu.

- Ümumilikdə  neçə tamaşada rol alırsınız?

- Hazırda Türkiyə Şəhər Teatrlarının ştatlı aktrisası və rejissoruyam. Məlumat üçün deyim ki, bu, on səhnəsi olan ən böyük teatrdır. Getdikcə də artmaqdadır. İstanbul çox böyük şəhər olduğü üçün həm Avropa, həm də Asiya qitəsində səhnələrimiz var. Tamaşaları da sırayla fərqli-fərqli səhnələrdə oynayırıq.
Aktrisa kimi hələlik bu tamaşadayam. Rejissor kimi isə son işim iki il əvvəl Elçin Əfəndiyevin «Qatil» tamaşası oldu. Çox uğurla, səs gətirən bir tamaşa alınmışdı. 156 dəfə oynanılması bizim şəhər teatrları üçün artıq çox böyük rəqəm sayılırdı. Bu tamaşa ilə Azərbaycanda, Rusiyada, Ukraynada olduq, xarici ölkələrdə keçirilən teatr festivallarına dəvət aldıq.
Növbəti tamaşam yenə Elçinin «Şekspir» əsəri olacaq. Amma hələ dəqiq nə vaxt başlayacağım bəlli deyil. Çünki film çəkilişlərim, TV verilişlərim var. Tamaşa hazırlamaq isə xüsusi bir zaman, diqqət tələb edir.

- Niyə əsasən Elçinin dramaturgiyasına üstünlük verirsiniz?

- Çünki Elçin dramaturgiyasının ruhu mənə çox yaxındır. Bundan başqa Elçin müəllim türk xalqının nəbzini tuta bilir. Yəni, toxunduğu mövzular türk xalqının izləyəcəyi şeylərdir. Artıq 20 ildir ki, Türkiyədəyəm və türk tamaşaçısının zövqünə bələdəm. Hansı əsərin tutub-tutmayacağını bilirəm. Amma tək Elçinin yox, Rüstəm İbrahimbəyovun, Anarın, Bəxtiyar Vahabzadənin də yaradıcılığı sevilir Türkyədə.

- Həm televiziya aparıcılığı, həm dizilərdə məsləhətçi, həm teatr fəaliyyəti, həm film çəkilişləri… Bütün bunları necə çatdırrısınız?

- Çatdıra bilmirəm. Hələ çox vaxt dizi təkliflərindən imtina etməli oluram. Ailəmi də çox az görürəm. Boş vaxtım olanda indi gördüyünüz kimi qızım Sudəni də yanımda gətirirəm.

- Balaca Sudə də demək olar ki, artıq bu sektora girir. Yaşının azlığına rəğmən potensial aktrisalıq bacarığını hazırda «Babam üçün» dizisində göstərir. Yəqin gələcəkdə bu sənəti seçərsə, dəstək olacaqsınız.

- Qızım olduğuna görə demirəm, amma Sudə həqiqətən də çox istedadlı uşaqdır. Hətta deyərdim ki, onun kimi uşaq oyunçular indiki zamanda azdır. Rejissorun dediyini eynən icra edir. Bu da yəqin ona mənim genlərimdən keçib. Xüsusilə dramatik səhnələri elə oynayır ki, 6 yaşında uşağın bunu necə bacardığına məəttəl qalıram. Tez-tez məşqlərimə gəlir, inanılmız dərəcədə televizora çox baxır. Bir şeyə diqqəti elə yönəlir ki, sanki transa girir. O anda nə məni, nə atasını, nə də qardaşını görmür sanki. Hələ bir neçə illər öncə Sudədə istedad olduğunu atasına demişdim. Oğlumda isə əksinə, bu sənətə heç bir maraq yoxdur. İstəməzdim düzü bu sənətə gəlməsini, çox çətindir. Amma həvəsi olarsa, niyə də dəstəkləməyim.

- Türkiyədəki tənqidlə aranız necədir? Səhnə işlərinizə teatrşünas dəyərləndirməsi necədir?

- Pis demək olmaz. Əksinə, yüksək dəyər verilir işlərimə. Məsələn, «Dünyanın ortasında bir yer» tamaşasında da oyunum haqda müsbət rəy yazıldı. Hətta bir qəzetdə vurğulanmışdı ki, Azərbaycan və rus dilində anlamadıqları halda rolumu çox duyğulu oynadığım üçün yaşantım, sözlərim tərcüməsiz də anlaşılır.

- Bəs Azərbaycan tamaşaçısına nümayişi düşünülürmü?

- Bu tamaşanı Bakıya gətirməyi çox istəyirik. Danışıqlar da gedirdi. Amma nədənsə, dayandı. Düzü laqeydlik Türkiyə tərəfdən oldu. Bir az passiv yanaşdıq işə.

- Bakıya səfərlərinizin birində Akademik Milli Dram Teatrında tətbiq edilən sistemə qarşı kəskin münasibət bildirmişdiniz. Sonradan rəhbərliklə münasibətiniz düzəldimi?  

- İsrafil müəllim bir az incimişdi məndən. Amma sonradan söhbətləşib anlaşdıq. Türkiyədə yaşasam da, mən Azərbaycanın yetişdirdiyi, Azərbaycan qanı daşıyan bir insanam. Və orada baş verənlərə də bəzən çox duyğusal yanaşıram. Təbii ki, teatrdakı nizam-intizama etiraz edə bilmərəm. Bu kimi administrativ işlərin görülməsi vacibdir. Sadəcə olaraq bir aktrisanın çalışdığı teatrın daxilinə buraxılmamasını, küçədə dayanıb ərizə yazdığını görüncə, duyğularımı saxlaya bilmədim. Bu qulaqdan qulağa çatan şaiyə deyildi, öz gözümlə gördüyüm bir olay idi. Bir aktyorun teatrda səhnəni boş görüb məşq etməsi qədər təbii nə ola bilər?! Dünyanın hər yerində bu belədir, Türkiyədə də həmçinin. Türkiyə teatr sənətinin yüksəlməsində belə faktın da az əhəmiyyəti yoxdur. Teatr aktyor, aktrisanın məbəd yeridir. Teatrı rejissorsuz, aktyorsuz, aktrisasız təsəvvür eləmək olarmı? Bir aktyor, aktrisa ki, teatra girməyəcəksə, lap 40 nəfər müdür qoysunlar ora, nə işə yarayacaq?!  Yenilik adı ilə belə şeylər etmək doğru deyil. Türkiyədə hansı direktorun həddi olar ki, sənətçiyə qarşı belə addım atsın?! Mənim etirazım məhz bundan dolayı idi. Yoxsa, nizam-intizama mən qarışmaram. Məşqlərə, tamaşalara gecikmənin də qarşısı təbii ki, alınmalıdır. Özünü tənqid yaxşı şeydir. Etiraf edim ki, mənim də gecikdiyim, tamaşanın başlanmasına beş dəqiqə qalmış teatra gəldiyim, tələm-tələsik libasımı dəyişib səhnəyə çıxdığım vaxtlar olub. Amma kimsə mənə bir şey demirdi, irad tutmurdu. Və bizə elə gəlirdi ki, bu belə də olmalıdır. Bu halda qanun, qayda, nizam-intizam insanı çox gözəl disiplinə salır. Məsələn, Türkiyədə 2 saat əvvəldən teatrda olmalısan.

- Türkiyədə bəs necə, gecikdiyiniz olubmu?

- Təxminən 10 il əvvəl tamaşanın başlanmasına 15 dəqiqə qalmış gəlmişdim. Çəkilişdən çıxmışdım, yağışlı gün, yolda tıxaclar vardı. Qorxudan yolda ağlamışdım da. Gecikəndə adətən raport yazılır. Bunun əsasında da maaşdan kəsilir. Üç cəza alınca da teatrdan qovulur. Amma həmin gün mənim üzümdəki qorxunu, stresi, həyəcanı görüb güzəşt etdilər. Bununla da gecikməyim bitdi.

- Azərbaycanla müqayisədə Türkiyədə sənətçilərin sosial rifahı, yaşam şəraiti necədir?

- Azərbaycanla müqayisədə çox yaxşıdır. Türkiyədə aktyorların əsas işi serialdır. Demək olar bütün aktyorlar seriallarda çəkilir. Teatrdan aylıq 2000, 3000, 3500 lira (təxminən 1000-2000 AZN arası-red.) alırsan. İlin 12 ayı ərzində bütün teatr işçilərinə dövlət tərəfindən 6 dəfə mükafat verilir, üstəlik bayramlar da nəzərə alınır. Amma onu da deyim ki, Türkiyə dövlət teatrına işə düzəlmək çox çətindir. Təkcə sənətçilərə yox, digər administrativ vəzifələrə də şamil edilir. Mən özüm 11 il sonra ştata götürülmüşəm. Ümumiyyətlə, Türkiyədə dövlət məmuru olmaq çox çətindir. Çünki ən zəmanətli işdir, dövlət işindən təqaüdə çıxmaq ömrünün sonuna şədər normal həyat yaşamaq deməkdir. Bu təbii ki, ancaq Türkiyə vətəndaşlarına aiddir.

- Azərbaycan teatr səhnəsində tamaşa qoymaq istəyiniz varmı?

-  Dəvət etsələr, yox demərəm. Bu istəyim əvvəlki illərə nisbətən indi daha güclüdür. Həvəslə gəlib tamaşa qoyaram və yaxud hansısa bir tamaşada rol alaram.

- Türkiyənin ali məktəblərində dərs deyən çox sayda azərbaycanlı sənət xadimlərimiz var. Bəs siz özünüz necə, pedaqoji fəaliyyət göstərmək arzunuz və yaxud planınız varmı? 

- Mütəmadi çəkilişlərdə, proqramlarda, məşqlərdə olduğum üçün tədrisə zamanım qalmır. Amma gələcəkdə kino bölümündə aktyorluqdan tədris etməyi düşünürəm. Artıq konservatoriyadan, Memar Sinan və Kültür Universitetlərindən təkliflər də almışam.

- Yenə də iki ölkə arasına müqayisəyə qayıtmağınızı istərdim. İstər müsbət, istərsə də mənfi tərəfdən Azərbaycan incəsənətinin, mədəniyyətinin üstünlüyünü nədə görürsünüz?  

- Əvvəlcə ondan başlayım ki, Azərbaycan aktyorlarının daxili potensial imkanları daha güclüdür. Amma Türkiyə aktyorları qədər öz üzərlərində çox çalışmırlar. Bu da böyük ehtimalla iqtisadi vəziyyətin aşağı olmasından irəli gəlir. Yəni, insanlar yaradıcılığa sərf edəcəkləri enerjini pul qazanmağa xərcləyirlər. Təəssüf edirəm ki, bizimkilərin çalışma əzmi yaradıcılığa yönəlməyib. Digər tərəfdən qınaya da bilmərəm, teatrdan verilən maaş az olunca, düşüncə başqa yerdən çörək pulu qazanmağa yönəlir. Prezident mükafatınında da ayrı-seçkiliyə yol verilir. Seçilənlər alır, seçilməyənlər qalır kənarda. Arada uçurum yaranır. Düşünürəm, Azərbaycan sənətçiləri iqtisadi tərəfdən güclü olsalar, artıq toylarda tamadalığı yox, sırf yaradıcılığı düşünəcəklər.  Türkiyədə isə əksinə, hər il maaş artır. Ölkə hazırda ən yüksək sənət dövrünü yaşayır. Bu da sovet sənət məktəbi görmüş azərbaycanlı ustadların sayəsində oldu. Türkiyə dövləti bütün dünyadan, özəlliklə də Azərbaycandan da müəllimləri yüksək maaş müqabilində öz ölkəsinə dəvət etdi. Müəllimlərimiz də 200-300 manata işləmək yerinə, haqlı olaraq 2000-3000 dollar maaş almağı seçdilər. Həmin müəllimlər də sovetdən qazandıqları güclü altyapını gəlib burda yaratdılar, biliklərini bura yatırdılar, nəticədə Türkiyənin səviyyəsi yüksəldi, bizsə gerilədik. Bu gün Türkiyə dövləti özü də etiraf edir ki, sənət yüksəlişində bizim ölkəyə borcludur.

SEVDA BABAYEVA
Bakı-İstanbul-Bakı


Ann.az

Комментариев нет:

Отправить комментарий