суббота, 7 июля 2012 г.

“Türkiyənin aparıcı mediaları ermənipərəst qüvvələrin əlindədir” – MÜSAHİBƏ+FOTO

Azərbaycan mediasında çox az oxucu tapılar ki, Nigar Almanqızı imzasına rast gəlməsin. Azərbaycanın ictimai-siyasi həyatda baş verən prosesləri daim diqqətdə saxlayan bu xanım jurnalistin köşə yazıları, məqalələri ölkə hüdudlarında da oxucu auditoriyası qazanıb.
Hazırda Tükiyənin Bursa şəhərində yaşayan Nigar Almanqızı-Börəklə görüşümüz İzmirdə baş tutdu. Hər iki şəhər arasında 400 km məsafə olmasına rəğmən həmkarım, müsahibə təklifinə məmnuniyyətlə razılaşdı və dörd saatlıq Bursa-İzmir səfərində görüş yerinə hətta məndən daha erkən gəlib çatdı. Uzun illərdir görüşmədiyim həmkarımla elə söhbətimizə də bir-birimizin əhvalını soruşmaqla başladıq.

- Həyatımdan məmnunam. Güzəranım, dolanışığım, bir sözə sosial rifahım yaxşıdır. Amma desəm ki, Azərbaycan üçün, doğmalarım, dostlarım üçün darıxmıram, yalan olar. Yaxşı ki, internet, sosial şəbəkələr var, Azərbaycanı axtaran kimi üz tuturam internetə.

- Azərbaycan mediasının aktiv jurnalistlərindən biri sayılırdın. Sıravi müxbirlikdən baş redaktor vəzifəsinə qədər yüksəldin. Və karyeranın ən pik zirvəvində birdən-birə hər şeyi atıb köçdün Türkiyəyə…

- Mən alına yızısına, qismətə inanan insanam. Yatsam yuxuma gəlməzdi ki, Azərbaycandan kənarda yaşayaram. Ailə qurduğum üçün hazırda Trükiyədə yaşayırıq. Amma gələcəkdə Azərbaycana köçmək ehtimalımız var. Yoldaşım hərbi polis rəisidir. İşindən dolayı hələ ki, Türkiyədən kənarda yaşamağa ixtiyarı yoxdur. Amma təqaüdə çıxdıqdan sonra qismət olarsa, Azərbaycanda yaşamağı düşünürük.

- Amma bildiyim qədərilə Türkiyə ilə bağlılığın ailə qurmazdan öncə də vardı. Türkiyə mətbuatında köşə yazılarınla çıxış edirdin. Hazırda bu ölkənin vətəndaşı kimi yerli mətbuatla münasibətin yaxınlaşıbmı? Yoxsa, kənardan heç kimi yaxına buraxmayan Türkiyə mediası ilə «səmimiləşmək» hələ də çətindir?

- Düzdür, Türkiyə mətbuatı heç kimi yaxına buraxmır, gərək özünü zorla qəbul etdirəsən. Amma açıq şəkildə deməliyəm ki, Türkiyənin «Hürriyet», Milliyet» və digər aparıcı mətbu orqanları, habelə televiziyaları bu gün ermənipərəst qüvvələrin əlindədir. Bu qəzetlərdə il ərzində çıxan bütün məqalələrə, özəlliklə köşə yazılarına baxsaq, görərik ki, hansısa bir erməni katalikosunun mənasız təbliğinə daha çox yer verilir, nəinki Azərbaycan, Qarabağ mövzusuna. Mehmet Əli Birand, Çingiz Candar və digər məşhur imzalar belə, Hrant Dink adından, mövcud olmayan «tarix»dən yararlanaraq ermənilərin təbliğilə məşğuldurlar. Belə qruplaşmaları olan ermənilərin içində Azərabycanın ən böyük məsələsi olan Qarabağ problemini işıqlandırmaq, ermənilərin işğalçı olduğunu vurğulayan yazarın mətbuata çıxması çox çətindir.
İmzama az-çox bələd olanlar bilir ki, hansı sahədə yazmağından asılıq olmayaraq, bütün yazılarımda mili ruh var. Bir cümləylə də olsa, bütün yazılarımda Qarabağ məsələsini, erməni işğalını mütləq vurğulayıram. Bu baxımdan Türkiyə mətbuatına çıxmaq olduqca çətindir, amma mümkünsüz də deyil. Bir çox mətbu orqanlarına yazılarımı göndərmişəm, aralarında hissə qapılma bəhanəsiylə geri çevirən də olub, hörmətlə yanaşıb işıqlandıran da. Yazılarım hazırda nöqtə-vergülünə toxunulmadan “Habername” agentliyində dərc olunur. Azərbaycanla bağlı çox məlumat verməyə çalışıram.
Təəssüf ki, nəinki Türkiyə mətbuatında, hətta sıravi vətəndaşlar arasında da Azərbaycanla bağlı anlayış yoxdur. Dəfələrlə qarşılaşmışam ki, beynəlxalq siyasətdən yazan jurnalistin Qarabağ problemi, Xocalı faciəsi haqda ən cüzi məlumatı belə yoxdur. Bu iradımı mən Türkiyənin bəzi media rəhbərlərilə görüşümdə də demişəm. Azərbaycanın ən geridə qalmış qəzeti belə gün ərzində Türkiyə ilə bağlı ən azı 3-4 xəbər yaydığı halda, buranın mətbuatında Azərbaycanla bağlı məlumata rast gəlinmir. Hətta sıravi vətəndaşlar arasında Qarabağın nə zamansa ayrıca bir dövlət olduğunu düşünənlər var. Bunun günahını zəif təbliğatımızda axtarmalıyıq. Bu gün Türkiyədə pullarını yaxtalara, otellərə yatıran çox sayda azərbaycanlı iş adamları var. İstədikləri şeyə xərcləsinlər, halal xoşları olsun. Amma yaxşı olmazdımı ki, həmin qəzetlərin hissələrini alar, Azərbaycanın mənafeyinə işlədər, paraları da cibinə qoyardı?! Çünki bu gün “Hürriyyet”, “Milliyet” kimi qəzetlərin reklamdan gələn gəlirləri, onların otellərindən gələn gəlirdən 2-3 dəfə çoxdur. Bayaq adını çəkdiyim və çəkmədiyim köşə yazarlarına da Qarabağa dair yazılar yazmasını tələb edərdi. Çünki minlərlə türk insanı məhz o insanların köşələrinə görə qəzetləri oxuyur.

- Mövqeyini pul gücünə dəyişən əqidəsiz yazarların düşüncəsi Azərbaycana nə dərəcədə lazımdır?

- Mənə Türkiyənin ictimai fikrini formalaşdıracaq insanlar lazımdır. Ermənilər əsrlərdir bu üsuldan istifadə edirlər. Hansı Avropa ölkəsini dindirirsən, ermənilərin saxta soyqırımı iddialarından danışır, parlamentlərdə qərarlar verilir. Bunlara da mətbuatın apardığı təbliğat sayəsində nail olurlar. Napoleon əbəs yerə deməyib ki, bir qələmin etdiyini bir ordu edə bilməz. Bir qələm bir tarix yazır. İndi yazılanlar, edilənlər 100 il sonraya hesablanmalıdır.

- Səncə Türkiyədə yaşayan həmyerlilərimizin təşkilatlana bilməmələrinin başlıca səbəbi nədir?

- İşimizi doğru qura bilmirik. Hər bir xalq diaspora təşkilatları vasitəsilə öz millətini, öz ölkəsini təbliğ etmək üçün ciddi işlər gördüyü halda bizim fəaliyyətimiz ancaq bayram şənliklərini keçirmək olur. Amma məsələnin mahiyyəti bayramlarda deyil. Bizim bayramların buradakı türkə heç bir  aidiyyatı yoxdur. Qarabağla bağlı təbliğat aparmalıyıq.
Bursada apardığım araşdırmalar göstərir ki, sözdə Azərbaycana aidiyyatı olan bir neçə təşkilat, diaspor var. Amma sadəcə quru addır, heç bir iş görmürlər. Balkan xalqlarının, çeçenlərin, abxazların, gürcülərin, ukraynalıların, türkmənlərin, özbəklərin, qırğızların, taciklərin belə diaspora təşkilatları hər iki aydan bir beynəlxalq tədbirlər, festivallar keçirir. Təkcə Azərbaycan görünmür. Təşkilatçılardan, bələdiyyə rəhbərlərindən bunun səbəbini soruşuram, deyirlər Azərbaycanın müvafiq qurumları ilə dəfələrlə əlaqə saxlamışıq, faks göndərmişik, dəvət etmişik, amma müsbət cavab verilməyib. Hətta digər ölkələr öz hesabına gəldiyi halda Azərbaycan tərəfinin bütün xərcləri ödəniləcəyi qarşılığında belə dəvətə laqeyd yanaşılıb. Digər millətlərdən fərqli olaraq Bursada yaşayan azərbaycanlıların böyük qismini ziyalılar təşkil edir. Aralarında həkimi, universitet müəllimləri, sənətçiləri olsa da, birliyimiz yoxdur. Görünür, bu insanları şəxsi mənafe daha çox maraqlandırır.

- Bəs sən özün bir jurnalist kimi Türkiyə insanının düşüncəsinə təsir etmək yönündə nə edirsən?

- Hələ ki, əlimdən yazmaq gəlir. Çox işlər görmək istərdim, amma təkəm. Buna rəğmən düşüncədə nəsə dəyişə bilmişəm. Ən azından əməkdaşı olduğum qəzetin kollektivinin fikrində dəyişiklik olub. Qarabağ, Azərbaycan məsələsinə dair məlumatlar alıblar. Hətta azərbaycanlıların rusların müstəmləkəsi altında yaşadığımız üçün xristian dininə mənsub olduğunu düşünən jurnalistlər olub, hansı ki, məhz mənim yazılarımdan sonra türk olduğumuzu, eyni soydan, eyni kökdən gəldiyimizi anlayıb. Bundan başqa Bursada, dərnək yaratmağı düşünürəm. Azərbaycan problemlərini qaldırıb bu yöndə müəyyən tədbirlər keçirməyə,  istər mədəni, istər siyasi-ictimai yöndən Azərbaycanın təbliğinə çalışacağıq.

- Azərbaycan və Türkiyə mətbuatını istər söz, ifadə azadlığı, istərsə də texniki tərəfdən müqayisə edəndə hansı nəzərəçarpacaq fərqləri görürsən?

- Çox vaxt Azərbaycanda söz azadlığının olmamasından şikayətlənirlər. Amma inanın ki, Azərbaycan mətbuatında yazılanların yarı faizi Türkiyə mətbuatında yazılsaydı, indi bütün türk jurnalistləri «içəri»dəydilər. Tam səmimi deyirəm. Türkiyə mətbuatında təhqir, söyüş yoxdur, ola da bilməz. Amma Azərbaycanda hər yoldan ötən bir qəzet açıb ağzına gələni yazır. Türkiyə mətbuatının müxalif cəbhəsində yazmaq çox çətindir. Bu gün Türkiyədə yazılmamış, hətta nə vaxtsa yazılıb-yazılmayacağı bəlli olmayan kitabın müəllifini həbs edirlər. İqtidarı, Ərdoğanı rahatca tənqid edə bilməzsən. Edənlər də, sadəcə demokratik görüntü yaradanlardır. Maliyyə tərəfinə gəlincə, hər iki ölkənin mətbuatına ayrılan maliyyə arasında böyük uçurum var. Məsələn, mənim burada bir yazıya aldığım qonorar Azərbaycanda aylıq maaşıma bərabərdir. Azərbaycan mətbuatının maliyyə tərəfi olduqca pis vəziyyətdədir. Türkiyədəki maddi imkan Azərbaycan mətbuatında olsaydı, bəlkə də bu gün mətbuatımız fərqli olardı. Ən azından təhqirlə tənqid səhf salınmazdı. Bunun da əsas günahı Azərbaycan iqtidarının media siyasətini doğru qurmamasıdır. Bizim jurnalistlər cəsarətlidir. Belə deyim, ölüb qəhrəman olmaqdansa, yaşayıb savaşmağa üstünlük verirlər.

- Özəl həyatından da danışsan, düşünürəm oxucular üçün maraqlı olar.

- Yoldaşımla Bakıda, tədbirlərini birində tanış olduq. İşindən dolayı ara-sıra Azərbaycana gedib-gəlirdi. İki illik dostluq münasibətindən sonra ürəyini mənə açdı. Düzünü desəm, razılığım uzun sürmədi. Çünki, dostluğumuz müddətində onu bir insan olaraq artıq tanımışdım. Seçimimdə yanılmayacağıma əmin idim. Özün də jurnalistsən, bilirsən ki, jurnalist xanımlar gec ailə qurur. Çünki, biz həm düşüncə olaraq, həm də həyat tərzimizdə o qədər sərbəst, azad insanlarıq ki, ancaq eyni səviyyədə insanlarla anlaşa, evlənə bilərik. Əhməd də atam kimi hərbçidir. Azərbaycanı çox sevən, siyasi-ictimai həyatı ilə yaxından maraqlanan biridir. Xüsusilə də böyüklərimizə olan sayqımızı saxlamağımızı çox bəyənir. Hər zaman deyir ki, Azərbaycan türkləri keçmişinə bağlı bir millətdir. Yəni, elə bu səbəbdir ki, hər ikimiz övladlarımızın Azərbaycanda böyüməyini istəyirik. Əhməd özü təmiz türk kökənlidir. Millət məsələlərində mən çox həssasam. Evliliyimiz ani oldu. Ümumiyyətlə, mən böyük, cah-cəlallı toy məclislərini sevmirəm. Ona görə də Türkiyədə sadə nigah törəni düzənlədik.

- Həyatından razısan demək…

- Bəli, həm razı, həm də çox xoşbəxtəm. Yoldaşımla ortaq tərəflərimiz çoxdur. Onunla istənilən mövzudan, istənilən sahədən maraqla söhbət edə bilirəm. İxtisasca hüquqşünas olsa da, hərtərəfli bilgi sahibidir. Çox mütaliə edir. Zəngin kitabxanası var. Təfəkkürü geniş insandır. Hələ bir dəfə də oslun «evin qadını sənsən, sən də bunu etməlisən» və ya «niyə yeməyim, paltarım hazır deyil» kimi məişət söz-söhbətləri, ya da mənasız qısqanclıq halları olmayıb. İstər evdə, istər iş həyatında bir-birimizə dəstək olmağı bacarırıq.
Maddi cəhətdən də heç nəyə ehtiyacım yoxdur. Şükür Allaha, ailəm, evim, bir tikə çörəyim, bahalı olmasa da, ayağımı yerdən götürəcək maşınımız, tətilə gedəcək yerimiz – qaynanamın evi, bir sözlə insana lazım olan hər şeyə sahibəm. Əhməd ərim olmaqla yanaşı burada  mənim həm anam, həm atam, həm qardaşım, həm bacım, bir sözlə hər şeyimdir.  Bütün qızlarımıza Əhməd kimi həyat yoldaşı arzulayıram.

SEVDA BABAYEVA
Bakı-İzmir-Bakı

Комментариев нет:

Отправить комментарий