четверг, 30 сентября 2010 г.

"İbrus" teatrında "sonuncu döyüş" - RESENZİYA



Fuad Poladovun Yuri Baliyevlə əvəzlənməsi tamaşaya nə verdi?

«İvan Buninin sonuncu döyüşü» («Posledniy poedinok İvana Bunina») son beş ildə Azərbaycan teatr məkanında barmaqla sayıla biləcək tamaşalar sırasına daxil oldu. Bir neçə il öncə ilk premyera, daha sonra qastrol səfərləri zamanı əldə etdiyi maraq və uğur. 
Maraq təkcə tamaşanın quruluşuna görə deyildi. Mövzunun məna yükü, Azərbaycanda kifayət qədər araşdırılmamış dünya şöhrətli iki yaradıcı şəxsiyyətin şəxsi münasibətləri... Söhbət  ötən əsrin əvvəllərində Fransaya mühacirət etmiş, Nobel mükafatı laureatı İvan Alekseyeviç Bunin və ədəbiyyat dünyasında Banin imzası ilə tanınmış azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevadan gedir.

Baninin memuarları əsasında Rüstəm İbrahimbəyovun qələmə aldığı bu pyes təkcə sevgi romanı, məhəbbət münasibətləri yox, məhz döyüşdür. Təbii ki, məcazi mənada. Məhəbbət-nifrət, əzablı, məşəqqətli, məngənəli hisslər burulğanı, bir-birinə ən mənasız mübahisələrdə belə kompromisə getməyən iki prinsipial insanın münasibətləri fonunda yaranmış psixoloji duel. Tamaşanın konflikti məhz bu qarışıq hisslər üzərində qurulub...  

Bu gündən keçmişə baxış göstərir ki, Banin, İvan Bunin üçün təkcə sevdiyi qadın deyildi. Onun bir yazıçı, bir insan kimi gerçəklərinin əksini göstərən canlı «ayna» idi. Banin, rus yazıçısının həyatı boyu incəliklərinə vara bilmədiyi Şərq dünyasının həm də təzahürü idi. Bu faktın bir nişanəsi kimi, yazıçının 1905-ci ildə, Rusiyadan Fransaya - Parisə mühacirət etdiyi zaman çantasında özü ilə apardığı və ömrünün sonunadək ayrılmadığı, az qala stolüstü kitabına çevrilən Qurani-Kərimi misal çəkmək olar. Banin bəlkə də bu baxımdan Bunini maqnit tək özünə çəkən poetik və sirli Şərqin timsalı idi. O, bütün varlığını azərbaycanlı yazıçıya tək bir yazıçı kimi deyil, həm də  bir insan kimi təslim etmişdi. Öz dövrünün Don Juanı sayılan İvan Bunin, zahiri gözəlliyilə seçilməyən Ümbülbanuya - Baninə olan sevgisini heç kəsdən gizlətmirdi. Nəticə etibrilə azərbaycanlı Banin, rus yazıçısının son məhəbbəti olmuşdu...

Rüstəm İbrahimbəyovun öz teatrında quruluş verdiyi bu tamaşanın ikinci premyerası yaxın keçmişdə olmuşdu. Yeni premyeraya səbəb isə İvan Bunin rolunun ifaçısı, respublikanın xalq artisti Fuad Poladovun digər həmkarı, xalq artisti Yuri Baliyevlə əvəzlənməsi idi. 

Öncə xatırladaq ki, tamaşa rus dilində idi. İkidilli teatr sayılan «İbrus»un konsepsiyasına müvafiq olaraq tamaşalar iki dildə - azərbaycan və rus dillərində oynanılır. Buna görə də teatrda hər iki dili mükəmməl səviyyədə bilən aktyorlar çalışır. Yuri Baliyevin isə yalnız rus dilini bildiyini nəzərə alsaq, tamaşanın gələcəkdə Azərbaycan dilində oynanılmaq ehtimalı sıfıra enir. İvan Bunin roluna üçüncü bir akytorun dəvət olunması, məşqlər, növbəti premyera və s. Bununla bağlı işləmlər həm yorucu təsir bağışlayır, həm də tamaşanın ümumi atmosferində təkrar dəyişikliyə yol açır. Necə ki, yeni premyera ilə birincini müqayisə edəndə bu hal müşahidə olundu... 

Eyfel qülləsinin sayrışan qığılcımları və dünya şöhrətli fransız müğənnisi Edit Piafın «Non Je Ne Regrette Rein Ringtones» mahnısının sədaları altında Banin ilk monoloquyla tamaşaya giriş verir. 

«Buninlə mən 1946-cı ildə tanış olmuşam.... Zarihi bənzərlik o qədər də vacib deyil» sitatı ilə davam edən Banin (Mehriban Zəki) əlindəki əsanı zala tərəf uzadaraq Bunini - Yuri Baliyevi səhnəyə dəvət edir. Aydın görünür ki, sitata uyğunluq və tipaj baxımından Yuri Baliyev Fuad Poladovla müqayisədə daha uğurlu seçimdir. Ancaq bu da istisna deyil ki, Poladovun Baliyevlə əvəzlənəcəyini ehtimal etməyən dramaturq İbrahibməyov bu sözləri elə zahiri görünüşdəki bənzərsizliyin bəraəti kimi qələmə almışdı. Yəni, müəllif bir növ özünü sığortalayıb. 

Respublikanın xalq artisti Yuri Baliyev, S.Vurğun adına Rus Dram Teatrının aparıcı aktyorlarındandır. Onun ifasına baxmış insanlar da təsdiqləyə bilər ki, Yuri Baliyevin yüksək aktyorluq ustalığı ən çətin plastik həll tələb edən rolların öhdəsindən gəlməyə imkan verir. Rolun böyük və ya kiçikliyindən asılı olmayaraq, bu aktyor, səhnədəki xarizmiatik varlığı, professional ifası ilə yüz sənətkarın arasından belə özünü tanıtmaq, tamaşanın bütün ağırlığını əlinə almaq iqtidarındadır. Digər tərəfdən düşündük ki, Baliyev, Bunin obrazını da Fuad Poladovdan da yaxşı olmasa belə, ən azı onun qədər gözəl yaradacaq. Hər halda, arada rus mentallığı vardı və bunu rus millətindən olan biri qədər yaxşı kim duya bilər. Ancaq, bu düşüncənin səhv ola biləcəyi anlaşıldı... 

Teatr canlı, sintetik  sənət olmaqla bərabər həm də bir növ «aldadıcı» sənətdir. O mənada ki, insanlar, könüllü olaraq, hələ üstəlik müəyyən məbləğ müqabilində «aldadılmağa razı olurlar». Yalnız tamaşa prosesində «aldanma» faktı unudulur. Seyrçilər özləri də hiss etmədən hadisələrin psixoloji iştirakçısına çevrilirlər... 

«İvan Buninin sonuncu döyüşü» tamaşasında isə atmosfer bir qədər fərqli idi. Aktyorlar «aldanma» faktının varlığından sanki çıxa bilmir, mövzuya, ideyaya tamlıqla vara bilmirdilər. Belə təəssürat yaranırdı ki, Fuad Poladovun gedişi tamaşanın ümumi ab-havasına köklü şəkildə təsir edib. Və bu əks təsir daha çox Bunin rolunun ifaçısı Yuri Baliyevdən irəli gəlirdi. Bu məqam tamaşanın ilk dəqiqələrindən artıq hiss olunmağa başlamışdı. Qısası, sözlə ifadə edilməyəcək, aktyor-tamaşaçı ahəngindən doğan energetikada boşluq hökm sürürdü.

İvan Bunin obrazı Yuri Baliyev üçün yad idi, həm ruhən, həm bədii və səhnə ifadəsi baxımından. Rus Dram Teatrındakı liderliyinin əksinə olaraq bu tamaşa və İvan Bunin obrazı Baliyev üçün səhnə debütü təsiri bağışlayırdı. Bir sözlə, rus məsəlində deyildiyi kimi, «öz qabında deyildi». Bu hal aktyorun tərəf müqabili - Banin rolunun ifaçısı Mehriban Zəkiyə təsir göstərirdi. Fuad Poladovun öz obrazına səmimi və qəlbən bağlılığını (rol gərəyi aktyorla öpüş səhnəsini canlı oynaması) və Yuri Baliyevin obrazla öz arasında qoyduğu məsafəni (həmin öpüş səhnəsini üzünü yana çevirməklə imitasiya etməsi) görmək və hiss etmək üçün teatrın kiçik zalının ən birinci sırasında oturmağa gərək yoxdur. Bir sözlə, zəncirvari ötürülən bu hisslər ümumilikdə aktyor ansamblının pozulmasına gətirib çıxarırdı. 

Rüstəm İbrahimbəyov öz qəhrəmanı Banini müsbət notlarda verməyə çalışıb. «Qafqaz günləri» və «Paris günləri» avtobioqrafik kitablarının az qala hər səhifəsində, bolşeviklərin fitvasına uyan Azərbaycan və azərbaycanlılara qarşı neqativ hisslərini gizlətməyən həqiqi Banindir. Tamaşada bunun əksi olaraq vətəni sevən, ancaq özünü «dünyanın vətəndaşı» sayan və qəriblik acısı hiss etməyən, əlində qaval, «Faytonçuyam, bəxtim qara...» xalq mahnısını yanıqlı səslə oxuyaraq sanki uşaqlığı ilə bağlı nostalji hisslərə qapılan, Bakı illəri üçün darıxan Banindir... 

Mehriban Zəkin səhnə libası, Baninin orijinal fotosundan surəti çıxarılmış geyim - qara qısa saç pariki, zolaqlı köynək və o dövrün əsl fransız xanımlarına məxsus qara kostyumdan ibarət idi. Ancaq kiçik bir fərqlə. M.Zəki dəbdə olan müasir ayaqqabı ilə səhnəyə çıxmışdı. İlk premyerada ən incə detal belə düşünüldüyü halda, bu dəfə bəzi detallar aktrisaya nədənsə əhəmiyyətsiz görünmüşdü.

Tamaşa boyu aktrisa monoloqlarına «köçürdüyü» fikir və düşüncələrini, hisslərini sözlərlə seyrçiyə çatdırıdı. Bu, Bunin-Banin münasibətlərini tam təfsilatı ilə bilməyən zaldakı seyrçilərə asan, maraqlı, qeyri-şablon təqdimat idi. 

Söz döyüşünə bənzəyən dialoqları nə dərəcədə həyəcanvericidirsə, dialoqlar arasındakı pauza, tamaşanın birinci aktında müəyyən qədər məna yükünü özündə ehtiva edirsə, növbəti dəqiqələrdə tamaşa arası boş, kar səssizlik «lüft-pauz»a yol açır. 

Ancaq, istənilən halda «İvan Buninin sonuncu döyüşü» («Posledniy poedinok İvana Bunina») tamaşasına baxmağa dəyər. Teatrı sevdiyimizi və teatr proseslərindən nə dərəcədə xəbərdar olduğumuzu nümayiş etmək xatirinə yox, toxunulan mövzunun maraqlılığı və ən azı, vacibliyi baxımından.  
Sevda Babayeva, 
teatrşünas

 .   ..
.


Комментариев нет:

Отправить комментарий