четверг, 30 сентября 2010 г.

Qanunla vətəndaş arasında "arbitr" və yaxud notariusun yazdığını pozmağa kimin cürəti çatar?!

  Vərəsəlik işinin reallaşdırılması ilə bağlı xeyli sayda problemlərin kökündə həm də notariat orqanlarının fəaliyyətindəki qüsurlar dayanır. Bu qüsurların aradan qaldırılması üçün dövlət tərəfindən hansı tədbirlər görülür?
 Son araşdırmaların nəticəsində müəyyən edilib ki, 2009-cu ildə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında 2500-dən çox işə baxılıb. Bunlardan təxminən 700-ü mənzil mübahisələri, 200-ü torpaq mübahisələri, qalan işlər isə digər məsələlərlə əlaqədar olub.
.     Bir faktın izi ilə
       
   Zaqatala rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin qərarlarına əsasən, 2 azyaşlı uşağı ilə evdən çıxarılmış Zaqatala rayon sakini Mehriban Abdulrəhmanova deyir ki, həyat yoldaşı Məhəmməd Abdulrəhmanov 16 ildir itkin düşüb. Bu vəziyyətdən istifadə edən qayını M.Abdulrəhmanov itkin qardaşının ailəsini ata mülkündən çıxmağa məcbur edir. Zərərçəkən xanımın sözlərinə görə, həyat yoldaşı ilə ailə qurduqdan sonra qayınatası 4 otaqlı mənzilinin 1 otağını 1986-cı ildə notarial qaydada alğı-satqı yolu ilə onun həyat yoldaşına satıb. Digər 3 otaqda isə qaynı öz ailəsi ilə yaşayırmış. Bu məsələ də qayınatasının ölümündən sonra ortaya çıxıb: "Qayınatam dünyasını dəyişdikdən sonra evimizin həyətində xırdavat malları satılan kiçik bir mağaza aldıq. Buna qarşı çıxan qaynım bütün mülkün qanuni şəkildə ona aid olduğunu, atasının məhz ona vəsiyyət etdiyini bildirdi. Qayınatam savadsız adam idi. Heç bir şahid, sənəd, dəlil-sübut olmadan vərəsəlik necə hüquqi ola bilər?! Vərəsəlik haqda şəhadətnamənin hazırlanmasında bilavasitə iştirak edən notarius Nəcibə Məmmədova etiraf edir ki, qaynım bütün sənədləri atasının iştirakı olmadan təsdiqlədib. Qaynım isə öz ifadəsində atasının öz ayağı ilə notariusu gedərək vəsiyyəti təsdiqlətdiyini deyir. Bu günədək heç bir hüquqi sənəd göstərməyən qaynım indi bütün bu oyunları kiçik mağaza aldığımız üçün çıxarır..." 
   
   İtkin düşən ərin uşaqları qardaşı tərəfindən küçəyə atıldı
       
   "...Aidiyyəti qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq, bütün qapılar üzümüzə bağlanıb. Qaynım 1 ay ərzində evi boşaltmağımız üçün möhlət verib. 2 uşaqla hara gedəcəyimiz isə heç kəsi maraqlandırmır. Övladlarım qanuni vərəsə olsalar da, öz hüquqlarından məhrum olunurlarg". Şikayətçinin sözlərinə görə, məsələnin bu qədər qəlizləşdirilməsinin başlıca səbəbi həyat yoldaşı Məhəmməd Abdulrəhmanovun 16 ildir tapılmamasıdır: "Onun həyatda olub-olmaması haqda heç bir xəbər yoxdur. Əllərində heç bir sübut olmadan bir adama necə ölü demək olar?! Bəlkə yoldaşım hələ sağdır. Ancaq Zaqatala rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində izahatım alınmadan, proseslərdə dindirmədən işə xitam verilib". Şikayətdə həmçinin bildirilir ki, ata, oğlanlarının birinə bütün mülkünü vəsiyyət edib. Bu məsələnin həlli üçün 2008-ci ildə məhkəməyə müraciət olunsa da, burada 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin müddəaları kobud şəkildə pozulub. Həmin müddəalara əsasən, vəsiyyət edən şəxsin vəsiyyətnaməsindən asılı olmayaraq digər qardaşın da həmin mülkdə məcburi payı var. Ata vəsiyyətnamə ilə bir oğluna da hansısa bir mülkü vəsiyyət edirsə, qanunvericilikdə bu vəsiyyətnamənin məzmunundan asılı olmayaraq həmin şəxsin digər övladına da mülkdə məcburi pay düşür. Yəni qanuni vərəsəliyə görə, hər iki qardaş arasında mülk bölünməli, istisna hallarda isə mülkün yarısı olmasa da, 1/3-i itkin düşən qardaşa çatmalıdır. Bunun üçünsə ilk növbədə şəxsin itkin düşməsi haqda polisin göstərişi, məhkəmə qətnaməsi və ya ailəyə hansısa bir xəbərdarlığın mövcudluğu haqda hüquqi sənəd olmalıdır. Belə sənəd yoxdursa, ailənin digər qardaşdan mülk tələbetmə hüququ məhdudlaşırg 
   
        "Burada notarius cinayət məsuliyyətinə cəlb oluna bilər"
   

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin sözlərinə görə, cəmiyyətdə bu kimi problemlərin yaranmasının başlıca səbəbləri məhkəmə özbaşınalığı, korrupsiya halları, hakimlərin iş prinsiplərini ciddi şəkildə pozmasıdır: "Əsasən də vərəsələrin dairəsinin müəyyən edilməməsi, hansısa vərəsənin payının düzgün bölüşdürülməməsi, vərəsəlik haqqında şəhadətnamə verilərkən notariusun üzərinə düşən başqa vəzifələrin, məsələn, miras əmlakının mühafizəsi, vərəsələrin axtarılması və s. məsələlərlə bağlı notariusların öz hərəkətlərini qanuni tələblər çərçivəsində həyata keçirməməsi ilə bağlı olur. Cinayət faktları da burada istisna deyil. Yəni hər hansı vərəsə notariusla cinayətkar əlaqəyə girir, yaxud miras qoyanı narkotik vasitələrdən, alkoqollu içkilərdən istifadə etməklə anlaqsız vəziyyətə gətirir və bu vəziyyətdə özünün və ya kiminsə xeyrinə vəsiyyətnamə tərtib elətdirir. Qanunvericilikdə bunlar cinayət əməli kimi nəzərdə tutulub və notariuslar və eyni zamanda həmin əməldə iştirak edən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər". Ekspertin sözlərinə görə, bənzər hallarda ən təsirli hüquq müdafiə vasitəsi notariusun qanunsuz hərəkətindən və ya qanunsuz qərarlarından məhkəməyə şikayət etməkdir: "Notariat haqqında" qanunun 40-cı maddəsinə əsasən, əgər notarius hansısa notariat hərəkəti etməkdən imtina edirsə, 3 gün ərzində o imtina barədə yazılı cavab verməli və əməliyyatı aparmaqdan imtina səbəblərini əsaslandırmalıdır. Vətəndaş bu imtinadan məhkəməyə şikayət verə bilər. Mülki-Prosessual Məcəllənin 38-ci fəslində də göstərildiyi kimi, notariusun hərəkətlərindən verilən şikayətlərə xüsusi icraat qaydasında, mülki-hüquqi mübahisəli məsələlərə isə ümumi iddia icraatı qaydasında baxılmalıdır. Mübahisənin həlli fonunda notarius hərəkətlərinə də hüquqi qiymət verilir. Bundan başqa, qanunvericilikdə notariusların maddi məsuliyyəti də nəzərdə tutulub. Yəni notariuslar, əgər dövlət notariusudursa, vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin qaydasında məsuliyyət daşıyır. Digər müdafiə vasitəsi kimi notariusun qanunsuz hərəkətlərindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə verilən şikayətlərdir. Notariusun qanun pozuntusuna yol verməsi məhkəmə ekspertizasında aşkarlandığı təqdirdə o, müvafiq qanun qaydasında cəzalandırılır - töhmətin verilməsi, vəzifəsinin aşağı salınması və ya umumiyyətlə tutduğu vəzifədən uzaqlaşdırılması kimi". 
       
   Ədliyyə Nazirliyinin müvafiq idarəsi notariuslarda qanun pozuntusu görmür
       
    Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov isə son 10 ildə notariat pozuntuları ilə bağlı, demək olar ki, heç bir şikayət daxil olmadığını bildirir: "Uzun illər öncə belə hal müşahidə olunubsa belə, bunlar 1 - 2 faiz təşkil edir və artıq öz həllini tapıb". Məlum məsələ ilə bağlı yaranmış neqativliyin səbəbini Ənnağı Hacıbəyli qanunvericilikdə boşluqların olmasında görür. Xüsusilə də qanunu pozan notariusların məsuliyyətə cəlb olunması kimi vacib problemin qanun çərçivəsində öz həllini tapmaması kimi. "Əksər məhkəmə təcrübəsindən görünür ki, notarius açıq-aşkar yol verdiyi qanunsuz hərəkətinə görə məsuliyyətə cəlb edilməsi əvəzinə, sadəcə, məhkəmə, Ədliyyə Nazirliyi, başqa orqanlar əməliyyatın, yəni şəhadətnamənin ləğv edilməsi ilə kifayətlənir. Bu, müəyyən işlərdə məqbul sayılsa da, notariusun kobud qanun pozuntusuna yol verdiyi müəyyən işlərdə ciddi tədbirlərin görülməməsi müşahidə olunur. Bu mənada qanunu pozanlara qarşı sərt tədbirlər görülməsinə də ehtiyac var. Bundan başqa, bir vaxtlar qanunda göstərilirdi ki, "əvvəllər qəsdən cinayət törətmiş şəxslər notariat fəaliyyəti ilə məşğul ola bilməzlər". İndi "qəsdən" sözü "hər hansı bir cinayət törətmiş şəxs artıq notariat fəaliyyəti ilə məşğul ola bilməz" cümləsi ilə əvəzlənib. Belə çıxır ki, yolda gedəndə səndən asılı olmayan səbəbdən və ya diqqətsizlikdən hər hansı bir nəqliyyat hadisəsi törədib buna görə məhkum olunan şəxs heç vaxt notarius işləyə bilməz. Bu, məntiqə sığmayan şeydir. Çünki belə hallarda daha çox vəzifə cinayətləri törətmiş, korrupsiya ilə məşğul olan, sənədlərin saxtalaşdırılmasında günahkar və daha ağır cinayətlər törətmiş şəxslərin bu fəaliyyətdən kənarlaşdırılmasından söhbət getməlidir". 
   
         "Notariat haqqında" qanunun 11 il sonra icrası
   
      Müsabihimiz qanunun 11 il gecikmə səbəblərini isə belə əsaslandırdı: "Müstəqil ölkədə yaşadığımızı unutmamalıyıq. Sovet tərbiyəsi nə mənim, nə də gənc nəslin canından hələ çıxmayıb. Çünki bunlar genlə keçən xüsusiyyətlərdir. Azərbaycanda dövlət orqanlarına həmişə böyük etimad və inam olub. Notariat işlərində böyük əməliyyatlar aparılır. Bunları birdən-birə özəl kontora həvalə eləmək düzgün olmaz. Sabah bir özəl notarius hansısa əmlakın alğı-satqısında buraxacağı yanlışlıqla həm özünə, həm də dövlətə ziyan vurmuş olar. Digər tərəfdən Azərbaycanda çox sayda xarici ölkələrin nümayəndələri, investorlar var. Bunların ölkəmizə qoyduqları sərmayədə, hansısa mülki dövriyyə ilə bağlı əməliyyat prosesində özəl notariusun səriştəsizliyi üzündən dövlətə böyük zərər vurula bilər. Ancaq dövlət notariat kontorunda fəaliyyət göstərən notarius belə bir əməliyyatı aparmamışdan əvvəl yüz dəfə, min dəfə bizimlə məsləhətləşir. Bu baxımdan dövlət notariat kontorlarında məsuliyyət hissi həddən artıq yüksəkdir". 
      Özəl notariat kontorlarının fəaliyyəti üçün atılan addımları müsbət dəyərləndirən hüquqşünas Ənnağı Hacıbəyli bunun ölkədə mövcud olan korrupsiyanın həllinə də müsbət təsir göstərəcəyini düşünür.
      "Sağlam rəqabət şəraitində notariuslar daha keyfiyyətli hüquqi xidmət göstərəcəklər ki, vətəndaşlar onların yanına gəlsinlər. İstər hüquqi, istər texniki, istərsə də əməliyyat müqabilində vətəndaşlardan alınan qanuni-qanunsuz rüsumun azlığı baxımından. Bu mənada özəl kontorların yaradılması, məncə, notariat fəaliyyətinə müsbət təsir göstərəcək. Ancaq ilk dövrlər - özəl notariat təcrübəsi Azərbaycanda mükəmməlləşənə qədər müəyyən nöqsanlar da qaçılmazdır. Çünki təcrübə olmayan yerdə nöqsanlar da olur. Bu baxımdan bu nöqsanları, hətta təbii də saymaq olar - deyə Hacıbəyli bildirdi.
   Sevda Babayeva
     
   

Комментариев нет:

Отправить комментарий