суббота, 7 июля 2012 г.

Kamal Abdulla Nobellə bağlı suallara aydınlıq gətirdi – FOTOLAR


Bakı Slavyan Universietinin rektoru, yazıçı Kamal Abdullanın Nobel mükafatına namizəliyinin irəli sürülməsi xəbəri son bir neçə günün aktual mövzularından biridir.
Azərbaycan ədəbiyyatı tarixində sözün birbaşa mənasında hadisə sayıla biləcək bu xəbər pozitiv düşüncələrlə yanaşı neqativ şaiyələrə də yol açdı. Belə ki, irəli sürülən versiyalar arasında xəbərin həqiqətə uyğun olmaması, ümmiyyətlə,
namizədliyinin qeydə alınması ilə bağlı hər hansı bir rəsmi məktubun gəlməməsinə dair müxtəlif fikirlər səsləndirildi.

Bütün bunlara cavab olaraq Kamal Abdulla Bakı Slavyan Universitetində keçirdiyi mətbuat konfransında aydınlıq gətirdi: «Keçən ilin noyabr ayında Slavyan Universitetinə İsveç Akademiyası Nobel Komitəsinin sədri
Pyer Vastberq tərəfindən məktub gəlib. Məktubda bildirilib ki, hər il dünya üzrə bəzi universitetlər arasında keçirilən təsadüfi seçimlə ədəbiyyat və müasir dillər üzrə professorların Nobel mükafatına öz layiq bildikləri namizədləri irəli sürmək hüququ var. Bir müddət sonra gələn məktubda isə seçim etmək hüququ qazanan 5 professorun – Asif Hacılı, Rəhilə Qeybullayeva, Məmməd Qocayev, Rəhilə Quliyeva, Naidə Məmmədxanovanın adı göstərilib. Həmin professorlar isə cavablarında mənim namizədliyimi irəli sürüblər. Mart ayında isə İsveç Akademiyası Nobel Komitəsinin daimi katibi Peter Enqlund adından daxil olmuş məktubda isə mənim namizədliyimin təsdiqlənməsi haqqında daha bir məktub daxil olub».
Qeyd edək ki, Kamal Abdullanın əsərləri Nobel Komitəsinə 2007-ci ildə göndərilib. Bu haqda məlumatı Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva deyib: «2008-ci ildə mənə bir komitə eksperti kimi komitədən 2008-ci il üçün Nobel mükafatına Azərbaycandan bir şəxsin namizədliyini irəli sürmək xahiş olunmuşdu. Mən də Kamal Abdullanın əsərlərini, özəlliklə də «Yarımçıq əlyazma» kitabını poçt vasitəsilə göndərmişdim. Çünki Kamal Abdullanın əsərləri Nobel mükafatının standartlarına uyğun gəlirdi. Standartlara görə, namizədliyi irəli sürülmüş yazıçının əsəri ən azı bir xarici dilə tərcümə olunmalı, bir çox nüfuzlu dərgilərdə məqalələri yayımlanmalı və ya beynəlxalq konfranslarda çıxışları olmalıdır».
Qeyd edək ki, «Yarımçıq Əlyazma» əsərinin xarici dillərə çap olunmaması ilə bağlı gəzən şaiyələrə də Kamal Abdulla öz münasibətini bildirdi. Onun sözlərinə görə, bu əsər rus, fransız, portuqal, polyak və Türkiyə türkcəsinə tərcümə olunub. Ərəb və yapon dillərə tərcüməsi isə tamamlanmaq üzrədir.

Sevda Babayeva
















Комментариев нет:

Отправить комментарий