суббота, 2 октября 2010 г.

«CƏHƏNNƏM KİRAYƏNİŞİNLƏRİ»

Allahın ən «mükəmməl» əsəri haqda mistik tragikomediya


İnsanın ruhunu şeytana satması, ikiləşmiş insan ruhlu iblis… Necə adlanmasından asılı olmayaraq, mahiyyət dəyişməzdir. Özəlliklə incəsənətin bütün sahələrində- ədəbiyyat, kino, teatr, təsviri incəsənətdə dəfələrlə toxunulub bu mövzuya. Fərqli müəlliflər fərqli prizmadan baxıblar. Qısası, kodud desək, «çeynənmiş» mövzudur. Ancaq buna rəğmən yenə də aktualdır, zaman-məkan çərçivəsi tanımır. Ta Adəm Peyğəmbərin zamanından bu günümüzədək, zaman dəyişsə belə, hadisələr təkrarlanır. Maraqlıdır, doğmadır da eyni zamanda. Çünki bizə, gizli və ya aşkar «mən»imizdə baş verənləri görükdürür…
Özümüzə gizlincə baxmaq, özümüzü görmək həvəsi nə qədər cazibədardırsa, bir o qədər də qorxuludur. Kimsə, «həqiqətdə buyam» demək cəsarətini özündə tapmır. Heç axtarmaq niyyətində də deyil. Elə bu məqamda bizi bizlə «görüşdürən» sənət xadimləri olur. Bu dəfə məlum «görüşə» təkan verən dramaturq Elçin və rejissor Kamran Şahmərdan oldu. Yəni, biri yazdı, digəri səhnələşdirdi, üçüncülər isə canlandırdılar – «Cəhənnəm kiaryənişinləri» («Kvartirantı ada») mistik komediyasını. Yeri gəlmişkən, «şeytan xislətli insan» tipli mövzular Elçin yaradıcılığına daha doğmadır, müəllifin dəfələrlə müraciət etməsini nəzərə alsaq…Rejissor Kamran Şahmərdanın Rus Dram Teatrı ilə ikinci (ilki Jan Anuyun «Torağay» tamaşası olmuşdu – S.B.), Elçinlə ilk əməkdaşlığıdır.
Mədəniyyət və Turizm Nazirilyinin sifarişi əsasında hazırlanıb «Cəhənnəm kirayənişinləri». Nazirliyin teatr sahəsində 2009-cu ildə reallaşdırdığı ən uğurlu layihəsi hesab etmək olar. Təxminən 3 aya ərsəyə gəlib. Rollarda respulikanın xalq artistləri Yuri Baliyev (Qonaq, Zabit), Səfa Mirzəhəsənov (Kişi), əməkdar artist Mələk Abbaszadə (Qadın), digər aktyorlar Ramil Əliyev (Qonağın oxşarı), Murad Məmmədov, Zaur Şəfiyev, Mariya Dubovitskaya, Raulya Turkkan (Qonağın müşayiətçiləri) iştirak edirlər. Quruluşçu rəssam da Rusiyadan, Sank-Peterburqun «Komik-Trest» teatrında çalışan Tatyana Tarakanova dəvət olunub. Tamaşanın videoinstalyasiya bölümü klipmeyker kimi tanınan Aqil M. Quliyevə həvalə olunub. Yeri gəlmişkən, Aqil M. Quliyevin teatr işindəki uğuruna rəğmən, öz məhşur adətinə bu dəfə də sadiq qaldı – hazırlığı təxminən üç ay davam edən tamaşanın videoinstalyasiyası premyeraya iki gün qalmış tələm-tələsik vəziyyətdə hazırladı…                                                                              ***
Proqramda tamaşının janrı məhz komediya kimi yazılıb. Tamaşada cüzi komediya elementləri olsa belə, format, ümumilikdə traiqikomediya janrına daha uyğun idi. Və bu baxımdan yalnız gülüb, əylənmək və görülənlərdən azacıq nəticə çıxarmaq kimi qavranılan «komediya» sözünün əvvəlinə bir «qara» sözü əlavə olunsaydı, «qara komediya» söz birləşməsi ilə seyrçini aldatmamış olardı. Həm «tamaşaçı ancaq komediyaya baxır» diaqnozunu qoyan məlum teatrın rəhbərliyi fikrində yanıldığının şahidi olar, həm də seyrçi komediya və qara komediya arasında fərqi ən azından bilmiş olardı…
Tamaşada cərəyan edən hadisələr 1937-ci ili əhatə edir. Repressiyalarla dolu Stalin epoxası. Həmin dövrü andıran mənzərə, sənədli arxtiv materiallarından ibarət ilk videogörüntülər – Stalin, Qırmızı Meydandakı siyasi çıxışlar, parad nümayişləri …

Tarixə qanla yazılmış həmin dövrün, 37-ci ilin son günü – 31 dekabr. Qəhrəmanların – KİŞİ və QADIN üçün artıq hesablaşma gününü yaşayırlar. Atılmış kiçik bir daşın bumeranq kimi geri qayıdış günü. Və bir neçə saatdan sonra 38-ci ilin ilk günü başlanacaq. Ancaq bu gün gələcəkmi? Şekspirin Hamleti demişkən, «Bax, budur sual»… Elə tamaşadakı cütlük də hesab gününün yaxınlaşdığını hiss edib, şübhələr içində qovrulurlar…

                                                                              ***
Səhnə kifayət qədər genişdir. Ümümiyyətlə, müasir dünya teatr prosesində səhnə tərtibatından artıq mümkün qədər az istifadə edilir. Yəni, minimum dekor, minimum rekvizit, aktyor ifasına isə maksimum vurğu. Bu tamaşada da həmçinin. Əsas etibarilə şərtiliklərə köklənərək, rejissor Kamran Şahmərdan tamaşadakı fikri, ideyanı qəbul etmək üçün seyrçinin yaradıcı qavrayışının, təsəvvürünün ixtiyarına verib. Daha plastik, sintetik, eyni zamanda dəqiqliklə verilmiş məqsəd…. Meyerhold konsepsiyasının bir növ canlı təzahürü.

Geniş meydan – səhnə, ortada qəbir formasında uzunsov masa, masanın üzərində bayram süfrəsini xatırladan bir-iki əşya – boşqablar, bardaqlar, qrafin… Yuxarıdan asılan qırmızı çilçıraq, böyük səhnənin tam ortasında, qara və qırmızı rənglərin vəhdətindən ibarət daha bir dördkünc səhnə – hadisələrin cərəyan etdiyi əsas məkan. Təsadüfən və ya uyğunluq xatirinə seçilən qara və qırmızı toplana xüsusilə ağırlıq verilib. Təkcə səhnə tərtibatında deyil, qəhrəmanların libaslarında da. Kişinin əynində qırmızı qalstuk, Qadının ayaqqabısı, boyunbağısı və əlcəyi, eləcə də xəzi qırmızı rəngdədir. Gah Qonaq, gah da Zabit cildində peyda olan Qonağın əynində də qara və qırmızıdan başqa rənglərin olması absurd olardı. Digər qəhrəmanların libasları fərqli rəngdə olsa belə, İblisi təmsil edən məhz bu rənglərdir.

Bu tonlar təkcə iblisin, şeytanın, cəhənnəmin odu Apokalipsisin, eləcə də qara magiyanın, ölüm və gecənin, qorxu və bədbinliyin simvolu, qayda-qanunların pozulması və konfrontasiyası deməkdirsə, hər iki rəngin sintezi artıq sanatizm, nasizm və bu gücləri təmsil edən qüvvələrin rəngi kimi simvolizə olunur. Qırmızı rəng həm də müəyyən dövrü andırır, xüsusilə kommunizm və sosializm epoxasının assosiativ rəngi kimi.
Bir sözlə, təqdim olunan hər bir element, hər bir əşya nə görüntü, nə də boşluğu doldurmaq xatirinə qoyulmuşdu. Kiçik bir detalın səbəbi, əsası, «danışan dili» vardı.

Tamaşada Stalin dövrünü və o dövrlə bağlı siyasi proseslərlə əlaqədar mətləblərə toxunulsa da, ön plana nə Stalinin adioz fiquru, onun şəxsiyyəti, nə də o dövrün hadisələri yox, məhz İNSAN faktoru çıxır. Tamaşanın əsas qəhrəmanı İNSANdır. Aldadılmağa, sındırılmağa, yıpranmağa könüllü hazır olan, kütlə içində görünməz, başqalarının meyidini tapdalamaq bahasına belə ilk sıralarda olmağı arzulayan İNSAN – Allahın ən «mükəmməl» əsəri.

Ömrü boyu dotslarının həyatına hökm verən, «donos»larla sürgünlərə göndərən, başqalarını öz başının-canının sağlığı uğruna qurban verən İNSAN. Belə də davam edəcəyini düşündüyü anda qapısını BİRİ döyür. Bu çağırılmamış qonağı istədiyimiz kimi adlandıra bilərik. Şeytan, iblis, Mefistofel, Voland, ya da Vicdan… Hər kimdirsə, bu ÇAĞIRILMAMIŞ QONAQ, nəticə etibrilə «insan» adlı məxluqdan doğan biridir.

Və bu qonaq hər şeyin, hər əməlin hesabını soruşmağa gəlir. Qəhrəmanların keçmişi səhifə-səhifə vərəqlənir… Şeytan və Ər-Arvad arasında gedən mükalimələrin, əlbəyaxa çarpışmaların nəticəsində məlum olur ki, Allahın ən mükəmməl sənət əsəri – İNSAN nələrə qadir deyilmiş?! Şeytan belə bu qorxulu məxluq – İnsanla müqayisədə bir mələkmiş… Qonağın başı kəsilsə də, gözləri oyulsa da, ölməzdir. Siyasi repressiyaların dəhşətləri əbədi olduğu kimi yer üzündəki insan mənfurluğunun gücü də əbədi, sonsuzdur.

***

Tamaşanın uğurunda rejissorla bahəm Yuri Baliyev, Səfa Mirzəhəsənov və Mələk Abbaszadədən ibarət uğurlu aktyor ansamblının əməyini danmaq insafsızlıq olardı. Yeri gəlmişkən, «Cəhənnəm kirayənişinləri» tamaşası hər üç aktyorun benefisi də sayılır. Yəni, bu səhnə əsəri Yuri Baliyevin 60, Səfa Mirzəhəsənovun 50, Mələk Abbaszadənin isə 40 illiyi şərəfinə hazırlanıb.

Sənətkarı tərifləmək nonsensdir, ancaq yaxşıya yaxşı deməməyə də dil varmır. Xalq artisti Yuri Baliyevdən söhbət gedir. Onun yaratdığı Qonaq, Zabit obrazı deyilənləri növbəti dəfə təsdiqlədi. Energetikası, xarizması və peşəkarlığı baxımından Baliyevin hər ifası canlı ustad dərslərinə bərabərdir.
Mətləbdən azacıq uzaqlaşaraq, maraqlı, eyni zamanda mistik bir hadisəni aktyorun deyimindən çatdırmaq istəyirəm. Hər hansı bir rolun, xüsusilə də şər qüvvələrin daşıyıcısı kimi rolların düşər-düşməzliyi haqda yalan-gerçək məlumatlar çox eşidilib, çox oxunulub, hətta bu haqda çox sayda sənədli filmlər, verilişlər belə çəkilib. Yuri Baliyev də bənzər aqibətdən yan qaça bilməyib. Özünün dediyinə görə, şeytan obrazının məşqləri zamanı düz üç dəfə başına çox mistik olaylar gəlib. Birincisi, məşq zamanı çiynindən aldığı fiziki zərbə, ikincisi avtomobil qəzasından dolayı ölümün bir addımlığında olması. Tamaşada şeytanın gözünün çıxarılması səhnəsi var. Bax, bu səhnənin «cəzası» aktyorun özünün yox, aman-zaman bir oğlunun gözünün itirilməsi bahasına gələcəkdi ki… Baliyev əməlli-başlı təlaşa düşsə də, hətta rolundan belə imtina etmək istəsə də, çon anda çarəni kilsəyə gedib şam yandırmaqda görür. Bununla da mistik hadisələr teatr səhnəsindən kənara çıxmır.
Mələk Abbaszadə bu tamaşada QADIN rolunu oynayır. Əvvəlcə ondan başlayaq ki, bu onun rejissor Kamran Şahmərdanla üçüncü işbirliyidir. Hər bir rejissorun sevdiyi və daim işlədiyi aktyor və ya aktrisa olduğu kimi Kamranın da həvəslə işlədiyi aktrisa məhz Mələk Abbaszadədir. Təsadüfi deyil ki, Kamranın Azərbaycanda səhnələşdirdiyi tamaşaların bir çoxunda məhz Mələk Abbazzadə yer alıb. Hətta cəsarətlə demək mümkün ki, bu aktrisanı kəşf edən məhz K.Şahmərdan oldu. Çünki… Vaxtilə «VQİK» kimi tanıdığımız Ümumittifaq Kinematoqrafiya İstitutunda məşhur rus aktyoru Aleksey Batalovun kursunu bitirən, Türkiyənin İstanbul, Ankara şəhərlərinin aparıcı teatrlarında oynadığı bir sıra rolları ilə uğura imza atan Mələyin Bakıda, S.Vurğun adına Rus Dram Teatrının səhnəsindəki varlığının qeyri-müəyyən qalması təəccübləndirməyə bilmirdi. Yəni, daha öncələr rol aldığı «kapustnik» tipli tamaşalarda ifası olduqca passiv və görünməz, səsi də duyulmaz idi. İncə səsli Mələyin səhnədən dediyini eşitmək üçünsə gərək zalın ilk sıralarında əyləşəydin. Buradan bir nəticəyə gəlmək olur ki, aktyoru sözün yaxşı mənasında «sındıra» biləcək rejissora ehtiyac vardı. Bunu da ilk görən, duyan Kamran oldu. Aktrisanın ifası ilə quruluş verdiyi Tənha səs» (J.Kokto), «Torağay» (J.Anuy), indi də «Cəhənnəm kirayənişinləri» (Elçin) tamaşalarında sübut elədi ki, Mələk plastik, bir ampluaya köklənməyən, istənilən janrlı tamaşalarda yüksək səviyyədə oynamağa qadir, çoxşaxəli potensial imkana malik bir aktrisadır.
Sonuncu «Cəhənnəm kirayənişinləri» tamaşasında da Mələk sözün həqiqi mənasında tamaşaçıları təəccübləndirdi. Faciə və komediyanı saniyələrlə ölçülən zaman kəsiyində çatdırması, etdiyi maraqlı və plastik keçidləri, səs tonallığı göstərdi ki, Mələk təkcə incə səsli biri deyil, ən ağır psixoloji rolları, yeri gələndə hətta isterik, bizim deyimimizlə desək, şüvən, qəddar, eyni zamanda gülünc, şıltaq qadınları da oynamağı bacaran aktrisadır.
Səfa Mirzəhəsənovun KİŞİ obrazında qorxaqlıq, acizlik, qərarsızsızlıq və sərf elədiyi zaman cəsarətlik, qəddarlıq kimi xarakterik xüsusiyyətlərin harmonik yaşantısı da aktyorun yüksək səviyyəli ifası ilə canlandıra bildi.

                                                                                  ***

Tamaşanın janrıında mistika olduğu üçün bu mistik ovqatın yaradılması da labud idi. Elə bu məqsədlə, Kamran Şahmərdanın köməyinə müxtəlif effektlərin qarışığından ibarət vdeoinstalyasiya, Eicca Toppinen (Black ice), John Adams (Eldorad), «Amorphis» rok qrupu, A.Babilon, Marlen Ditrixin mahnıları, həmçinin 30-cu illərin sevilən musiqi parçaları və xoreoqraf Ruhiyyə Quliyevanın rəqs quruluşları gəlib.

Tamaşanın premyerası 18 dekabrda baş tutmuşdu. İosif Stalinin doğum günü ərəfəsində. Təsadüf, yoxsa zərurət. Şəxsən mən, sonuncusuna- zərurətə daha çox inanmaq və lazımlı bir mesaj kimi qəbul etmək istəyirəm. Çox sevdiyim bir deyimdə olduğu kimi: «Hər xalq öz diktatoruna layiqdir».

                                                                                       SEVDA BABAYEVA, Teatrşünas

Комментариев нет:

Отправить комментарий