понедельник, 22 ноября 2010 г.

HƏZRƏTİ ƏLİ (Ə)

19 Iyun HƏZRƏTİ ƏLİ (ə) – nin doğum günü idi
600-cü ilin Rəcəb ayının 13-də, cümə günündə peyğəmbərimizin əmisi Əbu Talibin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Rəvayətlərin birində bu uşağın dünyaya gəlişi belə açıqlanır:
Fatimə bint Əsəd hamiləliyinin son dövründə Kəbə Evinə yaxınlaşıb, Allaha bu sözlərlə müraciət edir: «Ey Allahım! Sənə iman gətirdim! Nazil etdiyin peyğəmbərlərə və kitablara iman gətirdim. Əcdadım İbrahimin sözlərini təsdiqləyirəm ki, o, Sənin əmrinlə bu ibadətgahın əsasını qoyub… Ya Rəbbim! İbrahimin və bətnimdə daşıdığım bu körpənin xatirinə doğuşumu yüngülləşdir!». Bu an möcüzə baş verir! Gözlənilmədən Kəbənin divarlarından biri yarılıb açılır. Fatimə müqəddəs evə daxil olur, bundan sonra divar yenə də əvvəlki halına dönür. Bu hadisəni görən insanlar heyrətə gəlirlər. Camaat həmin yerə yaxınlaşıb qadını gizlədən divarı açmağa çalışır. Divar hər kəsin gözü önündə qadını bu məbəddə gizlətmişdi. Nəhayət, dörd gün sonra Fatimə bint Əsəd əllərində körpəsi ilə Kəbə evindən çıxır və ona, bu uşağın adını Əli qoymaq əmr olunduğunu hər kəsə xəbər verir. Əli - ərəbcədən tərcümədə ali, uca, yüksək mənasını ifadə edir. Beləliklə, tarixdə silinməz iz qoyan Həzrət Əli (ə) dünyaya gəlir…
 
UŞAQLIĞI VƏ GƏNCLİYİ…

Həzrət Əli uşaqlıqdan hər kəsin diqqətini çəkir. Öz saflığı, dürüstlüyü, mərdliyi ilə o, hər kəs tərəfindən sevilirdi. Əli Həzrət Məhəmməd Peyğəmbərin əmisi oğlu idi. Qeyd edək ki, körpəlikdən valideynlərini itirmiş Həzrət Məhəmməd əmisi Əbu Talibin evində tərbiyə alıb böyümüşdü. Bu ailədə dünyaya göz açmış Əli Həzrət Məhəmmədə ən doğma insan, kiçik qardaş kimiydi. Əziz Peyğəmbərimiz Əlini çox sevərdi. Hətta rəvayətlərdə qeyd olunur ki, Peyğəmbərimiz kiçik Əlini qucağına alıb sinəsinə sıxar və yeməyi çeynəyib ağzına qoyardı. Tarixə məlumdur ki, İslam dinini Məhəmməd Peyğəmbərdən (s.ə.s) sonra qəbul edən ilk şəxslər Peyğəmbərimizin xanımı Həzrət Xədicə və İmam Əli oldu. Hədislərdən birində deyilir: «Rəsulullah bazar ertəsi günü peyğəmbər göndərildi, Əli çərşənbə axşamı günü namaz qıldı…»
Peyğəmbərimizə hələ uşaq yaşlarından hər cəhətdən dəstək olan yenə də Əli idi. Bu səbəbdən Həzrət Məhəmməd Əliyə çox dəyər verir, ən həlledici anlarda məhz Əliyə etibar edirdi. Sonralar tarix də şahid oldu ki, müharibələr zamanı müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin yanından uzaqlaşmayan, onu bütün vücudu və ruhu ilə qoruyan gənc Əli oldu! Əlinin qorxmaz, çox güclü olduğunu bir çox tarixi faktlar və hədislər təsdiqləyir.
FƏDAKARLIĞI


Məhəmməd Peyğəmbərə qarşı çıxan Məkkə müşrikləri İslamın çiçəkləndiyini və özlərinin məğlub olma təhlükəsini gördükdə, Peyğəmbəri (s.ə.s) öldürmək qərarına gəlirlər. Onlar məkrli plan qurub, gecə vaxtı Allah Rəsulunun evinə hücum etməli idilər. Lakin Uca Allah onların pis niyyətlərini Həzrət Məhəmmədə bildirir və ona Məkkə şəhərini tərk etməyi əmr edir. Sevimli Peyğəmbərimiz Məkkəni gizlincə tərk etmək üçün çox ehtiyatlı davranmalı idi. Bunun üçün elə bir qorxmaz, mərd şəxs olmalı idi ki, düşmənlər Peyğəmbərin evini mühasirəyə alanda, o, Peyğəmbərin əvəzinə onun yatağında uzansın və düşmənlər bu şəxsin Peyğəmbər olduğunu güman edib bütün diqqətlərini evə yönəltsinlər. Bununla da, Məkkədən çıxan yollara nəzarət etməkdən çəkinsinlər. Lakin buna hər kəs razı ola bilməzdi. Bu, ölümlə üz-üzə gəlmək demək idi. Məhəmməd Peyğəmbər (s.ə.s) bütün olanları məhz Əliyə danışır. Fədəkar Əli səmimi qəlbdən Peyğəmbərin əvəzində yatağında uzanmağa razılıq verir. Düşmənlərin Peyğəmbəri qətlə yetirmək istədikləri gecə Əli Allah Rəsulunun evinə gedir və Peyğəmbərin yatağına uzanır. Peyğəmbər (s.ə.s) isə Məkkəni tərk edib, şəhərin kənarındakı bir mağaraya yollanır. Qatillər əllərində qılınc Peyğəmbərin evinə hücum edirlər. Lakin gözlənilmədən Allah Rəsulunun yatağında Əlini görürlər. Planlarının alt-üst olduğunu görən qatillər çox qəzəbli halda Əlidən Peyğəmbərin yerini öyrənmək istəyirlər. Lakin heç nə öyrənə bilmirlər. Bəzi tarixi mənbələrdə Əliyə hətta əziyyət verildiyi də qeyd olunur…
İmam Əli hər zaman sevimli Peyğəmbərimizə dəstək olurdu. Bir rəvayətə görə, Məhəmməd Peyğəmbər (s.ə.s) ölüm ayağında Əlini «dostumu yanıma çağırın» deyərək Əlini yanına gətizdirdi və ona sakitcə nəsə dedi. Əlidən Peyğəmbərin nə dediyini soruşanda, o, belə dedi: «Peyğəmbərimiz mənə öz elminin qapısını açdı və onların hər birindən də üzümə min yeni qapı açıldı».
 
ƏDƏBİ

Bir gün İmam Əli Kufə şəhərinə yola düşür. Həmin vaxt Əli xəlifə, yəni İslam xilafətinin rəhbəri idi. Kufə şəhərinin yaxınlığında Əli bir xristiana rast gəlir. Xristian Kufənin yaxınlığındakı məntəqəyə yollanırdı. Onlar yol boyu xeyli söhbət edirlər. Yol ayrıcına çatanda xristian İmamla sağollaşıb öz yoluna davam edir. Ancaq Əli yolunun başqa istiqamətdə olmasına baxmayaraq, xristianla eyni yolu gedir. Xristian təəccüblə soruşur: «Məgər siz Kufəyə getmirdiniz?» Əli: «Bəli». Xristian: «Bəs onda nəyə görə əks tərəfə gedirsiniz?» Həzrət Əli: «Bir az sizinlə birgə yerimək istəyirəm. Çünki Allahın Rəsulu bizlərə belə deyib: «İki nəfər yol yoldaşı olduqda bir-birinə haqq sahibi olurlar». İndi sizin mənim boynumda haqqınız var ki, mən də bu haqqı ödəmək üçün sizinlə bir az yeriyəcəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm…». Yəni sevimli Peyğəmbərimiz deyərdi ki, hər hansı bir insanı bir az da olsa ötürmək, yol yoldaşı olmaq çox bəyənilən bir əməldir.
Həzrət Əlinin bu davranışı xristianın xoşuna gəlir: «İslam belə mədəni dindirsə, ardıcılları bu qədər alicənab insanlardırsa, mən də müsəlmanlığı gərək qəbul edəm». Xristian həmçinin yol yoldaşının İslam hökümətinin rəhbəri Əli olduğunu öyrənir. O, daha da heyrətlənir və əminliklə müsəlmanlığı qəbul edir…

HƏZRƏT ƏLİ 




Həzrət Əli hər zaman yalnız və yalnız Uca Rəbbinin razılığını düşünərdi. Hər bir əməlində, istər döyüş meydanında, istərsə də ailə münasibətlərində. O, sevinəndə də, kədərlənəndə də özünü Allahın istədiyi kimi aparırdı. Əli ömrü boyu yaralıların, acların, məzlumların halına yanardı. Hətta ac-susuz düşmən əsgərinə rəhm edib, yarasını müalicə edərdi. «Siffeyn» müharibəsində elə bir vəziyyət yaranır ki, su mənbəyi İmam Əlinin nəzarəti altına düşür. Lakin Əli əsgərlərinə tapşırır ki, düşmən tərəf sudan istifadə etmək istədikdə onlara mane olmasınlar. Onun bu hərəkəti bəzi əsgərlərin xoşuna gəlmir: Düşmən bizi sudan uzaqlaşdıraraq təslim olmağa məcbur etmək istəyirdi. Əgər eyni işi biz də etsək, biz də bu müharibədə qələbə çalarıq. Biz bu fürsətdən istifadə etməliyik!.. Əli onlara belə cavab verir: «Xeyr, biz düşmənlə kişi kimi döyüşəcəyik. Belə işlər mərhəmətdən uzaqdır. Əgər onların gördüyü işi biz də görsək, onda bizim onlardan nə fərqimiz olacaq? Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik!» Əli düşmənlə şəxsiqərəzlik üzündən düşmənçilik etməzdi. Dostlarına isə dostluqlarına görə güzəştə getməzdi. Hər kəsə xalqla ədalətli, insaflı davranmağı tövsiyə edərdi.
 
SEVİLƏN ƏLİ 

İmam Əli Məhəmməd Peyğəmbərin (s.ə.s) həm əmisi oğlu, həm kürəkəni, həm də ona ən yaxın şəxslərdən biri idi. Peyğəmbərimizin ən sevincli və ən kədərli vaxtlarında İmam Əli onunla idi. Peyğəmbər Əli barədə belə deyir: Peyğəmbərimiz buyurub: «Sənin mənim yanımda məqamın Harunun Musa yanındakı məqamı kimidir. Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur».
Peyğəmbərin xanımı Ummu Sələmə peyğəmbərdən (s.a.s.) belə eşitdiyini söyləyir: «Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur».
Peyğəmbərimizdən imam Əli haqqında aşağıdakı hədislər də nəql edilir:
«Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir!»
«Əlini yalnız mömin olanlar sevər və ona yalnız münafiq olanlar qarşı çıxar!»
«Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir»
Hədislərdən birində deyilir: «Rəsulullah (s.a.s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli gəldi və dedi: Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın. Rəsulullah (s.a.s) dedi: Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan!»
Başqa bir hədisə nəzər salaq. Rəsulullah (s.a.s) Xeybər günü dedi: «Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Allah onun əlilə zəfər bəxş edəcək». Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha (s.a.s) görünsünlər. Amma o dedi: «Əlini yanıma gətirin». Əlini gətirdilər, amma gözləri ağrayırdı. Peyğəmbər dua oxudu, gözlərinin ağrısı keçdi və bayrağı ona verdi. Allah onun əlilə fəthi müyəssər etdi.
Xeybərin fəthi məhz Əlinin əlilə gerçəkləşdi. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin nəzərində olduqca mühüm hadisə oldu. Çünki bu, Allah və Rəsulunun (s.a.s) Əlini sevdiyinə sübutdur. Minlərlə dünya səadətindən daha xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu uzatmış və peyğəmbərə (s.a.s) görünmək istəmişlər. Ömər ibn Xəttab belə deyir: «Heç vaxt komandanlığı arzu etmədiyim halda, o gün "nə olardı, bayrağı mənə verərdi!" ümidi ilə Rəsulullaha (s.a.s) görünmək üçün başımı irəli uzatdım». Amma peyğəmbər bayrağı məhz Əliyə verdi!..
Məşhur müsəlman alimlərindən olan Əhməd bin Hənbəl deyib: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir!..».

QƏDİRİ-XUM HADİSƏSİ 


Nahaq deyil ki, Məhəmməd Peyğəmbər son Həcc ziyarətini edib qayıdarkən «Qədir-Xum» adlanan bir məntəqədə camaatı bir araya yığıb, onlara özündən sonra rəhbər kimi məhz İmam Əlini tanıdır. Yəni bütün müsəlmanlar içində Peyğəmbərimiz ümmətə imam olmaqda ən layiqli şəxs kimi məhz İmam Əlini görür. Sevimli peyğəmbərimiz buyurur: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!..»
Beləcə, peyğəmbərimiz dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) İslam ümmətinin mənəvi rəhbəri - imamı olur və dünyasını dəyişənədək ləyaqətlə ümmətə imamlıq edir. İstər özündən əvvəlki xəlifələr dövründə, istərsə də özü xəlifə olduğu dövrdə o, hər bir müsəlman üçün parlaq bir imam, mənəvi öndər olub, dinimizin olduğu kimi, oricinallığıyla qorunmasında müstəsna rol oynayıb.
Nahaq deyil ki, Məhəmməd peyğəmbər öz sevimli qızına, ciyər-parasına, çox istədiyi qızı Həzrət Fatiməyə ər kimi yenə də məhz İmam Əlini layiq bilir. Axı Əlini o özü tərbiyə edib böyütmüş, doğmalıqla ona mənəvi müəllim olmuş, Əli də layiqincə peyğəmbər məktəbindən faydalanaraq ən ülvi mənəvi keyfiyyətlərə sahib olmuşdur. Həmin dövrdə digərləri bir ömür İslamdan uzaq həyat sürdükləri halda, Əli hələ həddi-büluğa çatmadan əvvəl, həm də hər kəsi qabaqlayaraq Allahın haqq olan dinini - İslamı səmimi qəlblə qəbul etmiş, bütün ömrünü ilahi dəyərlərin keşiyində dayanmağa həsr etmişdir…


ƏLİ VƏ FATİMƏ


Məhəmməd Peyğəmbər (s.ə.s) kiçik qızı Həzrət Fatiməni çox sevərdi. Fatimənin çoxlu elçiləri olub, ancaq sevimli Peyğəmbərimiz qızını ancaq İmam Əliyə layiq bilir. Fatimə də buna razılıq verir. Əli ilə Fatimə evlənirlər, onların Həsən (ə), Hüseyn (ə) kimi igid oğlanları, Zeynəb, Gülsüm kimi mərd qızları olur. Əlini (ə) əminliklə əsl nümunəvi ər adlandırmaq olar. Evdən kənarda nə qədər çətin, məşəqətli işlərin olmasına baxmyaraq, Əli evə gəldikdə ömür-gün yoldaşı Fatiməyə hər cəhətdən kömək edirdi. Həm ev işlərində, həm uşaqların tərbiyəsində. Əli ilə Fatimə bir-birini tamamlayırdılar. Həzrət Fatimə hər zaman Əlidən razılığını bildirirdi. O, nahaq yerə deməyib ki, «ən yaxşı ər mənim yoldaşımdır»!
Əlbəttə, ata kimi də Əli, bəşəriyyətə bir örnək olmuşdur. Onun ailə ocağında imam Həsən və imam Hüseyn kimi parlaq şəxsiyyətlər yetişmişlər. Övladlarının tərbiyəsinə o, hədsiz incəliklə yanaşmış, onların öz zəmanələrinin ən layiqli şəxsiyyəti kimi tərbiyə alıb böyümələrində müstəsna rol oynamışdır. Əslində Əli  övlad tərbiyəsi məsələsində bəşəriyyət üçün inkişafın formulunu təsbit etmiş və buyurmuşdur: «Övladlarınızı onların zəmanələrinin tələblərinə uyğun şəkildə tərbiyə edib böyüdün!». Bu kəlamdakı mütərəqqi, zəmanəni qabaqlayan dərin zəkalı bir atanın müdrik çağırışı bizləri də bir valideyn kimi tərəqqiyə səsləyir…

ƏL TUTMAQ ƏLİDƏN QALIB …

Həzrət Əli (ə) olduqca səxavətli idi. O, bacardığı qədər ehtiyacı olanlara, kasıblıq içində yaşayanlara əl tutardı. Maddi dəstəklə bərabər, belə insanlarla, kasıbçılıq içində yaşayan ailələrlə sıx təmasda olub, onlara həm də mənəvi arxa olurdu. Həmin ailələr Əlik imi bir şəxsiyyətin qayğısını hər zaman hiss edirdilər.
İmam Əli ehtiyaclılara gizlində, heç kəsin xəbəri olmadan da çoxlu yardımlar edirdi. Rəvayətlərdə bildirilir ki, o, çoxlu sayda ailəyə gecələr gizlincə ərzaq məhsulları aparıb, qapıları qarşısına qoyar və qapını döyüb, özü oradan uzaqlaşardı. Ev sakinləri qapını açıb, qarşılarında Allahın Əlinin əli ilə onlara bəxş etdiyi ruzini görürdülər. Amma bu payı Əlinin gətirdiyini bilmirdilər. Ta o vaxta qədər ki… Əli dünyasını dəyişir. Həmin ailələr artıq bu payın gəlmədiyini görüb anlayırlar ki, illərlə onlara yardım edən şəxs elə Əli imiş…
 
İBADƏT  VƏ  ÖLÜM
 
Ədalətli insanları sevməyənlər çox olur. Bu, qanunauyğundur! Əli kimi ədalətli, dürüst bir insanın, əlbəttə ki, düşmənləri də çox olub. Əlinin fikirlərilə razı olmayan bir dəstə onu qətlə yetirmək qərarına gəlir. Həzrət Əlini öldürməyi Əbdürrəhman ibn Mülcəm adlı bir şəxs öz üzərinə götürür. İbn Mülcəm Kufəyə gəlib Həzrət Əlinin düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qalır…
Ramazan ayının 19-u idi. İbn Mülcəm sübh namazı vaxtı məsciddə namazla məşğul olan imam Əlinin başına zəhərli bir qılıncla zərbə vurur. Camaat Əlinin qatilini tutub İmam Həsənə (ə) təhvil verir. İmamın yaralı bədənini isə öz evinə aparırlar. İmam Əli ölümdən qabaq oğlu Həsənə bu sözləri deyir: «Oğlum! Mənim qatilimə xörək və su verin. Onu hələ ki, sərbəst buraxmayın. Əgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın».
Əli (ə) şəhid olur, o, 662-ci ildə, Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşur. O, gizlin şəkildə Nəcəf şəhərində torpağa tapşırılır.
Həzrət Əli çox çətin, amma ləyaqətli həyat yaşayır. Hər zaman Allahla olur, bir an belə Allahdan uzaq düşmür. Elə ona görədir ki, həyatdakı bütün məşəqqətlərə rəğmən, onun qəlbi daim rahatlıq, sevinc içində olur. Təsadüfi deyil ki, ağır zərbə yarasından dünyasını dəyişən bu böyük şəxsiyyətin son sözləri belə olur: «And olsun Allaha ki, ölüm də mənə şirindir və mən dünyadan ən xoşbəxt adam kimi köçürəm!..»

HƏZRƏT ƏLİNİN SON VƏSİYYƏTİ 

Sizə Allahdan qorxmağı tövsiyə edirəm! Dünya sizə tərəfə gəlsə də, siz onun arxasınca getməyin. Dünya malından əlinizdən gedən şey üçün kədərlənməyin. Haqqı söyləyin. Axirətdə mükafat qazanmaq üçün əməllər görün. Zalıma düşmən, məzluma yardımçı olun... Aranızdakı ixtilafları həll edin. Çünki Məhəmməd Peyğəmbər (s.ə.s) belə buyurub: «İki nəfərin arasını düzəltmək bütün namaz və oruclardan üstündür!»
Yetimlər barədə; Allahdan qorxun, Allahdan qorxun! Onları gah tox, gah da ac saxlamayın. Onlar aclıq, yalavaclıq və yiyəsizlik ucbatından sizin yanınızda məhv olmasınlar.
Qonşularınız barədə; Allahdan qorxun, Allahdan qorxun! Məhəmməd Peyğəmbər qonşularla yaxşı davranmağı o qədər vacib sayırdı ki, biz hətta Peyğəmbərin qonşudan qonşuya miras təyin edəcəyini güman etdik...
Namaz barədə; Allahdan qorxun, Allahdan qorxun! Çünki o, dininizin sütunudur…
Bir-biriniz arasında birlik və dostluq yaradın və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan çəkinin!..
Qeyd edək ki, imam Əlidən çoxlu hədis və rəvayətlər nəql edilib və bu müdrik kəlamlar «Nəhcül-Bəlağə» adlı bir topluda cəm edilib.


RƏBBİM hamimiza HƏZRƏTİ ƏLİ (ə) xatirinə rəhmət eləsin!
AMİN

Комментариев нет:

Отправить комментарий