Dörd ildir ki, dəbdən düşməyən, hər yerdə, hər zaman sevilən, tələb edilən bu tamaşanın uğurunda nə dayanır? Bütün bu sualların cavabını yazılı təsvir vasitəsilə vermək istərdik. Hərçənd o da etiraf edilməlidir ki, nəyin necə deyilməsindən, yazılmasından asılı olmayaraq, görmə, duyma, həyəcan hissini yalnız və yalnız həmin tamaşa ilə canlı təmas yaşada bilərdi. Hərflərə, cümlələrə sığdırılmış bütün bədii, sözlü təsvirlər isə canlı görüntünün yanında çox acizdir…
Tamaşanın ilk qaranlıq saniyələri, sonra zəif işıq... Səhnənin tam ortasında qəhvəyi rəngdə bir neçə siyirməli komod. Üst siyirmə ehmalca açılmağa başlayır. İlk görünən əl, ardınca qırmızı tufli, şərab və bir qədəh. Komodun orta siyirməsi də eyni templə açılır. Bu dəfə gözəl qadın ayağı və yenə də əl - tuflini ayağa geydirməsi üçün görünür. Siyirmənin içində qadın şərab süzüb keflə içir, sanki bir neçə dəqiqə və ya bir neçə saat öncə yaşadığı məhəbbət gecəsinin zövqlü dəqiqələrini uzadır… Siyirmələr bağlanır. Amma bu dəfə yavaş yox, qəfil çırpılma ilə. Və beləliklə, Auleriyanın nağılı, xülyası, oratoriyası başlanır.
İki rəng - al qırmızı və qaranın hakim kəsildiyi səhnədə böyük yelləncəklərə çevrilən pərdə görünür səhnədə. Bu pərdənin üzərində - yelləncəkdə quş yüngüllüyü ilə yellənən Aureliya. Və onunla bərabər səhnə pərdələrinin texniki pərvazlarının da silkələndiyini görüncə, narahat, həyəcan dolu hisslər yaranır ki, bax, indi bu an, bu saniyə, bu dəqiqə aktrisa kəlləmayallaq aşacaq səhnənin ortasına. Ancaq yox. Hər bir hərəkət millimetrinə qədər, zərgər dəqiqliyilə elə ölçülüb-biçilib ki, təhlükənin reallaşma ehtimalı sıfıra enir.
Eynilə ağ kağızdan düzəldilmiş əjdaha Aureliyanın ayağının dişləməsindən tutmuş insanı öldürən zamanın təzahürü kimi miniatür dəmiryolu qatarının da aktrisanın içindən keçməsinə qədər…
Bir-birilə uzlaşmayan çox sayda əhvalat və yuxuları əks etdirən bütün bu ilginc, maraqlı parçalar sonucda seyrçi fantaziyasına hesablanıb. İstəyən bunu nağıl, xülya, fantasmaqoriya… olaraq qəbul etsin, istəyən də bir neçə dəqiqəlik, reallığı olmayan adi sirk şousu kimi. Teatr və sirk elementlərindən ibarət bu tamaşanı istədiyimiz kimi adlandıra bilərik. Çünki fərqli, eyni zamanda bir çox bucaqdan baxmaq üçün kifayət qədər geniş imkanlar verir bizə. Zənnimcə, teatr biliciləri də razılaşarlar ki, istənilən nəsnənin təqdimatında maraqlı olmaq faktoru daha önəmlidir. Yəni, çox dəyərli klassik əsəri bəsit quruluşla zay etmək, ya da çox zay bir əsərdən və ya heç nədən maraqlı sənət əsəri yaratmaq kimi. İkincisi naminə istədiyin çərçivəni sındıra, aşa bilərsən, daşlaşmış, yazılmış və yazılmamış kanonları dağıtmaq da günah sayılmır.
Aureliyanın xüsusi zərifliklə havaya sovurduğu kanonları seyrçiyə könülxoşluğu, təbiiliklə qəbul etdirdiyi, sevdirdiyi kimi.
Klassik teatr anlayışından çox-çox uzaq, nə əvvəli, nə də sonu olan «Aureliyanın ortaoriyası»nda hər hansı bir dramaturji material, monoloq, dialoq, süjet xətti, mizanlar, emosional yaşantıların seziltiləri də hiss olunmurdu. Əvəzində bol-bol plastik, akrobatik hərəkətlər, jestlər, maraqlı, eyni zamanda da təhlükəli trüklar, zövq oxşayan musiqilər… vardı. Və bütün bunlar sadəcə iki aktyorun - Aureliya Tyere-Çaplin və tərəf müqabili, istedad baxımından Aureliyadan zərrəcə geri qalmayan Ceymi Martinesin təqdimatında göstərilir.
3-5 dəqiqəlik qısa səhnəciklərdən ibarət olan bu mini, bəzi məqamlarda gah mono, gah da duet şəklində göstərilən bu tamaşada əslində qeyri-adi bir şey yox idi. Qeyri-adilik sirk arenalarında gördüyümüz trükların, fokusların, maraqlı nömrələrin teatr səhnəsində, teatr dililə görükdürulməsi idi. Bu - real həyatda əhəmiyyətsiz, bəsit saydıqlarımıza diqqət etməyə, onu fərqli şəkildə görməyə çağırış idi…
Nəticə etibarilə hər şey fantaziyaya dayanır. Fantaziyan olduğu təqdirdə heç nədən, ən əhəmiyyətsiz nəsnədən və ya mətndən belə orijinal, qeyri-adi sənət nümunəsi yaratmaq mümkündür. Yerli sənət adamlarının tez-tez şikayətləndiyi nə məvacibin azlığı, nə texniki təchizatın aşağı səviyyədə olması və ya heç olmaması, nə teatr daxilindəki intriqalar, nə də seyrçi marağının yoxluğu və ya seyrçi zövqsüzlüyü sənin yaradıcılığına maneə, bəhanə ola bilməz! Yetər ki, fantaziyan və bu fantaziyanı reallaşdırmaq üçün sonsuz həvəsin, istəyin olsun...
Sevda Babayeva
http://milli.az/news/culture/26842.html
Комментариев нет:
Отправить комментарий