воскресенье, 5 декабря 2010 г.

ATRİBUTLAR

                         DİL  

  Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
 Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.
  Azərbaycan dili genealoji təsnifata görə, türk dillərindən biri olub, Ural-Altay dilləri ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

  Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
  Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
  Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.
  Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fərqlənir. Həmin dövrün Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dil xarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) xüsusiyyətləri ilə də seçilir.
Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb-gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.
  İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.
  Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.
  Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi, -yı, -yu, -yü // -ni, -nı, -nu, -nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq // -əcək şəkilçisinə verir.
  Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Комментариев нет:

Отправить комментарий