Tiflis Dövlət Azərbaycan Dram Teatrı yaşamağa, yoxsa, dəfn olunmağa məhkumdur?


Azərbaycan teatrının dramatik ömrü... Son pərdəsi faciədir, yoxsa?
Tiflisdə bineyi-qədimdən bəri məşhur bir məkanı var - Şeytanbazardır adı. Harada ki, tarixən və elə indi də Azərbaycan türkləri yaşayıb və yaşamaqdadırlar. Həmin ərazidəTiflis Dövlət Azərbaycan Dram Teatrı yerləşirdi.
XIX əsrdə Qafqazın mədəniyyət mərkəzi sayılırdı Tiflis. 1873-cü ilə dayanın Azərbaycan teatr tarixinin təməli də məhz Tiflisdən başlanır. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev və digər ziyalılarımızın əvəzsiz xidmətlərilə bağlıdır Tiflisdəki Azərbaycan teatrımız.
Əvvəllər Mirzə Fətəli Axundzadənin, indi isə Heydər Əliyevin adını daşıyır.
İlk dövlət stutusunu teatr, 1922-ci ildə qazanır. 1921-ci ilin sonlarında Tiflis teatr həvəskarları bir dəstədə birləşərək dövlət statuslu teatr yaratmaq naminə səylə çalışırdılar. Və yalnız bir il sonra bu istəyə nail olunur. Mirzə Fətəli Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti 2 yanvar 1947-ci ilədək sürdü. Müəyyən səbəblərdən dolayı bağlanmış teatrın Gürcüstan dövləti tərəfindən bərpasına isə 51 il sonra, 17 may 1998-ci ildə fərman verildi.
Qədim mədəniyyət ocağımızın yerləşdiyi məkanın ünvanı bu gün də dəyişməyib. Zahiri əzəməti, gözəlliyilə diqqəti çəkən teatr binamız Tiflisin turistik məkanlarından sayılan Şeytanbazar ərazisində, Qorqasali, 1 küçəsində yerləşir. Dəyişiklik təkcə zahiri görünüşündə deyil, həm də adındadır. İndi Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyır. Teatrın girişindəki lövhə ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi «SOCAR Georgia Petrolium» MMC-nin maliyyə dəstəyilə hazırlanıb.
Azərbaycan teatrı yaşayırmı?
Həm yerli sakinlər, həm də əcnəbi qonaqlar Tiflisdə Azərbaycan teatrının mövcudluğundan xəbərdardırlar. Tiflisin mərkəz küçəsində yerləşmiş teatr binası istər-istəməz özünün varlığından xəbər verir. Azərbaycan teatrının zənginliyi, yaşadılması haqda xoş düşüncələrə aparır. Ancaq bu illüziya, teatr binasının kandarından içəri daxil olana qədər davam edir. Teatr qapısından ayağını içəri qoyan kimi sanki başqa və çox eybəcər bir planetə düşürsən. Bir anlıq çaşqın vəziyyətdə həqiqətənmi teatra, yoxsa təsadüfən tikinti ərazisində gəldiyini düşünürsən. Beynində yaranmış ilk sualın cavabını tapmaq üçün müraciət ediləcək kimsə də yoxdur. O boyda əzəmətli binada bir ins-cins tapmaq da müşkülə çevrilir. İçəridəki ölü səssizlik insanın qulağını deşir…
Binanın sütunlarından tutmuş pilləkənlərinə qədər qəza vəziyyətində olmasına rəğmən, «Azərbaycan teatrı yaşayır» demək istəyirsən. Ən azından bunu yaşatmaq üçün son bərpasından üzü bəri ilkin addımlar atılmışdı. Hələ Eduard Şevardnadze hakimiyyəti dönəmində Tiflis Dövlət Azərbaycan Dram Teatrını yaşatmaq üçün Gürcüstan Dövlət Teatr və Kino İnstitutunda Azərbaycan bölməsi yaradıldı. 10 nəfər azərbaycanlı gənc həmin universitetdən məzun oldu. Onlardan 6-7 nəfəri hazırda Tiflis Azərbaycan Dövlət Teatrında çalışır. Aktyor heyətində ümumilikdə 13 nəfər aktyor var. Sonradan teatrın nəzdində yaradılmış studiyadan da daha bir neçə nəfər teatr truppasına qəbul edildi. Aktyor və aktrisalar say etibarilə bərabərlik təşkil edir, yəni yarıbayarıdır. Teatrın ən qocaman aktrisası 33 yaşında, ən gənci isə 23 yaşındadır. Ancaq tək bununla «Tiflis Azərbaycan Teatrı yaşayır» demək mümkündurmü?!
Formal olaraq bəlkə də mümkündür. Ancaq reallığın əksi olaraq teatrımız adlanan bu ərazi can verən xəstəni xatırladır. Bu gedişlə də «ölüm» ehtimalı yaxın bir-iki ilə qaçılmazdır. Çünki, hər şey buna doğru gedir. Texniki şəraitsizlik dolayısı yolla yaradıcılığa da mənfi təsir göstərir. Buna aparan səbəblərə gəlincə…
Azərbaycan teatrına ayrılan binada kimlər “tamaşa göstərir”?
Əvvəla ondan başlayaq ki, 2003-cü ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin fərmanı ilə Qorqasali 1 ünvanındakı bina bütünlüklə Tiflis Dövlət Azərbaycan Dram Teatrına verilib. Bina, ümumilikdə 700 kv metrlik ərazinin təşkil edir. Lakin ərazinin yalnız 30 faizi Azərbaycan teatrının ixtiyarındadır. Digər 70 %-i biznes strukturlarının, restoran, market, bar və digər obyektlərin, o cümlədən müxtəlif ailələrin istifadəsindədir. Hər yerdə və hər kəsin dilində 29 ailə sayı deyilsə də, o ərazidə yaşayan ailələrin say göstəricisi rəsmi sənədlərdə 16 göstərilir. Bundan başqa Azərbaycan Dövlət Mədəniyyət və Turizm Naziriliyinin rəsmi sənədləri, o cümlədən teatr əməkdaşlarının sözlərinə görə, bu ailələrin Abxaziyadan gələn qaçqın və köçkünlər olduğu vurğulanır. Lakin həqiqət başqa cürdür. Araşdırmalar zamanı məlum oldu ki, indiyədək hər iki ölkənin rəsmi sənədlərində, eləcə də məsələ ilə bağlı verilmiş müxtəlif xarakterli müsahibələrdə «qaçqın əhali» deyə adları hallanan insanlar əslində heç də qaçqın deyillərmiş.
Gürcüstan Respublikası Sürgün Edilmişlərin Yerləşdirilməsi Nazirliyindən verilən məlumata görə, həmin ərazidə yaşayan insanların qaçqınlıqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Aralarında həm gürcü, həm erməni olan ailələr 70-80-ci illərdə orada məskunlaşmış insanlardır.
Tiflis Dövlət Azərbaycan Dram Teatrı, yoxsa, şəxsi evlər?
Belə olan halda ailələrin məhz həmin ünvanda yaşamalarında heç bir qanun pozuntusu yoxdur. Belə ki, istər mülkiyyət, istərsə də yaşayış hüququ qanun çərçivəsindədir. Yəni, o ərazidə yaaşayış qeydiyyatı, mənzilin həqiqətdə kimə məxsus olması haqda hər şey hüquqi sənədlərdə öz əksini tapıb. Gürcüstan və Azərbaycan höküməti arasında imzalanmış sərəncama əsasən isə həmin ərazi Tiflis Dövlət Azərbaycan Dram Teatrına məxsusdur. Qısası, hər iki tərəfin ərazi iddiası qaldırması üçün yetəri qədər hüquqi əsası var. Elə hər iki tərəf arasında yaranmış fors-major vəziyyətə də heç kəs cavabdeh deyil.
Həmin ərazidə məskunlaşmış ailələrin başqa yerə köçürülməsi məsələsinə gəlincə, ailələr də buna ikiəlli razıdırlar. Ən azından ona görə ki, onların yaşayış şəraiti xarabalığı xatırladır. 8-9 ailənin istifadəsinə yalnız bircə tualet düşür. Bir sözlə, ailələrin yaşayış səviyyəsini ortabab adlandırmaq belə qeyri-mümkündür. Təkcə birinci mərtəbədə yaşayan bircə ailə başçısı, öz evini alababat təmir etdirib. Digər ailələrin yaşayışı xarabalıqdan fərqlənmir. Ancaq hər şeyə rəğmən bu faktın özü belə ailələrin kor-koranə hər təklif olunan yerə köçmələri üçün səbəb deyil. Çünki, Gürcüstan dövlətinin təklif etdiyi hər kv metrə 2000 dollar məbləğ onları qane etmir.
Gürcüstanın Dövlət Teatr və Kino İnstitutunda Azərbaycan bölməsi niyə bağlanıb?
Teatrın mövcud vəziyyəti yaradıcılığa da bilavasitə öz təsirini göstərir. Belə ki, kollektiv getdikcə dağılmağa başlayır. Kimisi ailə vəziyyətindən, kimisi sosial təminatsızlıqdan, kimisi də entuziazm hissinin, hər şeyin düzələcəyinə inamın itirilməsindən teatrı tərk etmək yolunu seçir. Bir neçə il öncə Gürcüstanın Dövlət Teatr və Kino İnstitutunda yaradılmış Azərbaycan bölməsi də artıq bağlanıb. Səbəb, Gürcüstanda yaşayan azərbaycanlılar arasında bu sahəyə həvəs və istəyin olmamasıdır. Bir sözlə, Tiflis Dövlət Azərbaycan Dram Teatrının zamanla yox olma ehtimalı çox yüksəkdir. Belə bərbad bir şəraitdə işləmək sözün həqiqi mənasında qəhrəmanlıq, sənət yanğısı tələb edir. Ancaq bu canfəşanlıq lazımınca dəyərləndirilmədikdə, heç kimə lazım olmadığı halda aqibətin gec-tez fiasko ilə nəticələnəcəyi də qaçılmazdır.
Teatrın şükürlü günləri də var?
Qışda soyuqdan, yayda istidən əziyyət çəkilir, aktyorların qrim otaqları yoxdur. Səhnəqrafiya üçün lazım olan dekorlar, rekvizitlər Gürcüstanın digər teatrlarının tullantılarından ibarətdir. Hətta vəziyyət o həddə çatıb ki, teatr kollektivi A.Qriboyedov adına Tiflis Rus Dram Teatrının köhnə, sınıq-salxaq oturacaqlarını yığıb gətirib ki, işdi-şayət birdən teatr təmir olunsa, tamaşaçıların oturmağa yeri olsun. Yeni binaya yeni oturacaqların alınması istəyi kollektivə xülya kimi gəldiyindən köhnəyə də “şükür” deyirlər.
Aktyorlar nə qədər maaş alır?
280-320 lari (180-240 dollar arası) olan aylıq məvacib isə Qardabani və digər rayonlarda yaşayan əksər sənətçilərin heç yol xərcini ödəmir. Üstəlik, tamaşaların nümayişi üçün digər teatr zallarının kirayə haqqını da teatr, öz «cibindən» ödəməlidir. Dövlətin bu teatra ayırdığı illik büdcə isə cəmi 130 min lari təşkil edir.
Tamaşanın məşqləri və nümayişi teatrın təchizatı yox səviyyəsində olan 200 nəfərlik zalında keçir. Nə səs, nə görüntü effektləri, nə istilik sistemi, nə soyunma otağı, nə tamaşanın idarə olunması üçün müvafiq texniki imkanlar var. Hər şey elə zalın içindəcə baş verir. Təkcə soyunma otağı üçün ümumi tamaşa zalı qara pərdə ilə ortadan iki yerə ayrılıb. (Fotolarda göstərilib). Rol gərəyi əlbisəni dəyişmək istəyən aktyor məcburdur ki, ya seyrçilərin gözü qarşısında pərdənin o biri tərəfinə keçib dəyişsin, ya da tamaşanı əvvəldən axıradək eyni əlbisədə oynasın.
Sözdə «Teatr» adlanan məkanı gəzərkən tualet qapısının üstündə böyük qıfıl diqqətimizi çəkdi. Məlum oldu ki, meriyanın həcm etibarilə böyük olan teatr binasının eksteryerinin təmiri zamanı daxildə cəmi üç otaq abıra salınıb. Direktorun, direktor müavinin otaqları və yalnız gürcülərin xidmətində olan və üstündən qıfıl asılmış tualet.
“Gərgin” iş rejimi ilə “zəngin” repertuar
Teatrda iş rejimi də kifayət qədər unikaldır. Həm yaradıcı, həm də 70%-i gürcü, 30-%-i azərbaycanlılar təşkil edən texniki personalın üzünü görmək istəyənlər gündüz saat 12:00-dan 15:00-a qədər teatra üz tuta bilər. Bu radələrdə axtardığın adamı tapa bildinsə, deməli, sevinməyə dəyər. Saat 3-dən sonra bir nəfər də olsun insan kölgəsinə rast gələ bilməzsən. 37 nəfər işçidən gündə cəmi 3-4 nəfər işə gəlir. Bir sözlə, teatrın intensiv iş rejimi yoxdur. Qısası, belə ağır vəziyyətdə nəinki yaradıcılıqla, heç teatrın qapıçısı vəzifəsində belə işləmək üçün kiçik bir stimul yoxdur. Və bu dözümün uzun illər çəkəcəyi artıq şübhə altındadır.
Teatrda həmçinin nə konkret repertuar siyasəti var, nə illik plan var. Hər hansı bir tamaşanın hazırlanması üçün rejissorun zövq və istəyi yetərli olur. Tamaşalar barədə KİV-də işıqlandırma yalnız informasiya formatından kənara çıxmır, o da ki, nadir hallarda. Heç orda yaşayan əksər ziyalılarımız da teatra ən azından mənəvi dəstək çıxmağa tələsmir.
Ötən əsrin əvvəllərində Tiflisə gəlmiş və xəstəhal vəziyyətdə «Otello» tamaşasını seyr edən Mirzə Ələkbər Sabir kimi ziyalılarımız da yoxdur. Gürcüstanda Azərbaycan teatrının varlığından bixəbər, yolunu tanımayan «vurdumduymaz» azərbaycanlılarımız bəs deyən qədərdir. Amma bu yox anlamına da gəlmir. Teatra bu gün dəstək verənlər də var, onlar sırasında «Varlıq» qəzetinin baş redaktoru Rafik Hümmətlini, keçmiş millət vəkili Ramiz Bəkirovu, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayevi, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarını, «Gürcüstan» qəzetinin nümayəndələrini qeyd etməmək insafsızlıq olardı.
Haqsız durumun haqlı səbəbləri
Gürcüstan dövlətinin teatrı təmir etmək üçün kifayət qədər büdcəsi yoxdur. Həmin ərazidə yaşayan insanların başqa yerə köçürülməsinə isə minimum 3 milyon ABŞ dolları lazımdır. Təpədən-dırnağa qədər borcun içində olan Gürcüstan dövləti də Azərbaycan teatrının rifahına bu qədər vəsait xərcləmək marağında deyil.
Azərbaycan dövləti əlindən gələni edir
Azərbaycan dövləti isə əksinə, son illərdə teatrın təmirinə milyonlarla sərf edilən vəsaitdən Tiflis Dövlət Azərbaycan Dram Teatrına da maliyyə ayırmağı düşünür. Avropa standartlarına cavab verəcək bir mədəniyyət ocağı halına gətirməyə, hətta lazım gələrsə, söküb yenidən tikməyə hazırdır. Lakin bunun üçün əsas və haqlı şərt - teatra məxsus ərazi biznes obyektlərindən təmizlənməli və orada yaşayan ailələr başqa yerə köçürülməlidir. Yalnız bundan sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrını «dirildilməsinə» başlanılacaq.
Ölü vəziyyətdə olan teatrı az da olsa cana gətirmək üçün iki ildir ki, dövlətlərarası yazışmalar, görüşlər keçirilir.
Sonuncu dəfə iyun ayında, Bakıda keçirilən Gürcüstan Mədəniyyət Günləri çərçivəsində dövlətlərarası alt komissiyanın iclası keçirildi – burada Tbilisi Azərbaycan Teatrının vəziyyəti növbəti dəfə gündəmə gətirildi. Gürcüstan Respublikasının bələdiyyə, icra strukturları və digər aidiyyatlı qurumlarına məsələnin həllinin tezləşdirilməsilə bağlı verilən müvafiq tapşırıqlar protokolda da öz əksini tapdı. Və artıq bir ilə yaxındır ki, Azərbaycan tərəfi oturub nəticə gözləyir. Ancaq nəinki nəticə, indiyədək məsələnin heç ölü nöqtədən tərpənişi belə yoxdur. Hamı bir-birinin üstünə atır. Nə hökümət səviyyəsində imzalanan sərəncamların, nə dövlətlərarası danışıqların bir xeyri var. Görünür, Gürcüstan tərəfi, köçürüləcək ailələrin də pulunun Azərbaycan tərəfindən ödəniləcəyini ehtimal edib…
Rəsmilər nə deyir?
Tiflis səfərimiz əsnasında Gürcüstanın Respublikasının Mədəniyyət, Abidələrin qorunması və İdman Nazirilyinin nazir müavini Marine Çoqoşlvili ilə də görüşüb məsələnin gedişatı, həlli barəsində son yenilkiləri öyrənmək istədik. Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında müvafiq məsələ ilə bağlı yazışmalar, danışıqlar məhz Marine Çoqoşlvili arasında aparılıb. Xanım nazir müavinilə görüşmək istəyimiz əvvəlcə müsbət qarşılandı, görüşün günü və saatı dəqiqləşdirildi. Lakin növbəti gün xanım Marine bu barədə səlahiyyət sahibi olmadığını deyərək görüşdən imtina etdi. Və əlavə etdi ki, məsələnin həlli nazirlərin müzakirəsindən asılıdır. Yəni, yalnız iki ölkənin mədəniyyət nazirləri - Əbülfəs Qarayev və Nikolos Ruruanın müzakirəsindən sonra hər hansı bir tərpəniş olacaq.
Lakin ümumi mənzərə və şahidi olduğumuz reallıq, problemin daha kəskin forma aldığını göstərir. “Vitse-xanım”ın boyun qaçırmağına irad tutmağımıza baxmayaraq, həqiqətən də bu durum nazir müavinlərinin səviyyəsində həll ediləsi məsələyə oxşamır…
Sevda Babayeva
Комментариев нет:
Отправить комментарий