пятница, 6 июля 2012 г.

Məşhur türk yazarı: “Azərbaycanda müəllif hüquqlarım qorunmur” – MÜSAHİBƏ

“Azərbaycan zəngin ölkə sayılır, amma görünür, mənim haqqımı ödəyəcək qədər deyil”

Türkiyə yazarı Tuncer Cücenoğlu Azərbaycan tamaşaçısına «Uçqun» («Çığ») tamaşası ilə tanışdır. 2007-ci ildə, Akademik Milli Dram Teatrının səhnəsində, rejissor Bəhram Osmanovun  quruluş verdiyi bu tamaşa, illərdir maraqla izlənən səhnə əsərlərindəndir.
Əsərin müəllifi oyun yazarı Tuncer Cücenoğlu ilə İstanbulda, köşə yazarı olaraq çalışdığı «Aydınlıq» qəzetinin redaksiyasında görüşdük. Müsahibimizlə söhbətimizə mətbu orqanındakı fəaliyyətilə tanışlıqdan başladıq.

- Türkiyədə  daha çox dramaturq olaraq tanınıram. Amma 2011-ci ilin 1 mart tarixindən etibarən «Aydınlıq» qəzetində çalışıram. Şənbə günləri mütəmali olaraq müxtləif mövzularda – mədəniyyət, sənət, siyasət, Türkiyənin və dünyanın siyasi-ictimai gündəmi, dəyişik durumları, yaxın çevrəsi və s. barədə öz düşüncələrimi, şərhlərimi köşə yazılarında verirəm. Bundan başqa önəmli insanlarla müsahibələr edirəm.

- Köşə yazılarınızın ictimai həyata təsir gücü nə dərəcədədir?

- Yazarların, bilirsiniz müxaliflik etmək kimi bir vəzifəsi var. Kimsə onlara bu vəzifəni verməsə belə, onlar bu yükün altına giriblər. Yəni, iqtidara, insani baxımdan daha yaxşı idarə etmələri üçün bir sıra məsləhətlər veririk. Bizim nəzərimizə görə mövcud yanlışlıqları vurğulamağa, bəzi şeylərdə xəbərdarlıq etməyə çalışırıq. Digər yazarlar kimi mən də bunu edirəm. Ümumiyyətlə, hər qəzetin bir siyasi mövqeyi olur və hər şeyə bu çərçivədən baxmağa çalışır. Bizim qəzetimizin mövqeyi Mustafa Kamal Atatürkün düşüncələrini yaşatmaq, daha da inkişaf etdirməkdir. Yəni, gücümüzün yetdiyi qədər müstəqilliyi, milliliyi, hər hansı bir ölkənin boyunduruğu altında olmamağı təbliğ edirik.

- Bir qədər teatr fəaliyyətinizdən söhbət edək. Teatrla əməkdaşlığınız nə vaxtdan başlandı?

- Teatrla əməkdaşlığım 1971-ci ildə, «Kor döyüşü» adlı bir pyesimlə başlandı. 2011-ci ildə dramaturqluğumun 40-cı ili tamam oldu. Bu münasibətlə Hacettepe və Qazi Universitetlərində, habelə Rusiyada, Bolqarıstanda yubiley mərasimləri düzənləndi.
Yeri gəlmişkən, «Kor döyüşü» əsərim Azərbaycanda da səhnələşdirilib. Bu yaxınlarda eşitdim ki, orda oynanan ilk əsərim «Uçqun» yox, məhz «Kor döyüşü» olubmuş. 1998-99-cu illərdə İrəvan Dövlət Dram Teatrında, rejissor Oqtay Salamov hazırlayıbmış.

- Bəs Azərbaycanla teatr əlaqələrinizin yaranma tarixçəsini necə xatırlayırsınız?

- 90-cı illərdə, İstanbul Bakırköy Bələdiyyəsinə mədəniyyət müdiri vəzifəsinə təyin olunmuşdum. Azərbaycanla da əlaqələrimiz elə o zamanlardan başlandı. Azərbaycan teatrlarını Türkiyəyə dəvət etdik, İstanbulda, Bakırköydə tamaşalar göstərdilər. Yuğ teatrı ilə yanaşı, Azərbaycanın digər teatrları da gəlmişdi. Həsən Turabovla, Vaqif İbrahimoğlu ilə məhz o illərdə tanış oldum. Yeri gəlmişkən, Vaqif bəyin vəfatından çox üzüldüm. Sevdiyim, dəyər verdiyim bir insan idi. Azərbaycan xalqı ilə çox yaxın təmasımız, qan bağımız, inanılmaz bir səmimiyyətimiz yarandı. Təbii ki, daha öncələr də Azərbaycana qarşı çox isti duyğular bəsləyirdim, çünki, sovetlər birliyinin tərkibində olan dövrlərdə belə, bizə ən yaxın xalqın məhz azərbaycanlılar olduğunu anlayırdım. Mənim nəzərimdə bu xalq çox dürüst, bacarıqlı xalqdır, xüsusilə dünyagörüşünüzə çox inanıram. Yəni, fərqli bir simpatiya duyuram sizlərə qarşı.

- Bəs əsərinizin Azərbaycan səhnəsində oynanılması təklifi necə gəldi?

- İlk təklifi Akademik Milli Dram Teatrının keçmiş direktoru Maqbet Bünyadov tərəfindən aldım. Sonra Bəhram Osmanov mənimlə əlaqə saxlayaraq «Çığ», yəni, bildyiniz «Uçqun» əsərimi hazırlamaq istədiyini bildirdi. Mən də etiraz etmədim. Azərbaycana ilk səfərim də həmin tamaşanın premyerası ilə bağlı oldu. Bir müddət sonra «Ziyarətçi» adlı əsərim gənc rejissor Könül Şahbazova tərəfindən hazırlandı. Daha sonra Gəncə Dövlət Teatrının səhnəsində «Kadıncıqlar» oyunuma «Gözəlçələr» adı ilə quruluş verildi. Bundan başqa, ən son yazdığım «Qadın sığınacağı»  adlı əsərimi Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Dediyinə görə, artıq məşqləri gedir. Hazırda İstanbul Teatrında oynanılan  bu əsərim Türkiyədə demək olar ki, bütün sənət mükafatlarını alıb. Bundan başqa Azərbaycanda «Uçqun» və «Boyaçı» adlı iki əsərimdən ibarət kitabım nəşr olunub.

- Azərbaycanda əsərləriniz əsasında hazırlanmış tamaşaların hamısına baxmısınız?

- Təəssüf ki, xeyr. Tək izlədiyim «Uçqun» tamaşası oldu. Teatr kollektivi bu tamaşa ilə Türkiyəyə də gəlmişdi.

- Əsərləriniz arasında ən məşhuru deyəsən elə «Uçqun»dur…

- Mən də belə düşünürəm. Bu oyunum hazırda Türkiyə şəhər teatrlarında oynanılır. Bundan başqa Rusiyanın Kurqan, Tolyatti, Çelyabinsk, Kazan, Krasnodar, Ulyanovsk olmaqla ümumilikdə 10 şəhər teatrında, həmçinin Rumıniya, Bolqarıstan və Belçikada, hətta Gürcüstanda 4, Qazaxıstanda 3 teatrda oynanılır.

- Tuncer bəy, sirr deyil ki, əsərlərin beynəlxalq miqyasda tanınması, teatr səhnələrinə yol açması bir çox hallarda şəxsi tanışlıqlardan, dostluq əlaqələrindən irəli gəlir. Sizin də əsərlərinizin ölkə hududlarını aşmasında bunların rolu olubmu?

- Fikirlərimizlə qismən olsa, razıyam. Amma hər zaman dediyiniz kimi olmur. Mənim əsərlərimə gəlincə, bu barədə düşünürəm daha çox görüb-götürmə mexanizmi  rol oynadı. Yəni, dünyada bir çox ölkə dillərinə hakimlik edən dillər var – ingiliscə, fransızca, ispanca, rusca. Mənim 17-yə yaxın əsərim ingilis, 11 əsərim də rus dilinə çevrilib. Azərbaycanla zatən eyni dili paylaşdığımız üçün tərcümə problemi yoxdur. Digər tərəfdən keçmiş sovet respublikalarından olan Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər dövlətlərin ortaq keçmişi, teatr əlaqələri, ortaq ünsiyyət dili – ruscası var. Belə olan halda əsərlərin tanınma üsulu təəccüblü deyil. Yəni, bir ölkədə tərcümə olunursa, ona yaxın çevrənin də istər-istəməz diqqətini cəlb edir. Ən son Tatarıstan Dövlət Teatrından əsərimin səhnələşdirilməsinə dair təklif gəldi. Əsərlərimin tanınması düşünürəm ancaq bu yolla mümkün oldu. Zatən əsərlərim mövzu etibarilə universal olduğu üçün hər bir ölkə özünə xas şəkildə uyğunlaşdırır.  Əks halda mənim arxamda nə bir siyasi partiya, nə də bir ölkə var. Türkiyə dövləti də yazarının əsərlərini dünya səhnələrində oynanmasında səfərbər olmayıb (gülür).

- Əsərlərinizin tərcüməsinə və quruluşuna görə bir müəllif olaraq çox güman ki, müəyyən qonorar da alırsınız…  

- Təbii. Həm tərcümə, həm də səhnə həlli üçün müəllif hüquqlarım qorunur. Bəzi ölkələrdə agentliklər vasitəsilə, bəzilərində də müstəqil şəkildə. Məsələn, Rusiyada bir agentliyə bağlı idim. Amma yaxın zamanlarda agentlikdən çıxmağı düşünürəm. Çünki, həm məni Rusiyada artıq kifayət qədər yaxşı tanıyırlar, həm də vasitəçisiz, yəni, birbaşa anlaşma zamanı hər iki tərəf üçün daha sərfəli təkliflər irəli sürmək mümkün olur. Şərtlərə gəlincə, hər ölkəyə münasibətdə fərqlidir. Əsasən gəlirin 10-dan 40 faizinə qədər məbləğini alıram. Bu rəqəm həm dövlət, həm də özəl teatrlara şamil olunur. Xüsusilə özəl teatrlarda öncədən konkret bir rəqəm almağa çalışıram. Çünki, özəl teatrlarda nümayiş sayını, bilet satışını izləmək çətindir. Bildirsələr belə, əksikliklər mütləq olur.

- Bəs Avropa teatrlarında gedən bu prosesləri necə izləyirsiniz?

- Avropa ölkələrində konkret sistem, mexanizm olduğu üçün hər şey qanunidir.  Baxmayaraq ki, biletlər MDB ölkələrilə müqayisədə inanılmaz dərəcədə bahadır. Məsələn, Amerikada, Londonda, Belçikada, Almaniyada və digər qərb ölkələrində teatr biletlərinin qiyməti 80 avroya satılır və hamısı da alınır. Boş yer tapmaq mümkün deyil.

- Bəs Azərbaycanda necə, müəllif hüquqlarınız hansı şərtlərlə qorunur? Ümumiyyətlə, qorunurmu?

- Təəssüf ki, Azərbaycanda müəllif hüquqlarım qorunmur. Nə quruluş, nə də tərcümə üçün indiyə qədər mənə haqq ödənilməyib. Görünür, Azərbaycanda bu ənənə yoxdur (gülərək).

- Bununla bağlı hər hansı bir rəsmi müraciətiniz olubmu?

- Bəli, il yarım öncə Bakıda keçirilən I Beynəlxalq Teatr  Konfransı zamanı Akademik Milli Dram Teatrın direktoru İsrafil İsrafilova bildirdim bu iradımı. «Hələ sistem oturuşmamış, zamanı gəlincə, hamısını həll edəcəyik» deyə cavab vermişdi. Mən də çox üstunə getmədim. Bildiyim qədərilə müəllif hüquqlarının qorunmasına dair sistem Azərbaycanda sovet dönəmindən etibarən varmış, sadəcə olaraq bu mexanizm işləmir.

- Adətən, dövlət sifarişi əsasında qoyulan tamaşanın maliyyəsində əsər müəllifinə ödəniləcək qonorar da nəzərə alınır.

- Şübhəsiz, bu, belə də olmalıdır. Amma Azərbaycanda teatr biletlərin çox ucuz qiymətə satıldığını nəzərə alsaq, tamaşanın nümayiş sayından asılı olmayaraq mənə bir rəqəm ödənə bilər. Tutaq ki, ilk il üçün 2 min dollar, sonrakı hər il üçün min dollar olaraq ödənilsin. Daha çox pula iddialı deyiləm. Etiraf edim ki, mən pul məsələlərindən danışmağa bir az sıxılıram, amma eyni zamanda anlayıram ki, bir müəllif olaraq hüquqlarımı tələb etmək haqqımdır. Bu məsələnin çözülməsi üçün Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevə də yazmışdım. Amma hələ də cavab gəlməyib. Görünür məktubum ya əlinə keçməyib, ya da… Ümid edirəm, mesajım heç olmazsa, bu müsahibəmiz vasitəsilə Ədalət bəyə çatar.

- Bundan sonra da Azərbaycandan qonorar ödənilməzsə, hər hansı bir hüquqi addım atmağı düşünürsünüz?

- Xeyr, verməsələr belə, Azərbaycana haqqımı halal edirəm. Çünki, az öncə də qeyd etdiyim kimi Azərbaycanın ürəyimdəki yeri çox fərqlidir. Sizləri həqiqətən də çox sevirəm. Belçika, Almaniya, Amerika, Rusiya kimi zəngin ölkələrdən haqqımı niyə almayım?! Düzdür, Azərbaycan da zəngin ölkə sayılır, amma görünür, mənim haqqımı ödəyəcək qədər deyil (gülərək).

Sevda Babayeva
Bakı-İstanbul-Bakı

Комментариев нет:

Отправить комментарий